Məhkəmə qərarları › İş №2(5-105)-1132/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(5-105)-1132/2026

10.03.2026 · Mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(5-105)-1132/2026 10.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) X2 Muxtar oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1989/2024 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 235 manat aliment məbləğinin, daha sonra həmin məhkəmənin xx.xx.2025-ci li tarixli qərardadı ilə 235 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.681 misli həddində indeksasiya edilmiş məbləğin borclunun real qazancına uyğun olaraq yenidən hesablanaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.

3. ”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası qanununun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, həmçinin alimentin alınmasına dair iddialar iddiaçının seçiminə görə öz yaşadığı yer üzrə verilir.

6. “Elektron məhkəmə” informasiya sistemindən hazırkı iş üzrə cavabdehə dair şəxsi məlumat qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Cavabdeh Bakı Şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır.

7. Həmçinin məhkəmə onu da qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən hazırkı iş üzrə iddiaçıya dair şəxsi məlumat qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, İddiaçı Qusar Rayonu, Yuxarı Zeyxur ərazi dairəsi ünvanında qeydiyyatdadır.

8. Göründüyü kimi, cavabdehin və iddiaçının rəsmi qeydə alındığı yer Abşeron Rayonu olmadığından, məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.

9. Odur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə geri qaytarılmalıdır.

10. Göstərilənlərə əsasən və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Məhəmməd Eminbəyli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar