Məhkəmə qərarları › İş №2(005)-49/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-49/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-49/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən qanunvericiliyə uyğun olaraq 89.5 kv. metr çatışmayan sahəyə görə 143.200 manat, dövlət rüsumu 30 manat olmaqla, cəmi 143.230 manat məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq İddiaçı birdəfəlik qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, 589cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən "xxxx" MTK satıcı tərəfindən tikilmiş aşağıdakı mənzillərin sahibidir: “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161,81 m2 sahəsi olan 78 saylı mənzilin (əsas: 97 nömrəli 11 may 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161.81 m2 sahəsi olan 28 saylı mənzilin (əsas: 127 nömrəli 01 iyun 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqlı 271,44 m2 sahəsi olan 59 saylı mənzilin (əsas: 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”). xx.xx.2011-ci il tarixdə Vergilər Nazirliyi BŞVD KHŞDQİ tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-yə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbaycan” qəzetində rəsmi elan yerləşdirilmişdir. Mənzillər üzərində mülkiyyət hüquqları hazıradək qeydiyyata alınmamışdır. Bina inşa edilərkən 2016-cı ilin aprelinədək tam məbləğ ödənildi və tamamlama işləri davam edir. Mənzillərin təmiri üçün dizayner-memarla birgə onlara baxış keçirərkən, mənzillərin ümumi sahələrinin tərəflər arasında imzalanmış müqavilələrdə qeyd olunduğundan fərqli olduğunu müəyyən ediblər. X8 (Lisenziya № 085265) tərəfindən verilən hesabata əsasən 4 otaqlı mənzilin sahəsi müqavilədə göstərilən 271,44 kv.m. əvəzinə faktiki 227,36 (yəni 44.08 kv.m. əskik), 3 otaqlı mənzillərin hər birinin sahəsi 161,81 m2 əvəzinə 139,1 kv.m. (yəni 22.71 birində olmaqla iki mənzildə 45.42 kv.m. əskik) faktiki sahə vardır. Beləliklə, cəmi üç mənzil üzrə 89.5 kv.m. sahə tərəflər arasında imzalanmış müqavilələrdə göstəriləndən azdır. Müqavilələrə görə mənzillərin qiyməti 2012-ci ildə 3 otaqlı mənzillərin hər kvadrat metrinə görə 498 manat, 4 otaqlı mənzilə görə isə 538 manat ödəmişdir. Lakin hazırda bu binalarda yerləşən mənzillərin faktiki sahəsinin bir kvadrat metrinin ən aşağı bazar qiyməti 1600 manatdır. Minimum bazar qiymətini nəzərə alaraq, Cavabdeh1 MMC-nin ona vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahənin hər birinə görə 1600 manat olmaqla, cəmi 143,200 manat məbləğindədir. Məhkəməyə müraciət edilənədək, cavabdeh şirkətin baş mühasibi və şirkətin rəhbərinin nümayəndəsi (Nazim İbrahimov) ilə aparılan danışıqlar zamanı əskik gələn sahəyə görə pulun qaytarılması ona vəd edilsə də, hazıradək bu öhdəlik cavabdeh şirkət tərəfindən icra olunmamışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2, 567, 577.1, 443, 443.3-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tərəflər arasında imzalanmış 97 nömrəli 11 may 2012-ci il tarixli, 127 nömrəli 01 iyun 2012-ci il tarixli və 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən üç mənzil üzrə 89.5 kv. metr çatışmayan sahəyə görə 179.000 manat, dövlət rüsumu 30 manat olmaqla, cəmi 179.030 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı birdəfəlik qaydada ödənilməsi, Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə Zərdabi prospekti 74 ünvanda yerləşən, “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı 78 saylı mənzildə, Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə Zərdabi prospekti 74 ünvanda yerləşən, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzildə və Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə Zərdabi prospekti 74 ünvanda yerləşən, “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzildə arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə dəymiş ziyan olaraq üç mənzil üzrə ümumilikdə 70.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı birdəfəlik qaydada ödənilməsi, Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə Zərdabi prospekti 74 ünvanda yerləşən, “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı 78 saylı mənzilin, həmin ünvanda yerləşən “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzilin və 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə çəkilmiş xərc olaraq 300 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbində iddiaçıya üç mənzilə görə dəymiş zərərin məbləği 143.200 manat göstərilmişdir. Lakin hazırda bu binalarda yerləşən oxşar mənzillərin faktiki sahəsinin bir kvadrat metrinin qiyməti yüksəlmiş və minimum bazar qiyməti 1800 manatdır. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehlərin iddiaçıya vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahənin hər birinə görə 1800 manat olmaqla, cəmi 161.100 manat məbləğindədir. Bundan başqa, ilkin iddia tələbi ilə yanaşı qeyd edirlər ki, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, Zərdabi prospekti 74 ünvanda yerləşən, “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı 78 saylı mənzilə, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə Zərdabi prospekti 74 ünvanda yerləşən, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzilə və Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə Zərdabi prospekti 74 ünvanda yerləşən, “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilə dair bağlanmış müqavilələr üzrə öhdəliklərin icrası ilə bağlı cavabdeh MMC tərəfindən “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 97 nömrəli 11 may 2012-ci il tarixli, 127 nömrəli 01 iyun 2012-ci il tarixli və 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli müqavilə şərtlərinin tam yerinə yetirilməsi vəziyyəti yoxlanılarkən, arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə iddiaçıya ümumilikdə 70.000 manat ziyan cavabdehlər tərəfindən vurulmuşdur və hesab edirlər ki, dəymiş ziyan olaraq həmin məbləğdə pul cavabdehlərdən tutularaq iddiaçıya birdəfəlik qaydada ödənilməlidir. Həmçinin iddiaçıya məxsus hər üç mənzilin giriş qapısının açarları cavabdehlər tərəfindən bilərəkdən xeyli müddət təqdim edilməmişdir. Hətta, bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi əvvəlcə mümkün olmamışdır. Sonradan, iddiaçı məcbur olaraq, peşəkar usta xidmətindən istifadə edərək, hər üç mənzilin giriş qapısının açarlarını məcburən dəyişdirmişdir. Nəticədə, cavabdehlər tərəfindən idiaçıya əlavə ziyan vurulmuşdur. Bununla bağlı iddiaçı hər mənzilə 100 manat olmaqla ümumilikdə 300 manat xərc çəkmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, X2 ilə Cavabdeh1 MMC arasında imzalanmış 24 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinin podrat müqaviləsi olması mülki hüquqa ziddir, hüquqi qeyrimüəyyənlik yaratmaq cəhdidir. Belə ki, cavabdeh bilərəkdən məhkəmədə işin ədalətli və qanuna əsasən baxılmasına əngəl törətmək üçün hər cür yanlışlığa əl atır, bilərəkdən və qərəzli olaraq prosessual imkanlardan istifadə etməklə, ədalətli və qanuni qətnamənin qəbul olunmasına mane olur. Tərəflərin Mülki Məcəllədə podrat münasibətlərində nəzərdə tutulanlar üçün müəyyən edilən digər hüquqları və vəzifələri də faktiki mövcud deyil. Belə ki, Cavabdeh1 MMC Mülki Məcəllənin 770-ci maddəsinə əsasən yerinə yetirdiyi işi hazıradək mənzil sahiblərinə təhvil verməyib, ona və digərlərinə bu barədə bildiriş göndərməyib. Digər sakinlər kimi, o da öz növbəsində işi təhvil almağı barədə heç bir sənədi imzalamamışdır. Hazıradək iş tamamlanmamış hesab olunur. Belə ki, podrat müqaviləsinə görə tikilmiş binanın istismarına icazə verilmədiyinə görə, Mülki Məcəlləyə əsasən bina “tikintisi başa çatmayan” binadır, yarımçıq tikilidir. Müqavilələrə görə cavabdeh bu mənzilləri 30 ay müddətində, yəni 01 iyun 2012-ci il tarixindən 2015-ci ilin dekabr ayında təhvil verməli idi. Artıq 2023-cü ildir. Cavabdehin davranışı mənzillərin sahəsi üzrə qüsuru gizlətməsi anlamına gətirir. Belə ki, “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lərin hər üçündə 2.2-ci bəndində ödəniş mənzillərin hər kv. metr “yaşayış sahəsi”nə görə aparılmalıdır. Yaşayış sahəsi isə layihələndirmə və ya oxdanoxa sahə və s. deyil. Azərbaycan Respublikasında mənzillərə verilən çıxarışda yalnız yaşayış sahəsi, hansı ki, tamamlanmış mənzildə divardan divara ölçü hesablanmaqla müəyyən edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya (podratçı) istinad edə bilməz. Binaya aid tələb isə təhvil-təslimdən sonra 5 ildir, hansı ki, bu günədək bina yarımçıq tikili hesab edilir. Cavabdeh1 MMC-nin hər üç müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Yasamal rayon Məhkəməsinə verilən iddiası həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(004)-3634/2022 saylı qərardadı ilə baxılmamış saxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1621/2023 nömrəli iş üzrə qərardadı ilə Yasamal Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ən əsası isə budur ki, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə görə məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərildiyi kimi, Mülki Məcəlləyə qeyd edilən və 2018-ci ildən qüvvəyə minən hüquq normaları iddiaçı ilə cavabdeh arasında 2012-ci ildə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lərin hər üçünə münasibətdə tətbiq edilə bilməz. Belə ki, podrat müqaviləsinə uyğun olan müqavilə və ya faktiki davranış cavabdeh tərəfindən olmamışdır. Bunun əlavə təsdiqi də budur ki, podrata aid olan Mülki Məcəllənin 770- 1.3-cü maddəsində tikintinin hər mərhələsi üzrə ödəniş qrafiki müəyyən edilib və sonuncu olan 12-ci mərhələdə bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin yerdə qalmış 5 faizi, yəni sonuncu ödəniş aparılır. Göründüyü kimi, cavabdeh bunların heç birini təsdiq edən sübutu (sənəd) təqdim etməmişdir. Lakin cavabdeh mənzillərin pulunu qabaqcadan bütün alıcılardan tələb etdiyinə görə heç bir halda podrat münasibətlərinə istinad edə bilməz. Cavabdeh açıq-aşkar olan əskik gələn fiziki ölçüləri gizlədə bilmədiyinə görə, əsassız olaraq gah podrat məsələlərini, gah iddia predmetinə aid olmayan ödəniş qəbzlərinə məhkəmənin diqqətini yönəldir, bu da, aşkar surətdə məhkəmənin tezliklə işə baxıb yekun vurmasına maneçilik törətməkdir. Hətta, tikinti üçün bütün ödənişlərdən sonra, əlavə olaraq yaşayış sahəsinin hər bir kvadrat metri üçün ödənilən 17 manat 50 qəpik məbləğində sonuncu ödənişləri təsdiq edən qəbzlərin surətlərini də məhkəməyə təqdim edir. Bütün əvvəlki ödənişlər edilmədən, hər kvadrat metr üçün 17 manat 50 qəpik məbləğində əlavə ödənişə dair qəbz verilə bilməzdi. Bu qəbz özü-özlüyündə əvvəlki bütün qəbzlərin mövcudluğu deməkdir. Mənzillərə dair ödəniş qəbzlərini, mənzilin dəyərinin ödənilib-ödənilməməsini, bu ödənişlərin faktiki olub-olmamasını cavabdeh tərəf iddiaçıdan deyil, "xxxx" MTK-dan təhvil-təslim zamanı 8 il bundan əvvəl tələb etməli idi. Cavabdeh1 MMC-nin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və yazılı izahatların məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X7 iddianın əsassız olduğunu bildirərək onun rədd olunmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 97 nömrəli, xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, “podratçı” "xxxx" MTK Bakı şəhəri, Yasamal Rayonu, H.ünvan 2 ünvanında tikilən B binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 78 nömrəli 3 otaqlı mənzili inşa edib “sifarişçi” X1 təhvil verməyi, sifarişçi isə 77668,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi 161,81 m2 təşkil edir; - Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, X3 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında tikilən yaşayış “B” binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən üç otaqlı, 78 nömrəli mənzilə dair bütün hüquqlarını İddiaçı ötürmüşdür; - “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 127 nömrəli, xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, “podratçı” "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal Rayonu, H.ünvan 2 ünvanında tikilən yaşayış C binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən, 28 nömrəli, 3 otaqlı mənzili inşa edib “sifarişçi” Süleymanzadə Rasim Qəhrəman oğluna təhvil verməyi, sifarişçi isə 77668,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi 161,81 m2 təşkil edir; - Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, Süleyman-zadə Rasim Qəhrəman oğlu Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında tikilən yaşayış “C” binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşəcək 3 (üç) otaqlı 28 nömrəli mənzilə dair bütün hüquqlarını İddiaçı ötürmüşdür; - “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 164 nömrəli, xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, “podratçı” "xxxx" MTK Bakı şəhəri, Yasamal Rayonu, H.ünvan 2 ünvanında tikilən C binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 59 nömrəli, 4 otaqlı mənzili inşa edib “Sifarişçi” İddiaçı təhvil verməyi, sifarişçi isə mənzilin ümumi qiyməti 141148,80 manat ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 520 manat, hesablaşma sahəsi isə 271,44 m2 təşkil edir; - Məhkəmə tərəfindən yaranmış mübahisənin həlli baxımından iş üzrə xüsusi bilik tələb olunduğundan məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək 6 sual qoyulmuş və təqdid edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/616 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki: - İ sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”-na əsasən 139,0 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 97 nömrəli, xx.xx.2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.m) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; - İİ sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 28 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə mənzilə dair bağlanmış 127 nömrəli, xx.xx.2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.km) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; - İİİ sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, 59 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən 229,5 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 164 nömrəli, xx.xx.2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (271,44 kv.m) arasında Qaydalara uyğun lociyaya və balkona azaltma əmsalı tətbiq olunduqda (11.4 kv.m azalma) 41,94 kv.m fərq olduğu müəyyən edilir; - İV sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyini nəzərə alaraq, müqavilələrdə qeyd olunan sahələrin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilir; - V sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) qonaq otağı ilə mətbəx və holl arasındakı arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu müəyyən edilmişdir. Smeta üzrə aparılmış hesablamalar nəticəsində qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləği 4.553,5 manat müəyyən edilir; - Vİ sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 78 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m., “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 28 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m, “C” yaşayış binasının 13-ci mərtəbəsində yerləşən 59 saylı mənzilin divarlarının və ara kəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edilməklə sahəsinin 271,0 kv.m təşkil etdiyi müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yuxarıda qeyd olunan 3 mənzilə dair 2012-ci ilin may, iyun və oktyabr aylarında 97, 127 və 164 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən mənzilin pay dəyəri ödənilmiş və mənzillər idiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı hər üç mənzildə çatışmayan 89.5 kv. metr sahəyə görə 179.000 manat pulun, mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə 70.000 manat pulun, eləcə də hər üç mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə 300 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi, ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mövcud hüquq münasibətləri 97 nömrəli, 11 may 2012-ci il tarixli, 127 nömrəli, 01 iyun 2012-ci il tarixli, 164 nömrəli, 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər əsasında yaranmışdır və həmin müqavilələrin 1.1-ci bəndinə uyğun olaraq sirfarişçi bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı isə Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B. Zərdabi prospekti 74 ünvanında tikilən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161,81 m2 sahəsi olan 78 saylı mənzili, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161.81 m2 sahəsi olan 28 saylı mənzili və “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqlı 271,44 m2 sahəsi olan 59 saylı mənzili inşa edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilələrin 2.1 və 2.2-ci bəndlərində ödənişin mənzillərin ümumi yaşayış sahəsinə görə hesablandığı və hesablaşma sahələrinin üç mənzil üzrə müvafiq olaraq 161.81, 161.81 və 271,44 kv.metr olduğu müəyyən edilmişdir. Bağlanmış müqavilələrin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı müqavilələrin 4.1.1-ci bəndində sadalanan görüləcək tikinti-quraşdırma işlərini lahiyə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq 30 ay ərzində tamamlamağı, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, hazırki müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki redaksiyasının müqavilə bağlanan zaman mövcud olmaması isə tərəflər arasında podrat münasibətlərinin yaranmasını istisna etmir. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yarranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Qeyd olunduğu kimi, hazırki iş üzrə cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetini təşkil edir. İddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunması cavabdeh tərəfindən sübut edilməlidir. Bu halı sübut etmək yükünün isə artıq cavabdeh tərəfin üzərinə düşməsinə baxmayaraq hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində isə hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı, və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyi, müqavilələrdə qeyd olunan və təhvil verilən sahələrin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri çərçivəsində MMC müqavilədə göstərilən ölçüdə olan mənzilləri verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra etmiş və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı, Cavabdeh1 MMC-nin ona müqavilədə nəzərdə tutulan ölçüdən daha az ölçüdə mənzil verdiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iş materiallarında olan sənədlərlə və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə təhvil verilmiş mənzilin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı (iddia ərizəsində göstərilən həcmdə olmasa da) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün o vaxt əsas ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə qiymət verərək qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilələrdə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanmasına dair hər hansı bir müddəa yoxdur. Cavabdehin mübahisələndirilən müqavilələrin etibarsızlığı dəlili ilə bağlı qeyd edilməlidir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından, eləcə də cavabdehin izahatlarından göründüyü kimi, mənzillər cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı tərəfindən edilmiş ödənişlər qəbul edilmişdir. Müqavilə öhdəliyinin icra edilməsindən uzun müddət keçməsinə baxmayaraq, həmin müqavilələrin etibarsızlığının cavabdeh tərəfindən mübahisələndirilməsi hüquqlardan sui-istifadəyə yol açır. Məhkəmə iddia tələbinin sözügedən mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə hər üç mənzil üzrə 70.000 manat ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu və qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləğinin 4.553,5 manat olduğu müəyyən edilmişdir. Lakin məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab edir ki, iddia tələbi çatışmayan sahəyə görə pulun ödənilməsi və mənzillərdə işlərin düzgün görülməməsinə görə maddi zərərin ödənilməsi hissələrində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 377.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə iddiaçının mənzilin sahələrinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzillərin təmiri üçün memarla birgə onlara baxış keçirərkən məlumatlı olması, mənzilin onlara gec təhvil verilməsi barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəmə qeyd edir ki, 2012-ci ildə mənzillərə dair müqavilələr bağlanarkən podratçı mənzilləri 30 ay ərzində inşa edib təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda irəli sürülən iddianın mahiyyəti nəzərə alınarsa cavabdehin öz öhdəliyini lazımınca yerinə yetirməməsini, müqavilə şərtlərini pozmasını və mənzilləri əhəmiyyətli dərəcədə gecikdirməklə təhvil verməsini sübuta yetirmək vəzifəsi də həmin halları iddia edən iddiaçının üzərinə düşür. Lakin, iddiaçı iddia müddətini ötürmədiyini göstərsə də, mənzillərin ona nə vaxt təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. O da qeyd edilməlidir ki, iş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 27 aprel 2016-cı il tarixində isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılması üçün 967 manat ödəniş edilmişdir. Həmçinin məhkəmə tərəflər arasında gedən digər mənzillərlə bağlı uzun sürən məhkəmə çəkişmələrini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının ona məxsus mənzillərin uzun müddət təqdim edilməməsi ilə bağlı hüququnun pozulmasını mübahisələndirməməsi iddiaçının istinad etdiyi halları bir daha təkzib edir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir. Məhkəmə iddia tələbinin mənzillərin açarlarının dəyişdirilməsinə görə 300 manat məbləğində zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının məhkəmə tərəfindən ekspertiza təyin edilərkən açarların onda olmaması, bu səbəbdən mənzilə baxış keçirilməsinin mümkün olmaması, açarların cavabdeh tərəfindən gizlədilməsi barədə izahatları mənzillərin açarlarının məhz cavabdeh tərəfindən təqdim edilməməsi səbəbindən dəyişdirilməli olmasını təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplərin, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddia tələbinin üçüncü hissəsi, yəni hər üç mənzilin giriş qapısının açarlarının məcburən dəyişdirilməsi nəticəsində hər mənzilə 100 manat olmaqla, cəmi 300 manat xərc çəkilməsi ilə bağlı dəlillər sübut edilməmiş və həmin halın mövcudluğunu təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar