Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4983/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında 12 mart 2021-ci il tarixdə 1 saylı Bakı “Asan” xidmət mərkəzində 433 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə 2021-ci ilin əvvəllərində rəsmi nikaha daxil olmaqla ailə qurmaq qərarına gəlmişlər və bu məqsədlə 12 mart 2021-ci il tarixdə nikahları 1 saylı Bakı “Asan” xidmət mərkəzində qeydə alınmışdır və bu barədə onlara nikah haqqında şəhadətnamə verilmişdir. Bundan sonra onlar toy edib ailə qurmaq qərarına gəlmiş, lakin toya hazırlıq ərəfələrində o görmüş ki, cavabdeh X3 ilə xasiyyətləri uyğun gəlmir və birlikdə yaşamaqları mümkün deyil. Ona görə də “nikah haqqında” şəhadətnamə almaqlarına baxmayaraq o toy edib ailə qurmaqdan imtina etmiş ki, sonradan peşman olmasın. Onların “nikah haqqında” şəhadətnamə almaqları formal xarakter daşımışdır, onlar faktiki olaraq ailə qurmamış və bir gün də olsun birlikdə yaşamamışlar. Ona görə də hesab edir ki, formal olaraq ailə qurmaq niyyəti ilə aldıqları “nikah haqqında” şəhadətnamə əsasında ailə qurmadıqlarından nikahları etibarsız sayılmalıdır. İddiaçının nümayəndəsi və iddiaçı hər biri ayrı-ayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, rəsmi nikah daxil olsalar da, ailə qurmaq niyyətləri olmamışdır. İddiaçı ilə birgə təsərrüfat aparmamışlar. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan 1 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 431638 nömrəli 12 mart 2021-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə Abdullayeva Nərmin Nazim qızı 12 mart 2021ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 433 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Vahidzadə soyadı verilmişdir. İş materiallarında olan 25.09.2021-ci il tarixli mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilədən görünür ki, tərəflər mediasiya prosesində iştirak etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Göründüyü kimi, həmin maddəyə əsasən nikah hüququ yalnız Azərbaycan Respublikası vətəndaşlarına deyil, hər kəsə məxsus olan konstitusion hüquq kimi müəyyən olunmuşdur. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranması və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailə işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları müəyyən etmişdir. Məcəllənin 12.0.3-cü maddəsinə görə ər və arvaddan biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 11.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 12 mart 2021-ci il tarixdə 1 saylı Bakı “Asan” xidmət mərkəzində 433 nömrə ilə nikah bağlanmışdır. Onlar birgə təsərrüfat aparmamışlar. Göründüyü kimi tərəflərin əsl niyyəti ailə qurmaq olmamışdır. Qeyd edilən halı cavabdeh məhkəmə iclasında verdiyi izahatda da etiraf etmişdir. İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olsalar da toy mərasimləri olmamış, həmçinin onlar birgə yaşamamışlar, heç vaxt ər-arvad münasibətlərinə daxil olmamışlar. Cavabdehin ailə qurmaq niyyəti olmamış, iddiaçı ilə saxta nikah bağlamışdır. Məhkəmə qeyd edir ki, araşdırma zamanı İddiaçı ilə Cavabdeh arasında 12 mart 2021-ci il tarixdə 1 saylı Bakı “Asan” xidmət mərkəzində 433 nömrə ilə qeyd edilmiş nikah ailə qurmaq niyyəti ilə bağlanmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 12 mart 2021-ci il tarixdə 1 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsində 433 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4983/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4983/2021
28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver