Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5052/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nın xx.xx.1983-cü il tarixində Ermənistan SSR Vardenis rayonunun Aşağı Sorca kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Atasının vəfatı ilə bağlı vərəsəlik şəhadətnaməsinin alınması üçün Dövlət Notariat Kontoru tərəfindən X1nın ölüm haqqında şəhadətnaməsinin verilməsi istənmişdir. Lakin ölüm faktını təsdiq edən ölüm şəhadətnaməsi olmadığı üçün təqdim edə bilməmişlər. Bununla bağlı ölüm şəhadətnaməsinin alınması üçün 1 saylı Bakı "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsə də imtina cavabı almışdır. X1 xx.xx.1938-ci ildə Ermənistan SSR Vardenis rayonunun Aşağı Şorca kəndində doğulmuşdur. Həmin kənddə yaşamış və 1983-cü ilin 13 noyabr tarixində Ermənistan SSR Vardenis rayonunun Aşağı Sorca kəndində vəfat etmişdir. 1986-1988-ci illər ərzində Ermənistan SSR-dəki Azərbaycanlıların deportasiyasına məruz qalan şəxslərdən biri də onun ailə üzvləri olmuşdur. Həmin köç ərəfəsində ailə üzvlərinə məxsus bir sıra sənədlər naməlum şəraitdə itmişdir, hansı ki, onlar arasında nənəsinin ölüm faktını təsdiq edən sənəd də vardır. 1989cu ildən bəri ölüm şəhadətnaməsinə ehtiyac olmadığı üçün aidiyyəti qurumlara müraciət olunmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ərizəçinin atası rəhmətə getdikdən sonra ondan miras qalan əmlaka dair vərəsəlik işi ilə bağlı müraciət edilən zaman onlardan mərhumun ölüm haqqında şəhadətnaməsi istənilmişdir. Mərhumun dəfnüstü abidəsi hazırda Ermənistandadır. Onun ümumiyyətlə ölüm haqqında şəhadətnaməsinin olub-olmaması barədə məlumatları yoxdur. Ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs 1 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən nənəsinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi nənəsinin ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 1 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənəd təqdim edilmədiyindən ölümün qeydə alınması mümkün deyildir; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir; - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 nikahları xx.xx.1967-ci il tarixdə bağlanmış, 18 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. X2, atası X10r; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü il tarixdə doğulmuşdur. X9, anası X5r; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, o, mərhumun qızıdır. Xərçəng xəstəliyindən vəfat etmişdir. O vəfat edən zaman onun 6 yaşı olmuşdur; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, mərhum onun xalası olmuşdur. Uzun sürən xəstəlik səbəbindən evdə 13 noyabr 1983-cü il tarixdə vəfat etmişdir. Ermənistanda dəfn olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X12 ərizəçinin nənəsi olmuşdur. X12 xx.xx.1983-cü il tarixində vəfat etmişdir. Ərizəçi onun atasından vərəsəlik qaydasında miras qalmış əmlakın əldə edilməsi ilə bağlı notariat orqana müraciət etmiş, lakin nənəsinin ölüm haqqında şəhadətnaməsinin olmaması müvafiq sənədləşmə işlərinin həyata keçirilməsinə maneəçilik törətmişdir. 1 saylı Bakı “Asan xidmət mərkəzi”ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən X12 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 xx.xx.1983-cü il tarixində Ermənistan Respublikası Vardenis rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 xx.xx.1983-cü il tarixində Ermənistan Respublikası Vardenis rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-5052/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5052/2025
07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver