Məhkəmə qərarları › İş №2(005)-518/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-518/2022

19.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-518/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ "Geofizika və Geologiya İdarəsi"ndən vergisi kimi tutulan məbləğin 732,42 manatın ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07.2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq yaşa görə əmək pensiyasına çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublikası Komitəsinin (ANQSİHİRK) 22.04.2009-cu il tarixli 57/06- 19ə saylı birgə Əmr- Qərarında göstərilmişdir ki, "Bu əmr-qərar verildiyi tarixdən, habelə 22.05.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir". Həmin əmr-qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən əmək haqqının beş misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci “Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası" maddəsinin 4-cü hissəsinə əsasən "işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir". Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən "Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları" maddəsinin 6-cı hissəsinə əsasən Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. İşdənçıxma ilə bağlı SOCAR tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onlardan qanunsuz tutulmuş məbləğlər artıq geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi İdarələri isə məhkəmə araşdırmalarını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği sabiq işçilərə qaytarmışlar. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh tərəf 20.13.2021-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək etirazında göstərmişdir ki, Alməmməd Babayevlə bağlanmış əmək müqavləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə, yəni yasa görə təqaüdə çıxması ilə əlaqədar işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanladığı ərizəsinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra ARDNŞ-nin və ANQSİHİRK-nin 03.07.2012-ci il tarixli, 81/14-29ə nömrəli birgə əmr-qərarına əsasən həmin məbləğ İddiaçı ödənilmişdir. A.Babayevlə bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti ödənilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş fiziki şəxslərdən tutulan gəlir vergisi əhalinin ödədiyi vergilər arasında mühüm yer tutur. Dünyanın bütün ölkələrində bu vergi növünün geniş yayılması bir sıra amillərlə bağlıcır. Bu verginin əsas üstünlüyü ondadır ki, ölkənin bütün əmək qabiliyyətli əhalisi həmin verginin ödəyicisidir. Eyni zamanda, digər vergilərə nisbətən vergi orqanlarının bu vergiyə nəzarət etməsi daha asandır və ondan yayınma halları xeyli mürəkkəbdir. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Repsublikası Vergi Məcəlləsinə əsaslanaraq, hesab edir ki, İddiaçı ödənilmiş orta əmək haqqının beş misli məbləğinin tamamilə gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İşdənçıxma müavinətinin hüquqi mahiyyəti, onun müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işdənçıxma müavinəti işçiyə, yalnız onunla bağlanmış əmək müqaviləsi, həmin Məcəllənin 70-ci maddəsinin “b" bəndinə, 68-ci maddəsinin "c" və “ç" bəndlərinə və 74-cü maddəsinin “a” və “c” bəndinə əsasən, ləğv edildiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, ödənilir. Başqa sözlə, işçinin işdənçıxma müavinətini almaq hüququ, onun işəgötürənlə olan əmək münasibətlərinə yuxarıda göstərilən əsaslarla xitan verildikdə yaranır. Göründüyü kimi, ARDNŞ-nin və ANQSİHİRK-nin sözügedən birgə əmrqərarına əsasən, İddiaçı orta əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir, bu səbəbdən, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyqun olaraq fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. Geofizika və geologiya İdarəsi kommersiya təşkilatı olduğu üçün işdən azad olan işçilərə ödənilmiş sözügedən orta aylıq əmək haqqının beş misli məbləğləri İdarənin kommersiya fəaliyyətindən əldə olunan mənfəətdən ödənilir. İddiaçının, ona ödənilmiş orta aylıq əmək haqqının 5 (beş) misli məbləğindən gəlir vergisinin güya qanunsuz tutulmasının iddia etməsinin heç bir qanuni əsası yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 25.08.1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22.07.2014-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxaması ilə əlaqədar onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək kitabçasında aparılmış qeyddən görünür ki, yaşa görə təqaüdə çıxması müqaviləyə xitam verilərkən təminatlar ARDNŞ-nin ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməlidir. İddiaçı haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı 2014-c2 ilin iyul ay üzrə əmək haqqı, müavinat və son haqq-hesabı 5029,69 manat təşkil etmiş, yekun ödənilən məbləğ 4096,68 manat təşkil etmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 732,42 manat təşkil etmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinin 05.10.2021-ci il tarixli “Mediasiya prosesindən imtina haqqında” məktubunda qeyd edilmişdir ki, bağlanmış əmək müqaviləsinə xitam verilərkən ödənilmiş pul vəsaiti müavinət adlansa da, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən gəlir hesab edilir. Bu səbəbdən mediasiya prosesindən imtina etmişlər. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət etmiş və 50 manat məbləğində mediator xərci ödəmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsinin arayışından görünür ki, İddiaçı 2014-cü ilin iyul ayı üzrə əmək haqqı və son haqq-hesab vəzifə maaşı 734,29 manat, ARDNŞ yemək xərci 60 manat, kompensasiya 380,40 manat, ARDNŞ-ANQSİHİRK 5 misli kompensasiya 3855 manat təşkil etmiş və 732,42 manat gəlir vergisi tutulmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh təşkilatda işləmiş İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının 5 misli məbləğində 3855 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə, 732,42 manat vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndəsi etirazında bildirmişdir ki, əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, ona ARDNŞ-nin və ANYSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi «Azneft» İstehsalat Birliyinin səlahiyyətləri xaricindədir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı və işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyində işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxarma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul müavinətinin verilməsi qərara alınmış və həmin məbləğ hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. İş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materialları ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçıların təqaüdə çıxmaları ilə əlaqədar ərizələri əsasında öz təşəbbüsləri ilə işdən azad olunmuş və onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halındandır. Göründüyü kimi, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi iləişçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Bundan başqa, cavabdehin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş əmək kitabçasının və arayışdan görünür ki, cavabdeh təşkilatda işləmiş İddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Aparılmış araşdırmalar nəticəsində İddiaçı müavinət ödənilən zaman, həmin müavinət məbləğinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulmuş güzəşt tətbiq edilərək ödənilmiş müavinətin 3855 manat hissəsi vergi bazasına aid edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 732,42 manat manatı iddiaçıya qaytarılmalıdır. Məhkəmə Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş razılaşmada da da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalı və ARDNŞ-nin və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən iddiaçıya ödənilməmiş 5 misli məbləğində müavinətin ödənilməyən hissəsi olan 2524 manat vəsait cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsindən alınaraq iddiaşıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsindən İddiaçı xeyrinə 732,42 (yeddi yüz otuz iki manat, 42 qəpik) manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar