Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5084/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı oğlu ilə "Kristal Texniki Xidmət” MMC arasında imzalanmış 25.07.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin hazırlanıb İddiaçı oğluna verilməsi və elektron informasiya sisteminə 25.07.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin daxil edilməsi öhdəliyinin cavabdeh "Kristal Texniki Xidmət” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25.07.2017-ci il tarixindən əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işləyir. Lakin qısa müddət öncə həmin müəssisənin rəhbəri Angi Kurtuluş vəfat etdikdən sonra həmin müəssisə ilə əmək münasibətlərinə faktiki olaraq xitam verməklə işdən ayrılmışdır. X6 vəfat etdiyi üçün həmin müəssisədə onunla bağlanmış əmək müqaviləsinə xitam vermək səlahiyyəti olan heç kim yoxdur. Buna görə də, o, hal-hazırda rəsmi olaraq həmin müəssisənin işçisidir. Onun rəsmi olaraq əmək müqaviləsi olduğu üçün o, başqa müəssisə ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmaq imkanından məhrum olmuşdur. Bu isə onun əmək və digər hüquqlarının pozulmasına səbəb olur. O, bununla bağlı Cavabdeh MMC ilə əlaqə saxlasa da, onlar əmək müqaviləsinə xitam verməmişlər. İddiaçı bu halların araşdırılması, pozulmuş əmək hüquqlarının bərpası məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Onlar isə bu məsələnin yalnız məhkəmə qaydasında həll olunduğunu bildirdilər. Ona görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi, o, faktiki olaraq Cavabdeh MMC-də əmək fəaliyyəti ilə məşğul olmasa da, onunla əmək müqaviləsinə xitam verilməməsi onun konstitusion hüquqlarının pozulmasına və öz dolanışığının təmin etmək üçün əmək müqaviləsi əsasında işləmək hüququndan məhrum olmağına səbəb olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 18.10.2021-ci il tarixdə ərizə təqdim edərək, əmək müqaviləsinə xitam verilmə müddətinin 10.09.2021-ci il tarixdən hesab olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Əmək müqaviləsinin bağlanması ilə bağlı 25 iyul 2017-ci il tarixli əmək müqaviləsi bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh MMC adından Angı Kurtuluş işəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 25 iyul 2017-ci il tarixli “xxxxxxx000200” nömrəli “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək haqqı 200 manat qeyd olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AZS-106 №-li Ölüm şəhadətnaməsindən görünür ki, X7 Hüseyin 17.07.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, 10 sentyabr 2021-ci il tarixdə İddiaçı tərəfindən mediatora müraciət etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05.10.2021-ci il tarixli, A-002/2021-ci il tarixli arayışdan görünür ki, X8 Şurası tərəfindən mediator qismində təyin edilmiş, mediasiya reyestrində M-00249 nömrəsi ilə qeydiyyatdan keçmiş X2 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (Mobil tel: ***-***-**-**) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verilir. Bu Arayış hüquqi şəxs olan Cavabdeh MMC ilə İddiaçı tərəfindən təsvir edildiyi kimi, əmək mübahisə üzrə nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf olan hüquqi şəxsin rəhbərinin vəfat etməsi səbəbindən iştirak etmədiyini və ilkin mediasiya sessiyasının baş tutmadığını təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün ofisimizə yaxınlaşdı və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) AZN məbləğində mediasiyaya dair xərci ödəmişdir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı 25.07.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də əsas iş yeri üzrə, müddətsiz, əmək müqaviləsi üzrə texnik vəzifəsində işləyir. Aylıq əmək haqqı 200 manatdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7.2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir; 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinin l-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir; 49-cu maddəsinin 2-2-ci hissəsinə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 (bir) iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir; 49.4-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 25.07.2017-ci il tarixdən Cavabdeh MMC-də texnik vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmış və əmək haqqı 200 (iki yüz) manat məbləğində göstərilmişdir. İş materiallarından məlum olmuşdur ki, Cavabdeh MMC-nin rəhbəri Angı Kurtuluş 17.07.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu səbəbdən İddiaçı işdən çıxmaq istəmiş, lakin hazırda həmin müəssisədə əmək müqaviləsinə xitam vermək səlahiyəti olan şəxs olmadığından elektron informasiya sistemində Cavabdeh MMC-nin işçisi kimi qeydiyyatdadır. Bu səbəbdən 10.09.2021-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət etmiş, lakin nəticə olmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi isə göstərilənlərə dair hər hansı sübutlarını nəinki məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə baxışı iclaslarının heç birində iştirak etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, 10 sentyabr 2021-ci il tarixdən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 iyul 2017-ci il tarixli əmək müqaviləsinin (bildirişi) ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı oğlu ilə "Kristal Texniki Xidmət” MMC arasında imzalanmış 25.07.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin hazırlanıb İddiaçı oğluna verilməsi və elektron informasiya sisteminə 25.07.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin daxil edilməsi öhdəliyi "Kristal Texniki Xidmət” MMC-nin üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5084/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5084/2021
03.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver