Məhkəmə qərarları › İş №2(005)-506/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-506/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-506/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "mənzildən qeydiyyatdan çıxarılma tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "mənzildən qeydiyyatdan çıxarılma tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cü ildə dəyəri qardaşı X6 tərəİindən ödənilməklə «Effektİnşaat” Mənzil Tikinti Kooperativi tərəfindən yeni inşa olunan ünvan 1 ünvanında 16 mərtəbəli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 51,6 m2 olan 1 otaqlı mənzil alınmış və həmin mənzil Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* nömrəli, 10.10.2013-cü il tarixli çıxarışına əsasən qeydiyyata alınaraq müvafiq qaydada özəlləşdirilmişdir. Sonradan həmin mənzil qardaşı X6 tərəfindən notarial qaydada ona bağışlanmış Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 08.10.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla ona mülkiyyətinə keçmişdir. Hal-hazırda həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Buna baxmayaraq Sumqayıt ASAN Xidmət tərəfindən təqdim edilmiş ******* №-li 23.09.2021- ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən həmin ünvanda 3 nəfərin (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,) qeydiyyatda olduğu, 5 saylı Bakı ASAN Xidmət tərəfindən təqdim edilmiş 4524882№-li 20.10.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən həmin ünvanda heç bir şəxsin qeydiyyatda olmadığı, Sumqayıt ASAN Xidmət Mərkəzi Notarius Ofisi tərəfindən 13.11.2021-ci il tarixli arayışa əsasən həmin ünvanda 1 nəfərin (Cavabdeh1) qeydiyyatda olduğu və ünvan 4otarial ofisi tərəfindən Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan 20.11.2021-ci il tarixli çıxarışa əsasən 5 nəfərin(.Cavabdeh1, Cavabdeh2. Cavabdeh3, Cavabdeh4, Cavabdeh5) qeydiyyatda olduğu göstərilir. Cavabdehlərin günahı üzündən mənzilin mülkiyyətçisi olsa da, onun üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarımı tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyata alınmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdehlər texniki səhv səbəbindən həmin mənzildə qeydiyyata alınmışlar və faktiki olaraq mənzildən istifadə etmək hüquqları yoxdur. Cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişlər ki, Bakı şəhəri, ünvan 5 İddiaçı məxsusdur. Lakin həmin binanın 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 43 saylı mənzil isə onlara məxsusdur. Belə olan halda iddiaçı yaranmış anlaşılmamazlıq ilə bağlı müvafiq orqana müraciət etməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olmasına görə təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, 28.08.2012-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 140,7 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 43 Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, 10.10.2013-cü il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 50,1 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 43, giriş 1 X4 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 23.09.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, giriş 1,mənzil 43-ü qardaşı İddiaçı bağışlamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 08.10.2021-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 51,60 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 43, giriş 1 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan "xxxx" MTK-nın 28.10.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 5 İddiaçı məxsusdur. Həmin mənzil 11-ci mərtəbədə yerləşməklə 1 otaqlı 56,47 kv.m-dır. 43 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1 və onun iki nəfər ailə üzvü 2-ci giriş, 13-cü mərtəbədə yerləşən, 4 otaqlı, 162,8 kv.m olan 43 saylı mənzilə aiddir. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 23.09.2021-ci il tarixli arayışına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, ünvan 5 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 20.10.2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, ünvan 5 ünvanında pasport qeydiyyatında heç bir şəxs yoxdur. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ünvan 6 ünvanında pasport qeydiyyatındadırlar. İşin materiallarında olan "xxxx" MTK-nın məhkəməyə ünvanladığı 06.12.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 6 2012-ci ildən Cavabdeh1 məxsusdur. Həmin mənzil 13-cü mərtəbədə yerləşməklə, 4 otaqlı, 140,7 kv.m təşkil edir. 43 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1 və onun dörd nəfər ailə üzvü 2-ci giriş, 13-cü mərtəbədə yerləşən, 4 otaqlı, 140,7 kv.m olan 43 saylı mənzilə aiddir. Ona görə də Cavabdeh1 şəxsi mülkiyyətində olan 4 otaqlı 43 saylı mənzilin qanuni sahibi hesab edilməsi xahiş edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 43, giriş 1- 51,60 kv.m olmaqla İddiaçı məxsusdur. Lakin Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 43 - 140,7 kv.m olmaqla Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Göründüyü kimi cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzilin 1-ci girişində deyil, Cavabdeh1 məxsus 2-ci girişdə qeydiyyatda olmaqla yaşayırlar. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehlər ilə iddiaçı arasında sonuncunun mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlərin mübahisəli mənzilə ümumiyyətlə istifadə hüquqları yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "mənzildən qeydiyyatdan çıxarılma tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "mənzildən qeydiyyatdan çıxarılma tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar