Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5043/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2550 manat pul məbləğinin, 50.50 manat məhkəməyə ödənilmiş dövlət rusumunun və hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun, ümumilikdə 3095,5 manat məbləğində pulun X1 alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1500 ABŞ dolları məbləğində pulun, 50,50 manat məhkəməyə ödənilmiş dövlət rusumunun və hüquqi xidmətə görə ödənilən 500 manat pulun cavabdeh X1 tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə bağlanmış xidmət muqaviləsinin 3.1-ci bəndinin pozulması ilə bağlı ona xidmət göstərilməmişdir. Bu səbədən aralarında olan müqaviləyə xitam verilmişdir. Hazirki pretenziyaya əsasən 10 gün müddətində, yəni xx.xx.2025-ci il tarixə qədər ödədiyi 2550 manat pul vəsaitinin ona qeri qaytarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, cavabdehə onu bərbər kimi xarici ölkədə işə düzəltməsi üçün 1500 ABŞ dolları pul vermişdir. Lakin uzun müddət keçsə də cavabdeh onu işə düzəltməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - X4 ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 01129 saylı müqavilədən görünür ki, bu müqaviləyə görə “İcraçı” “Sifarişçinin sifarişi əsasında viza dəstəyi xidməti göstərir, Sifarişçi işləri qəbul edib əvəzində müqaviə ilə müəyyənləşdirilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürür. Xidmətin dəyəri 2550 manat məbləğində müəyyən edilmişdir; - İddiaçı xx.xx.2025-ci il tairxli pretenziya məktubundan görünür ki, o ödədiyi pulun ona geri ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə X2 xəbərdarlıq etmişdir; - Təqdim edilmiş videogörüntülərdən görünür ki, cavabdeh X4 xidmət haqqı olaraq, 1500 ABŞ dolları aldığını təsdiqləmişdir; - Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən X3 hüquq məsləhətlərin verilməsi və digər xidmətlərə görə 500 manat məbləğində pul ödənilmişdir; - Ödəniş qəbzindən görünür ki, İddiaçı iddia verilməsi üçün 50,50 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, icracı olan cavabdeh iddiaçıya viza dəstəyi göstərməyi, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə vəd edilən xidmətin həyata keçirilmədiyini, müqavilənin icra edilmədiyini əsas gətirərək ödədiyi pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə və 390-cı maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Görüləcək işin həcmi, məbləği, keyfiyyəti və işin başa çatdırılması kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Xidmətlər istehlakçıya göstərildikdə, yaranan hüquq münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1-ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasını tələb etmək hüququdur (Qanunun 3-cü maddəsi). Həmin Qanunun 5.3 və 13.1-ci maddələrinə görə, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Göründüyü kimi, icraçı istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərməlidir. Adıçəkilən Qanunun 9-cu maddəsində iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Hazırki müqavilənin məzmunundan da göründüyü kimi, cavabdeh iddiaçıya viza dəstəyi xidməti göstərməyi öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 3.2.1-ci maddəsinə uyğun olaraq “İcraçı viza dəstəyi prosesinin tamamlanmasına zəmanət verir”. Müqavilənin 3.2.2-ci bəndinə görə isə prosedurun vaxtında keçirilməsinə və proses üçün gərəkli şəraitin yaradılmasına zəmanət verir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq öhdəlik ağlabatan müddət ərzində icra edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 5.3 və 425.1-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442 və 448.2-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Hazırki iş üzrə isə məhkəmə tərəfindən keçirilən hər bir məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə və müqavilənin icra edilməmə səbəbi, müqavilənin icrası üçün hər hansı xərc çəkilib-çəkilməməsi, çəkilibsə məbləği haqqında məlumat verilməsi üçün məhkəmə tərəfindən sorğu göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında üzrlü səbəb təqdim etmədən iştirak etməmiş və müvafiq məlumatları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilərək, ödədiyi 2550 manat pulun qaytarılması tələb edilmiş, bununla da istehlakçı müqavilənin ləğvinə dair iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Müqavilənin ləğvi institutu ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Hazırki iş üzrə isə cavabdeh tərəfindən öz öhdəliyinin icrası istiiqamətində hər hansı addımlar atması müəyyən edilmir. Bu səbəbdən müqavilənin ləğvi qanunauyğun şəkildə baş vermişdir. Beləliklə, cavabdeh xidmət göstərilməsi ilə bağlı öhdəliyini lazımınca, ağlabatan müddət ərzində icra etməməklə, müqaviləni və yuxarıda qeyd olunan qanunvericilik normalarını əhəmiyyətli dərəcədə pozmuş, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, eləcə də istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərilməməsinə səbəb olmuşdur. Bu hallar isə iddiaçıya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinə və mülki qanunvericilik normalarına uyğun olaraq müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vermişdir. Həmçinin məhkəmə qeyd edir ki, tədqim edilmiş videogörüntüdə də cavabdeh xidmət haqqı olaraq, 1500 ABŞ dolları məbləğində pulun iddiaçıdan almasını da təsdiqləmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının 500 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulması tələbinə münasibətdə hesab edir ki, işin halları, mürəkkəblik dərəcəsi, ödənilməli olan pulun məbləği nəzərə alınmaqla hüquqi yardıma görə 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2025-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş 1500 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla), hüquqi yaardıma görə 100 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumu kimi ödənilmiş 50,50 manat məbləğində pulun 44 manatı cavabdeh X1 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2025-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş 1500 (min beş yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) məbləğində pul, hüquqi yardıma görə 100 (yüz) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumu kimi ödənilmiş 50,50 manat məbləğində pulun 44 (qırx dörd) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-5043/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5043/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver