Məhkəmə qərarları › İş №2(005)-498/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-498/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-498/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 9, mənzil 44 İddiaçı mülkiyyətindədir. Həmin mənzil xx xxxx 2016-cı il tarixli dəyişmə müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş və xx.xx.2016-cı il tarixdə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla hüququnu təsdiq edən İddiaçı adına RX ******* saylı çıxarış verilmişdir. Bildirir ki, İddiaçı əvvəllər mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu M.A.Əliyev küçəsi dalan 5-də yerləşən 2 saylı ev dövlət ehtiyacları üçün söküldüyündən, həmin mənzil ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə dəyişdirilmişdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının ögey qardaşı, digər cavabdeh - Cavabdeh2 isə önun arvadıdır. İddiaçının ögey qardaşının da evi dövlət ehtiyacları üçün sökülmüş və həmin cavabdeh bunun müqabilində yeni mənzil deyil kompensasiya tələb etdiyi üçün ona dövlət tərəfindən 68200 manat məbləğinə kompensasiya ödənilmişdir. Belə ki, Yasamal rayon İcra hakimiyəti ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 68250 manat məbləğində kompensasiya ödənilmişdir. Cavabdehlər həmin məbləği götürdükdən sonra iddiaçıdan pasport qeydiyyatlarının iş və yeni (fərdi yaşayış evi) ev tikintisində onlara zəruri lazım olmasını deyərək, xahiş etmişlər ki, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu K.Rəhimov küçəsi ev 9, mənzil 44 -də pasport qeydiyyatına alınmalarına icazə versin. İddiaçı cavabdehlərin xahişini nəzərə alıb müvəqqəti olaraq mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə pasport qeydiyyatına düşmək üçün icazə vermiş və iş üzrə cavabdehlərdən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə, onun arvadı Cavabdeh2 isə xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə pasport qeydiyyatına alınmışlar. Lakin cavabdehlər bir gün belə həmin məzildə yaşamamış və sözügedən mənzildə istifadə hüquqları qanunla yaranmamışdır. Hal-hazırda isə cavabdehlərin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 44 saylı mənzildə qeydiyyatda qalmaları, iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına, o cümlədən sərəncam vermə hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, cavabdchlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 heç vaxt iddiaçının evində yaşamamışlar və ya iddiaçı ilə evdən istifadə hüququnun yaranması barədə müqavilə bağlamamışlar. Onların istifadə hüququnun yaranması üçün əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsində, hazırkı Mənzil Məcəlləsinin 30-cu maddəsində, hazırkı Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar da mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ev 9, mənzil 44-də istifadə hüquqularının olmadığı müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 9 saylı evin, 44 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli dəyişmə müqaviləsindən görünür ki, İddiaçı ona məxsus olan Bakı şəhəri Yasamal rayonu M.A.Əliyev küçəsi dalan 5-də yerləşən 2 saylı evi ünvan 1 ünvanında yerləşən 44 saylı mənzillə dəyişdirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Aparatının məktubundan görünür ki, Yasamal rayonu M.A.Əliyev küçəsi dalan 5 ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyatları üçün alınması ilə bağlı Bağırov X1 ilə Yasamal rayon İcra Hakimiyyəti arasında notariat qaydada alq-satqı müqaviləsi bağlanmış və Cavabdeh1 68250 manat kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh1, Cavabdeh2 qeydiyyatda qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən Cavabdeh1, Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 44 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar