Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-503/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “Mənzərə MTK”-nın hüquqi varisi "xxxx" MMC-nin nümayəndə və vəkilləri X5 və Vəkil1, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh2, X3, X16, Cavabdeh4 Elmar oğlu, Cavabdeh8, Cavabdeh9, X11, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, X13, Cavabdeh14, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı (Bakı Şəhəri İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiya ödənilməklə mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (Bakı Şəhəri İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 438 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Balaəmi Dadaşov, Həsənoğlu küçələrinin kəsişməsindəki ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 22 saylı evin, 15 nömrəli mənzilindən Cavabdeh2 və onun ailə üzvləri X3, X16, X14, Cavabdeh8, X4 passport qeydiyyatından çıxarılmaları, mənzilin İddiaçı MTK-ya təhvil verilməsi, sökülən mənzilin əvəzində yeni tikiləcək binada ümumi sahəsi 88 kv.m. olan 2 otaqlı mənzilin Cavabdeh2 verilməsi; Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 8 saylı evin, 8 nömrəli mənzilindən Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, X13, Cavabdeh14, Cavabdeh11 passport qeydiyyatından çıxarılmaları, mənzilin İddiaçı MTK-ya təhvil verilməsi, sökülən mənzilin əvəzində yeni tikiləcək binada ümumi sahəsi 45 kv.m. olan 2 otaqlı mənzilin Cavabdeh3 verilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 59 saylı evin, 15 nömrəli mənzilindən Alıyeva llhamə Mirzə qızının, X6, Cavabdeh7 passport qeydiyyatından çıxarılmaları, mənzilin İddiaçı MTK-ya təhvil verilməsi, sökülən mənzilin əvəzində yeni tikiləcək binada ümumi sahəsi 45 kv.m. olan 2 otaqlı mənzilin Cavabdeh1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti xx.xx.2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəlı çoxmənzillı yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhəri İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 438 nömrəli sərəncamına əsasən İddiaçı MTK-nın xx.xx.2016-cı il tarixli, MM-001 saylı müraciətinə əsasən Nərimanov rayonu, Təbriz, Balami Dadaşov. Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858 məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi üçün 2.7 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilmişdir. Həmin sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilsin. Sərəncama əsasən İddiaçı MTK-ya Nərimanov rayonunun Təbriz, Balami Dadaşov. Həsənoğlu küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin sərəncama əsasən İddiaçı MTK Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. İddiaçı MTK tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdehlər istisna olmaqla sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonu ərazisində qeyd olunan küçələrdə yaşayan cavabdehlərlə və onların ailə üzvləri danışıqlar aparılmışdır. Sərəncamın icrası məqsədilə cavabdehlərə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, onların mülkiyyətində olan yaşayış sahəsinin, müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Lakin cavabdehlər qərəzli şəkildə İddiaçı MTK təkliflərindən imtina etmiş və təkliflər ilə razılaşmayaraq ondan dəyəri qat-qat çox olan sahələr tələb etməkdədir. Həmçinin tərəflərindən cavabdehlərə yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri ilə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə cavabdehə əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin, cavabdehlər onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla davam edir və İddiaçı MTK ciddi maliyyə itkisi ilə üzləşmişdir. Belə olan halda, yəni Dövlət Proqramının tərkib hissəsi olan Normativ Aktların icrasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər, istismar müddəti başa çatmış, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, yanğın və bu kimi digər hadisələr baş verə biləcək binada yerləşən mənzili istismar etməklə özlərinin, ailə üzvlərinin, o cümlədən, qonşuların, azyaşlı uşaqların və üçüncü şəxslərin hüquqlarını, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozurlar. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh2, X3, X16, Cavabdeh4 Elmar oğlu, Cavabdeh8, Cavabdeh9, X11, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, X13, Cavabdeh14, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 cavabdeh qismində cəlb edilərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 438 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Balaəmi Dadaşov, Həsənoğlu küçələrinin kəsişməsindəki ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 22 saylı evin, 15 nömrəli mənzilindən Cavabdeh2 və onun ailə üzvləri X3, X16, X14, Cavabdeh8, Cavabdeh9, X4 çıxarılmaları, mənzilin sökülmək üçün "xxxx" MMC-yə təhvil verilməsi, faktiki sahəsi 85.5 kv.m. olan sökülən mənzilin əvəzində yeni tikiləcək binada ümumi sahəsi 103 kv.m olan mənzilin Cavabdeh2 verilməsi; Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 8 saylı evin, 8 nömrəli mənzilindən Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, X13, Cavabdeh14, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 çıxarılmaları, mənzilin sökülmək üçün "xxxx" MMC-yə təhvil verilməsi, faktiki sahəsi 81 kv.m olan sökülən mənzilin əvəzində yeni tikiləcək binada ümumi sahəsi 97 kv.m. olan mənzilin Cavabdeh3 verilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 59 saylı evin, 15 nömrəli mənzilindən Cavabdeh1, Alıyeva llhamə Mirzə qızının, X6, Cavabdeh7 çıxarılmaları, mənzilin "xxxx" MMC-yə təhvil verilməsi, faktiki sahəsi 76.4 kv.m. olan sökülən mənzilin əvəzində yeni tikiləcək binada ümumi sahəsi 91 kv.m. olan mənzilin və 15 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi cavabdehlərin məhkəmə iclasında mülkiyyətlərində olan mənzilin əvəzinə pul şəklində kompensasiya verilməsini və mənzilin hər kvadrat metrinə görə 5000 manat məbləğində kompensasiya tələb etmələrini əsas gətirərək iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 438 №-li Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Balaəmi Dadaşov, Həsənoğlu küçələrinin kəsişməsindəki ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşən: 1) Cavabdeh2 206000 manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 22 saylı evin, 15 nömrəli mənzilindən onun və X1, X10, X7, Cavabdeh8, Cavabdeh9, X4 çıxarılmaları, həmin mənzilin sökülmək üçün "xxxx" MMC-yə təhvil verilməsi; 2) Cavabdeh3 194000 manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 8 saylı evin, 8 nömrəli mənzilindən onun və Cavabdeh10, Cavabdeh5, X8, Cavabdeh14, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 çıxarılmaları, mənzilin sökülmək üçün "xxxx" MMC-yə təhvil verilməsi, 3) Cavabdeh1 191400 manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 59 saylı evin, 15 nömrəli mənzilindən onun və Cavabdeh6, X6, Cavabdeh7 çıxarılmaları və mənzilin "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə hazırlıq iclası zamanı verilmiş suala cavab olaraq cavabdehlər pul kompensasiyası istədiklərindən "xxxx" MMC "xxxx" MMC-yə müraciət edərək cavabdehlərə məxsus mənzillərin və qeyri-yaşayış sahəsinin 1 kvadrat metrinin bu günə satış qiymətləri barədə rəyin verilməsini xahiş etmiş və "xxxx" MMC-nin əsaslandırılmış rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 59 saylı evin 15 nömrəli mənzilinin bazar dəyəri 61.300 ( altmış bir min üç yüz ) manat, qeyri yaşayış sahəsinin bazar dəyəri isə 12.000 ( on iki min) manat, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, 8 saylı mənzilin 23 dekabr 2022-ci il tarixinə bazar dəyəri 64.800 ( altmış dörd min səkkiz yüz) manat və Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən, 15 saylı mənzilin 23 dekabr 2022-ci il tarixinə bazar dəyərinin 64.800 ( altmış dörd min səkkiz yüz) manat təşkil etdiyi qeyd edilmişdir. Lakin, ekspert rəyində göstərilən qiymətlərə baxmayaraq, hətta hal-hazırda həmin ərazidə yeni inşa edilən mənzillərin satış qiymətinə baxmayaraq (həmin ərazidə yeni inşa edilmiş binalarda mənzillərin 1 kv.metrinin satış qiyməti 1500 manat təşkil edir), "xxxx" MMC cavabdehlərə hal-hazırda məxsus mənzillərin ümumi sahəsinə görə deyil, 20 % əlavə olunmaqla təklif olunmuş mənzillərin ümumi sahəsinin hər bir kvadrat metrinə görə 2000 manat məbləğində kompensasiya vermək qərarına gəlmişdir. Belə olan halda Cavabdeh2 məxsus faktiki sahəsi 85.5 kv.m. olan Bakı şəhəri, B.Dadaşov küçəsi, 22 saylı evin, 15 nömrəli mənzilinə görə yeni tikiləcək binada təklif olunmuş ümumi sahəsi 103 kv.m olan mənzilin əvəzinə 206000 manat kompensasiyanın verilməsi, Cavabdeh3 məxsus faktiki sahəsi 81 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 8 saylı evin, 8 nömrəli mənzilinə görə yeni tikiləcək binada təklif olunmuş ümumi sahəsi 97 kv.m olan mənzilin əvəzinə 194000 manat kompensasiyanın verilməsi və Cavabdeh1 məxsus mənzilin ümumi sahəsi (maqazin kimi işlətdiyi 15 kv.metr sahə ilə birlikdə) 76,4 kv. metr təşkil etdiyi halda, 15 kv.metrlik qeyri-yaşayış sahəsinə görə 45000 manat, faktiki sahəsi 61,4 kv.m. mənzilə görə yeni tikiləcək binada təklif olunan ümumi sahəsi 73.2 kv.m mənzilə görə 146400 manat, cəmi 191400 manat məbləğində kompensasiya verilməklə mübahisəli mənzillərdən çıxarılmalı və sökülməsi üçün "xxxx" MMC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək bildimişdir ki, iddia ərizəsində Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına istinad yersizdir. Həmin Qərarın hazırkı mübahisə və iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 438 saylı, xx.xx.2016-cı il tarixli Sərəncamla heç bir əlaqəsi yoxdur. Ona görə ki, NK-nın 438 saylı Qərarı Bakı şəhər İcra Hakimiyyətinə belə bir səlahiyyət verməyib. Əksinə, Qərarın adından göründüyü kimi, bu səlahiyyət Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanlarına tanınıb. Şübhəsiz, iddiaçı bunu yaxşı bilir, ancaq iddia ərizəsində 438 saylı Qərarın mətnini təhrif edərək bu səlahiyyətin Bakı şəhəri İcra hakimiyyətinə məxsus olduğunu qeyd etmişdir. Digər tərəfdən, diqqət edilərsə, Bakı şəhər icra hakimiyyətinin məlum sərəncamında NK-nın 438 saylı Qərarına ümumiyyətlə, istinad edilmir. Çünki sərəncamı qəbul edən Bakı şəhər icra hakimiyyəti yuxarıda qeyd etdiyi faktı yaxşı bilir. Fərz edək ki, NK-nın 438 saylı Qərarı Bakı şəhər icra hakimiyyətinə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi ilə bağlı sərəncam səlahiyyəti verib. Bu halda, NK-nın 438 saylı Qərarın məzmunu diqqətlə oxunmalıdır. Diqqət edilərsə, Qərarın 1.1-ci bəndində Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən binaların miqdarı konkret verilmişdir. Nərimanov rayonu üzrə: 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binası. Deməli, hər hansı binanın qəzalı olması barədə sənədləşmə NK-nın 438 saylı Qərarının qəbulunadək bəlli olmalıydı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, “Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər”. AR MM-nin 390.3-cü maddəsinə görə, “Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir”. Göründüyü kimi, mülki hüquq subyektləri arasındakı münasibətlərdə müqavilə azadlığı prinsipi qüvvədədir. Bu prinsipdən istisna, AR MM-nin 390.3-cü maddəsində nəzərdə tutulmuşdur. Bu istisnaların, hazırkı işdə mövcud olmadığı isə, tərəddüdsüzdür. Bu mənada, iddiaçının öz iddia ərizəsində AR MM-nin 385.1 və 425-ci maddəsinə istinadı tamamilə yersizdir. Cavabdeh3 ona ünvanlanmış təklifə cavab verməyə belə borclu deyildir, o ki qaldı, imtina etdiyini bildirməyə. Cavabdeh3 iddiaçının təklifini aksept etməyə borclu deyildir, burada hansı qərəzdən söhbət gedə bilər. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MTK-nın şikayəti üzrə 31 may 2020-ci il tarixli Qərarına istinad əsassızdır. Həmin Qərar “pilot layihə” çərçivəsində inşaat halları üçün xarakterik ola bilər. Hazırkı işlə heç bir əlaqəsi yoxdur. İddiaçının rəhbər tutduğu 438 saylı Sərəncamda sakinlərə yeni inşa ediləcək binada yaşayış sahəsi vermə imkanı belə tanınmamışdır. Sərəncamın 1.1-ci bəndində tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi...” iddiaçıya həvalə edilmişdir. Deməli, Sərəncamı öz iddiasının əsası kimi məhkəməyə təqdim edən iddiaçı onun 1.1-ci bəndində ona belə bir hüququn verilmədiyindən xəbərsizdir. İddiaçının təşkilati hüquqi forması MMC-dir, yəni kommersiya hüquqi şəxsdir. Təyinatı mənfəət əldə etmək olan təsərrüfat cəmiyyətinin bu cür məqsəd güddüyünü iddia etmək sadəlövhlük olardı. Belə çıxır ki, iddiaçının məntiqindən belə çıxır ki, onun öz kommersiya məqsədlərini reallaşdıra bilməsi üçün “hamı, o cümlədən Cavabdeh3 da ona köməklik etməyə borcludur? Halbuki belə bir mövqenin ifadə edilməsi qanunsuz olmaqla birlikdə həm də, imkansızdır. İddiaçının tələbinin məhkəmədə baxılması üçün heç bir əsas yoxdur. Onun hər hansı mənfəəti Cavabdeh3 tərəfindən pozulmayıb. Cavabdeh3 yaşadığı mənzilin ətrafını darmadağın edərək xarabalığa çevirməyi azmış kimi iddiaçı indi də onu tamamilə yersiz bir iddia qaldırmaqla əsassız məhkəmə çəkişmələrinə cəlb edir. Dolayısı ilə, öz qanunsuz davranışlarını məhkəmə vasitəsilə “leqallaşdırmağa” çalışır. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianın əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili X2 etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianın əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq olunmuş: Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 59 saylı evin 57 kv.m., 2 otaqlı 15 saylı mənzili xx.xx.2001-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 442 №-li sərəncamından görünür, B.Dadaşov küçəsi, 22 nömrəli evin 15-ci mənzili, ümumi sahəsi 72,01 kv.m, yaşayış sahəsi 29,0 kv.m., köməkçi sahəsi isə 43,01 kv.m. olmaqla 2 otaqlı hesab edilməsi, vətəndaş Cavabdeh2 adına mövcud vəziyyətdə texniki pasport tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi idarəsinə tövsiyə olunması qərara alınmışdır; Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 438 nömrəli sərəncamından görünür ki, Nərimanov rayonu, Təbriz, Balami Dadaşov, Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi üçün 2.7 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-aşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi tapşırılmışdır; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən, "xxxx" MMC İddiaçı MTK-nın çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaranmışdır və onun hüquqi varisidir; "xxxx" MMC-nin 23 dekabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən faktiki sahəsi 76,4 kv.m. olan 15 saylı mənzilin bazar dəyəri 61300 manat və həmin ünvanda yerləşən 15 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 12000 manat təşkil edir; "xxxx" MMC-nin 23 dekabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən faktiki sahəsi 71 kv.m. olan 15 saylı mənzilin bazar dəyəri 64800 manat təşkil edir; "xxxx" MMC-nin 23 dekabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 81 kv.m. olan 8 saylı mənzilin bazar dəyəri 64800 manat təşkil edir; 36 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli aktına əsasən İddiaçı MTK-nın daimi istifadəsinə verilmiş, Nərimanov rayonu, 36 saylı MKİS-in xidməti ərazisində yerləşən 2,7 ha torpaq sahəsinin üzərində 223 mənzil və qeyri-yaşayış sahələri olmuş, onlardan 214 mənzil və qeyri-yaşayış sahələri, həmin MTK tərəfindən köçürülərək sökülmüşdür. Hal-hazırda həmin ərazidə 9 mənzil mövcuddur; 36 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Cavabdeh1, Cavabdeh6, X12 və Cavabdeh7 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 59 saylı evin 15 nömrəli mənzilində pasport qeydiyyatındadır; 36 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Cavabdeh2, X3, X16, X14, Cavabdeh8, Cavabdeh9 və X11 Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 22 saylı evin 15 nömrəli mənzilində pasport qeydiyyatındadır; 36 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, X13, Cavabdeh14, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 8 saylı evin 8 nömrəli mənzilində pasport qeydiyyatındadır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 438 nömrəli sərəncamı ilə Nərimanov rayonu, Təbriz, Balami Dadaşov, Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi üçün 2.7 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-aşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi tapşırılmışdır. Hazırda iddiaçı cavabdehlərə məxsus mənzillərin MTK-ya ayrılmış torpaq sahəsində yerləşdiyinə və cavabdehlərin mənzil əvəzinə pul kompensasiyası tələb etmələrinə əsaslanaraq onların pul kompensasiyası müqabilində mənzildən çıxarılmaları və mənzillərin söküntü üçün təhvil verilməsi tələbini iəli sürmüşdür. Konstitusiyanın 13 və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərar qəbul etmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 438 №-li sərəncamı ilə Nərimanov rayonu, Təbriz, Balami Dadaşov, Həsənoğlu küçələrinin əhatəsində yerləşən 855-858-ci məhəllələrdə çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi üçün 2.7 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi tapşırılmışdır. Hazırda cavabdehlərə məxsus mənzillərin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və həmin mənzillər söküntüyə məruz qalan ərazilərə aiddir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Həmin Məcəllənin 17-ci maddəsinə görə, ərazinin planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və əlverişli yaşayış mühitinin təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Hazırki iş üzrə cavabdehlər onların mənzillərinin yerləşdiyi torpaq sahələrinin də nəzərə alınmasını və hər kv.m. görə 5 min manat ödənilməsini tələb edirlər. Bununla əlaqədar qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 23 iyun tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik-hüquqi marağının mövcudluğundan irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə 07 fevral 2022-ci il tarixli Qərarında söküntü işləri aparılarkən qanuni istifadədə olan torpaqlara görə kompensasiya ödənilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun həqiqiliyi və mötəbərliyi araşdırılmalı, mübahisəli həyətyanı sahə üzərində həyata keçirilən istifadə hüququnun qanuni olub-olmaması tədqiq edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən isə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yəni vətəndaş tərəfindən həyətyanı sahələrin qanuni istifadəsinin yalnız texniki pasport ilə təsdiq edilməsi bu ərazinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda adıçəkilən Qərarı ilə MTK-nın şikayəti əsasında şəxsin istifadəsində olan torpaq sahəsinə görə kompensasiyanın məbləğini müəyyənləşdirən kassasiya instansiyası məhkəməsinin qərarı həmin torpaq sahələrinin qanuni istifadəsində olduğunu təsdiq edən müvafiq sənədlər olmadığından kifayət qədər araşdırma aparılmaması əsası ilə qüvvədən salınmışdır. Hazırki iş üzrə cavabdehlər torpaq sahələrinə dair hər hansı bir hüquqlarının mövcud olması, onların qanuni istifadəsində olması barədə hər hansı bir sübut təqdim etmədən mənzilin yerləşdiyi və ətrafındakı torpaq sahələri nəzərə alınmaqla həmin ərazi üçün kifayət qədər yüksək məbləğdə kompensasiya tələb edirlər. Belə ki, iş üzrə təqdim edilmiş qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus mənzilin bazar dəyəri 61300 manat və həmin ünvanda olan 15 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 12000 manat təşkil edir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 59 nömrəli evin 15 saylı mənzili 2 otaqlı olmaqla 57 kv.m-dən ibarətdir. Hazırda iddiaçı Cavabdeh1 məxsus 15 kv.metrlik qeyri-yaşayış sahəsinə görə 45000 manat (kv.m.3000 manat olmaqla), faktiki sahəsi 61,4 kv.m. mənzilə görə yeni tikiləcək binada təklif olunan ümumi sahəsi 73.2 kv.m olan mənzilin əvəzinə 146400 manat (kv.m 2000 manat olmaqla), cəmi 191400 manat məbləğində kompensasiya verilməklə mübahisəli mənzildən çıxarılmalarını və mənzilin sökülməsi üçün təhvil verilməsini xahiş edir. "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, digər Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin bazar dəyəri 64800 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, B.Dadaşov küçəsi, 22 nömrəli evin, 15-ci mənzili, ümumi sahəsi 72,01 kv.m., yaşayış sahəsi 29,0 kv.m., köməkçi sahəsi isə 43,01 kv.m. olmaqla 2 otaqlı hesab edilmiş və bu sahəyə müvafiq qeydiyyat vəsiqəsinin verilməsi tövsiyyə olunmuşdur. Hazırda iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri, B.Dadaşov küçəsi, 22 saylı evin, 15 nömrəli mənzilinə görə yeni tikiləcək binada təklif olunmuş ümumi sahəsi 103 kv.m olan mənzilin əvəzinə 206000 manat kompensasiya təklif edir. "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 məxsus ümumi sahəsi 81 m2 olan ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin bazar dəyəri 64800 manat təşkil edir. İddiaçı Cavabdeh3 məxsus faktiki sahəsi 81 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, B.Dadoşov küçəsi, 8 saylı evin, 8 nömrəli mənzilinə görə yeni tikiləcək binada təklif olunmuş ümumi sahəsi 97 kv.m olan mənzilin əvəzinə 194000 manat kompensasiya təklif edir. Cavabdeh3 nümayəndəsi və vəkili etirazında qiymətləndirmə rəyinin sübut kimi qəbul olunmasının qanunazidd olduğunu bildirsə də, həmin qiymətlərin real olmadığını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. O da vurğulanmışdır ki, cavabdehlərə təklif edilən məbləğ qiymətləndirmə rəyində əks olunan qiymətlərdən ən azı iki dəfə çoxdur. Yuxarıda qeyd edildiyi kimi, sadalanan normativ hüquqi aktların tələblərinə uyğun olaraq sərəncam Nərimanov rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin sərəncam mənzillərin mülkiyyətçidən alınması deyil, məhz, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz, müasir standartlara cavab verən yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı və müasir tələblərə uyğun vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Hazırki halda cavabdehlərin iddiaya etiraz etmələri əslində öz əmlak hüquqlarından sui-istifadə etmələrinə və onların söküləcək mənzillərinin əvəzinə bazar qiymətlərinə uyğun olmayan yüksək məbləğdə kompensasiya tələb etmələrinə süni şərait yaratmaq məqsədi daşıyır. Halbuki Mülki Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin ərazidə yerləşən mənzil mülkiyyətçilərinin əksər hissəsi ilə razılıq əldə edilməsi, cavabdehlərə təklif edilən qiymətlərdən, müqavilə şərtlərindən daha ucuz şərtlərlə, qiymətlərlə müqavilələrin bağlanması da qeyd olunan halları təsdiq edir. Göründüyü kimi, azlıqda qalan mənzil mülkiyyətçilərindən olan cavabdehlərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Belə ki, iş materiallarına əlavə edilmiş 36 saylı Mənzil Kommunal İstismar Sahəsinin aktından görünür ki, İddiaçı MTK-nın daimi istifadəsinə verilmiş, Nərimanov rayonu, 36 saylı MKİS-in xidməti ərazisində yerləşən 2,7 ha torpaq sahəsinin üzərində 223 mənzil və qeyri-yaşayış sahələri olmuş, onlardan 214 mənzil və qeyri-yaşayış sahələri, həmin MTK tərəfindən köçürülərək sökülmüşdür. Hal-hazırda həmin ərazidə 9 mənzil mövcuddur. Göründüyü kimi, 223 mənzildən yalnız 9 mənzilin mülkiyyətçiləri ilə razılıq əldə edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3 və 18-ci maddələrinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64 və 65-ci bəndlərində göstərmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyubqoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Beləliklə, məhkəmə mənzillərin mövcud vəziyyətinin şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədlərinə, insanlar üçün əlverişli və sağlam yaşayışın təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin aparılması, mövcud şəhərsalma və planlaşdırma, ölkənin sosial-iqtisadi quruculuğunun surətləndirilməsi tələblərinə zidd olmasını, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması (istəklərinə uyğun olaraq yeni yaşayış sahəsi ilə təmin olunmaları əvəzinə pul kompensasiyasının verilməsi) üçün real təminatların nəzərdə tutulmasını, həmin ərazidə yaşayan mənzil mülkiyyətçilərinin əksəriyyəti ilə razılıq əldə olunmasını nəzərə alaraq hesab edir ki, mövcud amillər fiziki şəxslərin mülkiyyət və digər hüquqlarına müdaxiləni həm zəruri, həm də mütənasib edir. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyəti başçısının məlum sərəncamı həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən də icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Mövcud vəziyyətdə cavabdehlər tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə yaşayış sahələrinin yenidən qurulmasına dair tədbirlərin həyata keçirilməsinə maneçilik törədilməsi, mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsinə yol açır. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 206000 (iki yüz altı min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh2, X3, X16, X14, Cavabdeh8, Cavabdeh9 və X11 Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 22 saylı evin 15 nömrəli mənzilindən çıxarılmalı və mənzil sökülmək üçün "xxxx" MMC-yə təhvil verilməli, Cavabdeh3 194000 (yüz doxsan dörd min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, X13, Cavabdeh14, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 8 saylı evin 8 nömrəli mənzilindən çıxarılmalı və mənzil sökülmək üçün "xxxx" MMC-yə təhvil verilməli, Cavabdeh1 191400 (yüz doxsan bir min dörd yüz) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh1, Cavabdeh6, X12, Cavabdeh7 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 59 saylı evin 15 nömrəli mənzilindən çıxarılmalı və mənzil sökülmək üçün "xxxx" MMC-yə təhvil verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 206000 (iki yüz altı min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh2, X3, X16, X14, Cavabdeh8, Cavabdeh9 və X11 Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 22 saylı evin 15 nömrəli mənzilindən çıxarılsın və mənzil sökülmək üçün "xxxx" MMC-yə təhvil verilsin. Cavabdeh3 194000 (yüz doxsan dörd min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh3, Cavabdeh10, Cavabdeh5, X13, Cavabdeh14, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 8 saylı evin 8 nömrəli mənzilindən çıxarılsın və mənzil sökülmək üçün "xxxx" MMC-yə təhvil verilsin. Cavabdeh1 191400 (yüz doxsan bir min dörd yüz) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh1, Cavabdeh6, X12 və Cavabdeh7 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 59 saylı evin 15 nömrəli mənzilindən çıxarılsın və mənzil sökülmək üçün "xxxx" MMC-yə təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-503/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-503/2023
03.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver