Məhkəmə qərarları › İş №e-2(3-7)-1196/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1196/2026

26.08.2026 · Mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1196/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı Cavabdeh(bundan sonra-iddiaçı) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 3000 manat pulun və 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin(bundan sonra- Şəhər Məhkəməsi) e-*(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü araşdırılarkən “Elektron Məhkəmə” İnformasiya sisteminə baxış keçirilmiş və Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edildiyi və bununla da həmin mübahisəyə hüquqi qiymət verildiyi məlum olmuşdur. İddiaçı həmin qərardaddan Şəhər Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülki işi icraata götürən zaman kobud səhvə yol verib diqqətsizlik edərək iddia ərizəsinin Əli Məmmədov tərəfindən deyil, Cavabdeh tərəfindən verildiyinə diqqət etməmiş və tərəflər arasında Goranboy Rayon Məhkəməsində olan mübahisəni bu mübahisə ilə qarışdırmışdır. Hazırki iş üzrə cavabdeh Əli Məmmədovun Cavabdeh qarşı 57.000 manat pul tələbinin təmin olunması barədə Goranboy Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2026cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti hal-hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Goranboy Rayon Məhkəməsinin icraatında olmuş e-*(***)-****/**** nömrəli işə baxılarkən Cavabdeh İddiaçı qarşı 3000 manat məbləğində pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin ərizə vaxtında verilmədiyi üçün geri qaytarılması qərara alınmışdır. Şikayətə baxmış Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Məhkəmə ilk növbədə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sisteminə hazırki iş üzrə baxış keçirdikdə müəyyən olunmuşdur ki, iddiaçı X4 ## #### 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 onun xeyrinə 3000 manat məbləğində pulun və 50 manat çəbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir(apellyasiya baxışı zamanı iddia ərizəsi Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmişdir). Şəhər Məhkəməsinin iddia ərizəsinin icraata qəbulundan imtina barədə gəldiyi nəticə işin faktiki hallarına və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda iddia ərizəsinin qəbulundan imtina edilir. Göründüyü kimi, həmin normanın tətbiqi üçün yalnız əvvəlki məhkəmə qətnaməsinin mövcudluğu kifayət etmir. Bunun üçün əvvəlki və hazırkı mübahisə üzrə tərəflərin, iddianın predmetinin və əsaslarının eyniliyi müəyyən edilməlidir. Hazırkı işin materiallarından isə görünür ki, Şəhər Məhkəməsinin istinad etdiyi qətnamə hazırkı iddia tələbi üzrə tərəflər arasındakı mübahisəyə dair qəbul edilmiş məhkəmə aktı deyildir. Həmin qətnamə başqa tələblə bağlı qəbul edilmişdir. Belə ki, əvvəlki iş üzrə hazırkı işin iddiaçısı Cavabdeh cavabdeh qismində çıxış etmiş, həmin işdə pul tələbi hazırkı işin iddiaçısına qarşı irəli sürülmüşdür. Hazırkı işdə isə prosessual vəziyyət tamamilə fərqlidir, yəni həmin şəxs- Cavabdeh iddiaçı qismində çıxış edir və pul tələbi digər şəxsə- X1 qarşı yönəlmişdir. Göründüyü kimi, həm tələb edən şəxs, həm tələbin yönəldiyi şəxs, həm də tələb olunan pul məbləği fərqlidir. Bu səbəbdən Goranboy Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsinin hazırkı iddia üzrə MPM-in 153.2.2ci maddəsində nəzərdə tutulmuş “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə” qanuni qüvvəyə minmiş qətnamə kimi qiymətləndirilməsi mümkün deyildir. Hazırkı halda isə Şəhər Məhkəməsi əvvəlki iş üzrə qətnamənin hazırkı işə aid olub-olmamasını, tərəflərin prosessual statusunu, tələb predmetini, tələb olunan məbləği və iddianın əsasını müqayisə etməklə müəyyən etməmiş, iş materiallarına əlavə edilmiş başqa məhkəmə işinə aid sənədlərə istinad etməklə nəticəyə gəlmişdir. Bununla yanaşı, iş materiallarından müəyyən edilir ki, hazırkı iddia ərizəsi məhkəmənin dəftərxanasında qeydiyyata alınarkən texniki xarakterli səhvə yol verilmiş və məhkəməyə təqdim edilmiş iddia ərizəsinin hansı mübahisəyə aid olması düzgün müəyyən edilməmişdir. MPM-in 153.1-ci maddəsinə əsasən, məhkəməyə daxil olan ərizə daxil olduğu gün qeydiyyatdan keçirilməlidir. Bu norma ərizənin qeydiyyata alınmasını nəzərdə tutsa da, qeydiyyat zamanı buraxılmış texniki və ya kargüzarlıq səhvi iddianın hüquqi məzmununu dəyişdirmir və iddiaçının məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilməz. Əksinə, məhkəmə təqdim edilmiş iddia ərizəsinin həqiqi məzmununu araşdırmalı və onun əsasında hazırkı mübahisənin tərəflərini, predmetini və əsaslarını müəyyən etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsinin məzmununu və tərəflərin həqiqi prosessual vəziyyətini nəzərə almadan, dəftərxanada buraxılmış qeydiyyat səhvi nəticəsində iş materiallarına əlavə edilmiş başqa məhkəmə işinin iddia ərizəsinə və qətnaməsinə istinad etməklə iddia ərizəsinin icraata qəbulundan imtina etməklə MPM-in 153.2.2-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Bu səbəbdən iddia ərizəsinin icraata qəbulundan imtina barədə qərardad qanuni və əsaslı hesab edilə bilməz, qərardad ləğv edilməli və iddiaçı Cavabdeh cavabdeh X1 qarşı “3000 manat pul tələbinə” dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi məsələsi qanunun tələblərinə uyğun həll edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli və mülki iş sonrakı prosesual hərəkətlərin aparılması üçün Şəhər Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il qərardadı ləğv edilsin və mülki iş sonrakı prosesual hərəkətlərin aparılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar