Məhkəmə qərarları › İş №2(005)-501/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-501/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-501/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-dən 42 132 manat pulun tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi Ş-96/193A saylı sahə ərazisində yerləşən 0,18 ha torpaq sahəsində ümumi sahəsi 406 kv.m olan yaşayış evinin tikilib təmir edilməsi barədə 06.04.2021-ci il tarixli xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin qiyməti 272000 manat olmuşdur. Müqaviləyə əsasən 70.000 manat qabaqcadan, 30% işlər görüldükdən sonra 70000 manat, 50% işlər görüldükdən sonra 70000 manat, 75% işlər görüldükdən sonra 31000 manat və işlər yekunlaşıb təhvil verildikdən sonra isə 31000 ödənilməli idi. Müqavilə üzrə götürdüyü öhdəliyə əməl edərək 11.04.2021-ci il tarixdə 70000 manat və 07.06.2021-ci il tarixdə 70000 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün müqavilənin 3.3-cü bəndinə əsasən 08.08.2021-ci il tarixdə tərəfimdən müqaviləyə birtərəfli qaydada xitam verilmiş və bu barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi müraciət ünvanlanmışdır. Belə ki, müqvilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, icraçı işləri qüsursuz və üçüncü şəxslərin hüquqlarını pozmadan yerinə yetirməlidir. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərin icrası müddətinə və işin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir və istənilən vaxt bununla bağlı icraçıdan yazılı, yaxud şifahi izahat tələb edir. Müqavilənin 2.7-ci bəndinə əsasən İcraçı müqavilə üzrə xidmətlərin yüksək peşəkarlıqla, keyfiyyətlə və vicdanla icra olunmasına təminat verir. Müqavilənin qeyd edilən tələbləri icraçı tərəfindən kobud şəkildə pozulmuşdur. Cəmi 140000 manat ödəniş etməyinə baxmayaraq görülən işlər natamam olmuşdur. Müqaviləyə birtətəfli qaydada xitam verdikdən sonra 09.08.2021-ci il tarixdə "X5" MMC-yə müraciət edərək görülən işlərin dəyərinin müəyyən edilməsi barədə ekspertiza keçirilməsini xahiş etmişdir. Ekspert qarşısında aşağıdakı sualı qoyulmuşdur: Bakı şəhər, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ş-96/193A saylı ərazidə yerləşən X6 məxsus 0.18 ha torpaq sahəsində ümumi sahəsi 406 kv.m olan 2 mərtəbəli zirzəmili tikintisi başa çatmamış fərdi yaşayış evinin inşa edilməsinə ümumilikdə nə qədər vəsait sərf edilmişdir (usta pulu və sərf olunan material daxil olmaqla)? "X5" MMC tərəfindən verilmiş 17.08.2021-ci il tarixli mütəxəssis rəyində qoyduğu suala cavab olaraq bildirilmişdir ki, Bakı şəhər, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ş-96/193A saylı ərazidə yerləşən X6 məxsus 0.18 ha torpaq sahəsində ümumi sahəsi 406 kv.m olan 2 mərtəbəli zirzəmili tikintisi başa çatmamış fərdi yaşayış evinin inşa edilməsinə ümumilikdə (usta pulu və sərf olunan material daxil olmaqla) 97 867.14 manat vəsait sərf edilmişdir. Göründüyü kimi müqavilə üzrə 140000 manat ödəməyinə baxmayaraq İcraçı 97867.14 manatlıq iş görmüşdür. İcraçıdan digər işlərin görülməsini dəfələrlə tələb etməyinə baxmayaraq tələbi yerinə yetirilməmişdir. Ona görə də müqaviləyə tərəfindən birtərəfli qaydada xitam verilmiş və görülməyən işlərə görə ödədiyi pul ona geri qaytarılmalıdır. Bu səbəblərdən hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 ilə digər tərəfdən İddiaçı arasında bağlanmış 06.04.2021-ci il tarixli, 06/21 nömrəli xidmət müqaviləsindən görünür ki, Bu Müqaviləyə görə İcraçı Sifarişçinin sifarişi əsasında, həcmi və digər xüsusiyyətləri Müqavilənin Əlavələrində əks etdirilmiş işləri (bundan sonra ümumilikdə “işlər”, ayrılıqda isə “iş adlanacaq) Sifarişçiyə təqdim etməyi. Sifarişçi isə işləri (məhsulları) qəbul edib əvəzində Müqavilə ilə müəyyənləşdirilmiş məbləği İcraçıya ödəməyi öhdəsinə götürür. Bu Müqavilə tərəflər arasında əmək hüququ münasibətlərinin yaranmasına əsas deyil və İcraçı Sifarişçinin işçisi hesab edilmir. 06.04.2021-ci il tarixli müqaviləyə 01№-li əlavədən görünür ki, tərəflər Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ş-96/193A Saylı Sahə ərazisində yerləşən 0.18 ha torpaq sahəsində ümumi sahəsi 406 kv.m yerləşən yaşayış evinin tikilib təmir edilməsi üçün ümumilikdə 272,140,00 AZN olaraq razlığa gəlmişlər. İşlərin dəyəri bu qiymət razılaşma protokolunda qiymətlərə uyğun faktiki görüləcək işlərə görə 272,000,00 AZN 70000,00 AZN qabaqçadan, 30% işlər görüldükdən sonra 70000,00 AZN, 50% işlər görüldükdən sonra 70000,00AZN, 75% işlər görüldükdən sonra 31000,00 AZN, yekun olaraq təhvil verildikdən sonra 31000.00 AZN ödənməlidir. Qəbzlərdən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 140.000 (yüz qırx min) manat məbləğində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. "X5" MMC tərəfindən verilmiş 17.08.2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ş-96/193A saylı ərazidə yerləşən X6 məxsus 0.18 ha torpaq sahəsində ümumi sahəsi 406 kv.m olan 2 mərtəbəli zirzəmili tikintisi başa çatmamış fərdi yaşayış evinin inşa edilməsinə ümumilikdə (usta pulu və sərf olunan material daxil olmaqla) 97867.14 manat vəsait sərf edilmişdir. 08.08.2021-ci il tarixli müraciət məktubundan görünür ki, sifarişçi icraçıya 06.04.2021-ci il 06/21 saylı müqaviləsi əsasında təmir tikinti işlərinə başlayan “İnşaat MİR MMC”- nin drektoru X4 tərəfindən imzaladıqları müqavilə əsasında, təmir işlərinin ləngiməsi, ərazidə qabaqcadan razılaşdırılmış işlərin görülməməsi, natəmizlik səbəbindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq nəticə olmadığı üçün 08.08.2021 ci il tarixindən etibarən müqaviləyə bir tərəfli qaydada xitam verəcəyinə dair xəbərdarlıq edilişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 755-ci maddəsinə əsasən Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 765-ci maddəsinə əsasən Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 06.04.2021-ci il tarixdə xidmət müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi Ş-96/193A saylı sahə ərazisində yerləşən 0,18 ha torpaq sahəsində ümumi sahəsi 406 kv.m olan yaşayış evinin tikilib təmir edilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin öhdəliyi icra edilməsi üçün İddiaçı tərəfindən ümumilikdə 140.000 ödəniş edilmişdir. Cavabdeh tərəfin öhdəliyi lazımınca icra etməməsi səbəbindən tərəflər arasında narazılıq yaranmış və hazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, "X5" MMC tərəfindən verilmiş 17.08.2021-ci il tarixli mütəxəssis rəyi əsasında Bakı şəhər, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ş-96/193A saylı ərazidə yerləşən X6 məxsus 0.18 ha torpaq sahəsində ümumi sahəsi 406 kv.m olan 2 mərtəbəli zirzəmili tikintisi başa çatmamış fərdi yaşayış evinin inşa edilməsinə ümumilikdə (usta pulu və sərf olunan material daxil olmaqla) 97867.14 manat vəsait sərf edildiyi müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 140.000 manat məbləğində vəsaitdən müqavilə üzrə icra edilmiş öhdəliklərə sərf olunan 97867.14 manat vəsait çıxılmalı, qalan hissə iddiaçıya geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 42.132 (qırx iki min yüz otuz iki) manat pul tutulub İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 42.132 (qırx iki min yüz otuz iki) manat pul tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar