Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4974/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kommunal borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 86 saylı mənzilin kommunal borcuna görə 743 manat və qeyri-yaşayış sahəsinə görə 1564 manat, gecikdirilmiş borca görə 320 manat olmaqla, ümumilikdə 2627 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilin və 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin kommunal xidmətlərinə görə 7371 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh ünvan 3 ünvanı üzrə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində icraata, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan xitam verilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2672/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(005)-522/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 2021-2023-cü illər üzrə (avqust ayına qədər) kommunal ödəniş tələbinə dair iddiasının rədd edilməsi barədə 2(005)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kommunal xidmətləri göstərmək səlahiyyəti olmadığı iş materialları və qanunvericilik normaları ilə sübuta yetirildiyindən onun tərəflərindən qanunvericiliyin tələblərini pozmaqla bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilə də bağlandığı andan əhəmiyyətsiz əqd olmuşdur. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni bu əqdin əhəmiyyətsiz hesab edilməsi üçün ayrıca məhkəmə aktı qəbul edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə həmin qətnaməni dəyişdirmədən saxlayaraq, xx.xx.2024-cü il tarixli qətnaməsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia predmeti olan mənzil və qeyri-yaşayış sahələrinin idarəsini təşkil etmək, kommunal xidmətin və digər idarəçilik işlərinin həyata keçirilməsini təmin etmək səlahiyyəti olmamışdır. Qanunvericiliklə bu səlahiyyət mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən və qanunvericilikdə konkret qeyd olunmuş digər qaydada həyata keçirilir. Qanunvericiliklə konkret qayda müəyyən edildiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bu qaydadan kənara çıxan hərəkətləri qanunsuzdur. Beləliklə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbində qeyd edilən kommunal xidmət haqqının tutulması əsası kimi göstərilmiş hərəkətləri etmək hüququ olmadığından, ona qanunveriicliklə belə bir hüquq verilmədiyindən, bu xidmət haqqının da cavabdehdən tutulmasını tələb etmək kimi subyektiv hüququ yoxdur, bu səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" MMC yenidən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi ev 4 C, 86 saylı mənzilin kommunal borcuna görə 3485 manat və 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin kommunal borcuna görə 4000 manat olmaqla, ümumilikdə 7485 manat məbləğində pul vəsaitinin, illik 5% olmaqla 3368 manat pul məbləğinin, cəmi 10.853 manat pulun, eyni zamanda ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3021/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal borcun ödənilməsi və sair tələbinə dair mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddia ərizəsindən və iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən tərtib edilmiş Cavabdeh kommunal borcuna dair cədvəldən görünür ki, iddiaçı 2011-ci il tarixdən 2023-cü ilin avqustuna qədər olan kommunal borcların cavabdehdən tutulmasını xahiş edir. Eyni zamanda iş materiallarından göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 522/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində ilk iddia tələbi üzrə icraata xitam verilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 2021-2023-cü illər üzrə (avqust ayına qədər) kommunal ödəniş tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdeh, 2021-ci ilin mart ayında məhkəməyə müraciət edildiyindən əvvəlki üç il üzrə kommunal borc Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4156/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuşdur. 2023-cü ilin avqust ayınadək olan kommunal borcun tutulması ilə əlaqədar isə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddia tələbi təmin edilməmişdir. Beləliklə, iddia tələbinə daha öncədən məhkəmələr tərəfindən baxılmasına baxmayaraq iddiaçı yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı pozulduğunu ehtimal etdiyi hüquqlarının bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından artıq istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6054/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3021/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. Qərardadda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2672/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsinin hazırda qüvvədə olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan hazırda tələb olunan məbləğlə digər məhkəmələrdə tələb olunan məbləğlərin fərqli olmasına münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan ünvan 5 ünvanında yerləşən yaşayış kompleksinin binasında blok C qeyri-yaşayış sahəsi-113 m2 sahibi Cavabdeh "xxxx" MMC-yə olan kommunal borcuna dair cədvəldən görünür ki, iddiaçı həm hazırkı, həm də əvvəlki məhkəmələrdə bu cədvələ uyğun olaraq yaranmış borcu tələb edir. Mübahisəli məbləğ istər hazırkı, istərsə də əvvəlki məhkəmələrdə tələb olunmuş 2011-2023-cü ilin avqust ayına qədər olan kommunal borcları əhatə edir. Bu baxımdan, kollegiya hesab edir ki, tələbin əsası eyni olduğundan sadəcə predmetdəki pulun məbləğinin fərqli olması mübahisəyə məhkəmə müstəvisində təkrar baxılmasına əsas vermir. Hazırda iddiaçı tələb edilən kommunal xərclərin aid olduğu dövrü və məbləği dəyişdirməklə, yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından və iddia ərizəsindən aydın olur ki, iddiaçı 2021-ci il yanvar ayından 2024cü ilin noyabr ayının 14-dək olan dövlər üçün yaranmış borcun cavabdehdən tutulmasını tələb edir. Halbuki iddiaçının kommunal xidmət haqqının tutulması əsası kimi göstərilmiş hərəkətləri etmək hüququnun olmaması, ona qanunveriicliklə belə bir hüquq verilməməsi, bu xidmət haqqının da cavabdehdən tutulmasını tələb etmək kimi subyektiv hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə aktında öz əksini tapmışdır. Buna baxmayaraq iddiaçı hüquqlarından sui-istifadə edərək, formal olaraq sadəcə tələb edilən dövləri, pul məbləğini dəyişdirməklə və törəmə tələb olaraq gecikdirilmiş vaxt üçün pulun tutulmasını tələb etməklə eyni iddiaçıya qarşı yenidən mahiyyətcə eyni iddia tələbini irəli sürmüşdür. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mahiyyəti üzrə baxılmış iddia tələbi ilə bağlı məhkəməyə təkrarən müraciət edilməsi Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinin işdə iştirak edən şəxslərin, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olması barədə tələbi ilə bir araya sığmır. Belə ki, eyni tələblə məhkəməyə dəfələrlə müraciət edilməklə məhkəmənin fəaliyyətinə aşkar surətdə maneçilik törədilməsi hüquqlardan sui-istifadə olmaqla, mülki prosessual qanunvericiliklə cərimə nəzərdə tutulan əməl kimi qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinə uyğun olaraq, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Mövcud vəziyyətdə məhkəmə, təkrarən eyni iddia ərizəsinin verilməsinin hüquqlardan sui-istifadə olduğunun iddiaçının nəzərinə çatdırılmasını məqsədəmüvafiq hesab edir. Lakin iddiaçının nəzərinə həmçinin çatdırılmalıdır ki, tərəfindən eyni tələblə təkrarən məhkəməyə müraciət edilməsi halında məhkəmə tərəfindən cərimə tətbiq edilməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, eyni məsələ üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğu halda, tərəf yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, tərəf yalnız həmin qərardan (qətnamə və ya qərardad) şikayət vermək hüququna malikdir. Hazırki iş üzrə iddiaçı isə həmin hüquqlarından istifadə etmiş, məhkəmə aktlarından şikayət versə də, şikayəti təmin edilməmiş, kommunal borcun ödənilməsinə dair iddiası subyektiv hüququ olmadığından rədd edilmiş, eləcə də birinci instansiya məhkəməsinin mülki iş üzrə icraata xitam verilməsinə dair qərardadı qüvvədə saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hazırki iş üzrə iddiaçı eyni tərəf, eyni predmet və eyni əsaslarla mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq, yenidən məhkəməyə müraciət etmişdir. Müvafiq iddia ərizəsinin icraata qəbul edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. "xxxx" MMC-yə izah edilsin ki, bir daha eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda barəsində cərimə tətbiq edilməsi məsələsinə baxıla bilər. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4974/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4974/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver