Məhkəmə qərarları › İş №2(005)-5201/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5201/2025

22.01.2026 · Mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5201/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin təyin edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə evliliyindən olan 14 iyun 2009-cu ildə X4, 03 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizə verilən gündən cavabdehdən hər ay hər uşağa görə 272 manat, cəmi 544 manat sabit pul məbləğində alimentin alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuşdur. Birgə evliliklərindən 14 iyun 2009-cu ildə X4, 03 iyul 2010-cu ildə X5 anadan olmuşdur. Özü birinci qrup gözdən əlildir, övladımları ilə cavabdehdən ayrı yaşayır. İki övladları olmasına baxmayaraq cavabdeh uşağların saxlanılmasına köməklik etmir, özü tək başına bu xərcləri ödəyə bilmir. Uşağların saxlanılması üçün xərclər tələb etdiyindən cavabdehdə aliment ödəməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh uşaqların xərclərini ödəmir. Özü gözdən əlil olduğu üçün mütəmadi müalicəsinə xərc çəkir. Bu səbəbdən uşaqların təkbaşına saxlanmasında çətinlik çəkir. Cavabdehlə 11 ildir ki, faktiki olaraq ayrı yaşayırlar. Həmin müddətdə o 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqlara cavabdehin atalıq faktı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddiaçı ilə çoxdan ayrılmışdırlar. Özü işləyir, 350 manat kirayə verir, həmçinin ata-anasına da baxır, özünün xərcləri var. Uşaqlarına da baxar, lakin gəlirinin də nəzərə alınmasını xahiş edir. Hər uşaq üçün 200 manat aliment ödəyə bilər. III. İşin faktiki halları: İş materiallarında olan: -AZ-İ seriyalı 305831 atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh 14 iyun 2009-cu il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. -AZ-İ seriyalı 305832 atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh 03 iyul 2010-cu il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. -AZ-İİİ seriyalı 704696 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X4 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -AZ-İİİ seriyalı 704697 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflərin 14 iyun 2009-cu il təvəllüdlü X4 və 03 iyul 2010-cu il təvəllüdlü X5 adlı iki övladları vardır. Tərəflər faktiki olaraq ayrılmışdırlar. Uşaqlar ananın himayəsindədir. İddiaçı uşaqların saxlanması xərclərini özü çəkir. Hazırda uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 272 manat aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. - 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. -100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, ... bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 01 yanvar 2025-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə xüsusilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə, iddiaçının tələbi üzrə toplanmış sübutlara qiymət verərək, tərəflərin ailə və əmlak vəziyyətini, uşaqların yaşını, əvvəlki yaşayış səviyyəsi və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları, 2025-ci il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun həddini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımını), iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə xahişini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq, aliment məbləğinin hər ay iddiaçının məhkəməyə müraciət etdiyi 2025-ci ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı (400 manat) məbləğinin 0,615 mislinə (400 x 0,615 x 2 uşaq) uyğun sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Alimentin daha yüksək həddə müəyyən edilməsinə əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçı tərəfindən buna dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Məhkəmə qeyd edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun: - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli. Cavabdeh 14 iyun 2009-cu il təvəllüdlü X4 və 03 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməli, qətnamə aliment hissədə dərhal icra edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 234, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 iyun 2009-cu il təvəllüdlü X4 və 03 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar