Məhkəmə qərarları › İş №2(005)-485/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-485/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-485/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ("xxxx" ASC və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «orderin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair X4 “Azərşin" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/67 saylı orderin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu F.Xoyski prospektindəki 138A saylı bina yataqxanadır, yataqxana “Bakı Şin zavodu”nun balansında olmuşdur, həmin yataqxananın bir otaqlı 47-ci mənzilə dair mərhum X2na 12 may 1994-cü il tarixli 209 saylı 05015 seriyalı order verilmişdir. X2 09 iyun 2013-cü il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət" Mərkəzindəki notariat ofisində İddiaçı adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. 12 fevral 2014-cü il tarixdə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin mənzili mərhum anasının adına özəlləşdirmək və həmin mənzil üzərində mərhum anasının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün sənədləri toplayarkən yataqxananın əməkdaşları ona bildirdilər ki, mərhum ananın adına olan otaqa dair digər bir şəxsə də order verilmişdir. Sonradan İddiaçı sənədləri əldə etmək üçün müraciət etdikdə məlum oldu ki, "xxxx" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolundan çıxarışa əsasən X4 həmin otağa dair 186-19-55/67 saylı order verilmişdir. X7 17 avqust 2022-ci il tarixində həmin ünvana qeydiyyata alınmışdır. Mərhum anasına verilmiş order ləğv edilməmişdir. X5 tanımırlar, o heç vaxt həmin yataqxanada yaşamamışdır, həmin otaq həmişə onların istifadəsində olmuşdur, onun adına order verilməsindən və onun qeydiyyata alınmasından məlumatı yoxdur. Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı yataqxana binası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27 may 2023-cü il tarixli 263 saylı Sərəncamı ilə 07 avqust 2003-cü il tarixdə mövcud vəziyyətdə, əvəzsiz olaraq "xxxx" ASC-inin balansından Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Bina hal-hazırda Birliyin 115 saylı Mənzil-Kommunal istismar Sahəsinin xidməti ərazisinə daxildir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X16 məhkəməyə təqdim etdiyi yazılı müraictinə uyğun izahat verərək bildirdi ki, X10 1985-ci ildə Bakı Şin zavoduna (indiki "xxxx" ASC) işə qəbul olunmuşdur. 1994-cü ildə Bakı Şin zavodunun Həmkarlar Komitəsinin iclasının protokoluna əsasən (protokol № 99 xx.xx.1994) ona zavodun F.X.Xoyski prospektində yerləşən 138 a nömrəli binanın (yataqxana) 47-ci mənzilində yaşamaq üşün order verilmişdir. X10 9 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə 18 iyun 2013-cü ildə AZ- İN = 622352 xx.xx.2018-ci ildə X6 oğlu İddiaçı "xxxx" ASC-yə müraciət edərək F.X.Xoyski prospekti 138 a saylı binanın 47 mənzilinə verilmiş order cırılmış olduğuna ona dublikat verilməsini xahiş etmişdir. Onun xahişi təmin olunmuş ona dublikat order verilmişdir. X7 adlı Bakı Şin zavodunun, (indiki "xxxx" ASC-nin) işçisi olmamışdır. Bu barədə müvafiq arayış təqdim olunmuşdur. "xxxx" ASC-nin keçmiş rəhbərliyi tərəfindən X3 adına verilmiş orderdə göstərilmiş HİK-nin 24 saylı xx.xx.2003-cü il tarixli protokol mövcud deyildir. Eləcədə bu orderin verilməsi haqqında digər heç bir sənəd aşkar olunmamışdır. Zavodun yataqxanasında yer almaq hüquqi yalnız zavodda (cəmiyyətdə) işləyən işçilərə verilir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış 10 may 2023-cü il tarixli məktubda qeyd olunur ki, F.X.Xoyski prospekti 138A saylı yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 263 saylı Sərəncamına uyğun olaraq xx.xx.2003-cü il tarixdə mövcud vəziyyətdə, əvəzsiz olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansından Birliyin balansına qəbul edilmişdir. Bina hal-hazırda Birliyin 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxildir. Araşdırma zamanı aşkar edilmişdir ki, F.X.Xoyski prospekti 138A saylı yataqxana binasının 47 saylı otağına “Azərşin" ASC tərəfindən İddiaçı mərhum X2nın adına xx.xx.1994-cü il tarixli, 209 saylı, 05015 seriya nömrəli daxili Order verilmişdir. Eləcə də müəyyən edilmişdir, binanın 47 saylı otağına "xxxx" ASC tərəfindən vətəndaş X3 adına xx.xx.2003-cü il tarixli, 186-19-55/67 saylı daxili Order verilmişdir. "Asan 6" xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışa əsasən vətəndaş X7 F.X.Xoyski prospekti, ev 138A, mənzil 47 ünvanında xx.xx.2022-ci il tarixdən pasport qeydiyyatındadır. Binanın 47 saylı mənzilində 1994-cü ilin may ayından Qubadlı rayonundan məcburi köçkün X11 məskunlaşmışdır və hal-hazırda həmin ünvanda faktiki yaşayır. Qeyd edilənləri nəzərə alaraq, F.X.Xoyski prospekti, 138A saylı yataqxana binasının 47 saylı mənzilinə "xxxx" ASC tərəfindən vətəndaş X4 hansı əsaslarla Order verilməsinin araşdırılması, həmin Order sənədinin etibarsız sayılması və ləğv olunması barədə Qərar qəbul edilməsi üçün aidiyyəti Məhkəmə orqanında iddia qaldırılmasını tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, aparılan araşdırma nəticəsində ünvan 2 ünvanında pasport qeydiyyatında heç kimin olmadığı müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, "xxxx" ASC-nin HİK-nin xx.xx.2003-cü il tarixli, 24 saylı protokolu mövcud deyil. Buna görə də hər hansı orderin qüvvədə olması müzakirə mövzusu deyil. X7 adlı bir işçi keçmiş Şin zavodunda hal-hazırki, "xxxx" ASC-də işçi olmayıb və buna görə hər hansı bir orderin qanuni qüvvəsi yoxdur. Yataqxanalarda yaşamaq üçün yer ancaq zavod işçilərinə verilir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ 622352 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 09 iyun 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 12 may 1994-cü il tarixli, 99 nömrəli orderdən müəyyən olunur ki, Bakı Şin zavodunun F.X.Xoyski prospektində yerləşən 138 a nömrəli binanın (yataqxana) 47 saylı mənzili X6 istifadəsinə verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, X9 haqqında Bakı Şin zavodunın (hal- lıazırki "xxxx" ASC) arxiv sənədlərinin araşdırılınası nəticəsində Bakı Şin zavodunda işləmədiyi aşkarlandı. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X10 1985-ci ildə Bakı Şin zavoduna (indiki "xxxx" ASC) işə qəbul olunmuşdur. 1994-cü ildə Bakı Şin zavodunun Həmkarlar Komitəsinin iclasının protokoluna əsasən (protokol № 99 xx.xx.1994) ona zavodun F.X.Xoyski prospektində yerləşən 138 a nömrəli binanın (yataqxana) 47ci mənzilində yaşamaq üşün order verilmişdir. X10 9 iyun 2013-cü il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci ildə X6 oğlu İddiaçı "xxxx" ASC-yə müraciət edərək F.X.Xoyski prospekti 138 a saylı binanın 47 mənzilinə verilmiş order cırılmış olduğuna ona dublikat verilməsini xahiş etmişdir. Bu zaman həmin mənzilə dair X7 adlı şəxsə də order verildiyi barədə İddiaçı məlumat verilmişdir. X1 adlı Bakı Şin zavodunun, (indiki "xxxx" ASC-nin) işçisi olmamışdır. "xxxx" ASC-nin keçmiş rəhbərliyi tərəfindən X3 adına verilmiş orderdə göstərilmiş HİK-nin 24 saylı xx.xx.2003-cü il tarixli protokol mövcud deyildir. Zavodun yataqxanasında yer almaq hüquqi yalnız zavodda (cəmiyyətdə) işləyən işçilərə verilir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, orderin etibarsızlığına dair hazırki iddia orderi verən və barəsində order verilən şəxslərin hüquq və mənafeləri ilə birbaşa bağlıdır və iddia təmin edildiyi halda həmin şəxslər üçün hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Bu baxımdan da hazırda baxılan iş üzrə orderi verən "xxxx" ASC və barəsində order verilən X3 mülki iş üzrə cavabdehlər qismində cəlb edilməsi zəruridir. Mövcud prosessual qanunvericilik məhkəməyə şəxsi işə cavabdeh kimi cəlb etmək səlahiyyəti verməmişdir. Şəxsin işə cavabdeh kimi cəlb edilməsi yalnız iddiaçının bu barədə ərizə verməsi ilə mümkündür. Hazırda baxılan iş üzrə məhkəmə iddiaçıya iddia tələbinə müvafiq dəqiqləşdirmələrin aparılması təklif edilmiş, iddiaçı ilkin olaraq cavabdeh qismində göstərdiyi 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi hüquqi şəxs olmadığından, Bakı Şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz etmiş, lakin "xxxx" ASC-ni və X5 cavabdeh qismində iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunanlara əsasən məhkəmə hazırki iddia tələbinin təmin edilməsi mülki prosessual qanunvericliyə ziddir, iddia tələblərinin yönəldiyi şəxslər işə cavabdeh qismində cəlb olunmamışdır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Ümumi icraat qaydasında baxılan işlərdə icraatın əsas iştirakçıları iddiaçı(lar) və cavabdeh(lər) olaraq müəyyənləşdirilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən isə, iddia ərizəsində iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı orderin etibarsızlığını tələb etsə də, həmin orderi verən və barəsində order verilən şəxsləri deyil, hazırda mənzilin balansında olduğu Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentini cavabdeh olaraq göstərmiş, lakin bu tərəfdən cavabdeh olaraq nəyi tələb etdiyi, ona qarşı hansı iddia tələblərinin olduğu qeyri-müəyyən qalmışdır. Halbuki iddiaçı, ərizəsində həmin cavabdehə qarşı məhz hansı tələbi yönəltdiyini aydın göstərməli idi, çünkü mülki-prosessual qanunvericilik iddiaçının tələbinin konkret və aydın olmasını, cavabdehə qarşı yönəlmiş tələbin dəqiq ifadə olunmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə qeyd edir ki, hazırda "xxxx" ASC və X7 işə cavabdehlər kimi cəlb edilmədiyi halda mülki prosessual hüququn əsas prinsiplərindən olan çəkişmə prinsipinin təmin edilməsi mümkün olmayacaq. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı, "xxxx" ASC və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, «orderin etibarsız hesab olunması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı, ("xxxx" ASC və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «orderin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar