Məhkəmə qərarları › İş №2(005)-5212/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5212/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5212/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış müqavilənin yuxarıda göstərilən bənd və maddələrinə əməl edərək, müqavilənin 3-cü bəndinin 3.1 və 3.2 maddələrinə uyğun olaraq 2019-cu, 2020-ci və 2021-ci illər üçün Cavabdeh İddiaçı MMC-nin xeyrinə 846 (səkkiz yüz qırx altı) manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 846 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5212/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün 624 ailəlik yaşayış kompleksi tikilib istifadəyə verilmişdir. Mənzillər ‘‘Sərhədçi-2015” MTK tərəfindən müxtəlif illərdə ipoteka yolu ilə satılmışdır. Mənzillər satılarkən hər bir mülkiyyətçi ilə MTK arasında yaşayış kompleksində mənzil-kommunal xidməti göstərmək məqsədi ilə müqavilələr bağlanmışdır. Sonradan MTK öz fəaliyyətini dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən 22 iyun 2018-ci ildə “Sərhədçi Servis" MMC yaradılmışdır və həmin MMC bu günə qədər mülkiyyətçilərə mənzil-kommunal xidməti göstərməkdədir. Çox təəssüf ki, bir çox sakinlər və mülkiyyətçilər dəfələrlə şifahi, rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək bu günə qədər mənzil-kommunal xidmət haqqını ödəməkdən yayınırlar ki, bu da son nəticədə müəssisənin fəaliyyətinə çox mənfi təsir göstərir. Mülkiyyətçi Cavabdeh 13 noyabr 2016-cı il tarixdə “Sərhədçi-2015'' MTK-dan ünvan 1 ünvanında 90,3 kv.m sahəsi olan ev almışdır. Elə həmin tarixdə də "xxxx" MTK ilə mülkiyyətçi arasında mənzilkommunal xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 3-cü bölümünün 3.1 bəndində göstərildiyi kimi, 2.1 maddəsində nəzərdə tutulmuş öhdəliklərin MTK tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1-ci tarixindən gec olmayaraq 30 (otuz) manat məbləği icraçı MİKya nağd və ya köçürmə yolu ilə ödəməli idi. Lakin, mülkiyyətçi Cavabdeh bu günə kimi müqavilənin 2-ci bəndinin 7.2 və 2.3 maddələrinə əməl etməyərək mənzil-kommunal xidmət haqqı ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmənin dəftərxana vasitəsilə 25.10.2021-ci il tarixində yazılı ərizə təqdim edərək, o, 13 noyabr 2016-cı ildə "xxxx" MTK-dan ünvan 2 ünvanında ipoteka yolu ilə ev almışdır. Həmin tarixdə də “Sərhədçi-2015" MTK ilə mənzil-kommunal xidmətinin göstərilməsi üçün müqavilə bağlamışdır. Müqavilənin 5-ci bəndində (digər şərtlər) göstərildiyi kimi müqavilə imzalandığı gündən 1 (bir) il müddətinə etibarlıdır. Qeyd olunan müqavilə üzrə o öhdəliyini yerinə yetirmiş və “Sərhədçi-2015" MTK-ya heç bir borcu yoxdur. İddiaçı qismində şikayət edən "xxxx" MMC ilə iddiaçı ilə arasında mənzil-kommunal xidmətinin göstərilməsi üçün heç bir müqavilə bağlanılmamışdır. İddiaçının öz şikayətində qeyd etdiyi kimi “Sərhədçi-2015" MTK ləğv olunduğundan həmin MTK ilə iddiaçı ilə arasında bağlanılmış vaxtı bitmiş müqavilənin İddiaçı MMC-yə heç bir aidiyyəti yoxdur. İddiaçı MMC vaxtı bitmiş müqaviləni əsas götürürsə, həmin müqavilənin 1.1, 2.1 maddələri üzrə öz öhdəliyini yerinə yetirmir. Hal-hazırki fəaliyyətlərindən tək o yox bina sakinlərinin böyük əksəriyyəti narazıçılıqlarını bildirirlər. Narazıçılıqlar aşağıdakılardan ibarətdir: binanın təhlükəsizliyinin təmin olunmaması (mütəmadi olaraq bina sakinlərinin əmlaklarının oğurlanması hallarının baş verməsi, Övladına məxsus 280 manat məbləğində velosipedin oğurlanması); binaların giriş qapılarında sakinlərin vəsaiti hesabına təhlükəsizlik baxımından qurulmuş kodlaşdırılmış açarların sıradan çıxması və nəzarət olunmaması; toplanan vəsaitin məbləğinin sakinlərlə razılaşdırılmaması və vəsaitin hara xərclənildiyi barədə sakinlərə hesabatın verilməməsi; yanğın təhlükəsizliyi tədbirlərinin görülməməsi və yanğınsöndürnə sisteminin yararsız olması; Pandemiya dövründə yaşamalarına baxmayaraq binada dezinfeksiya işlərinin aparılmaması (bina sakinlərinin təşəbbüsü ilə kənardan heyət cəlb olunaraq 3 ildə 2 dəfə aparılıb) Kommunal xərcləri məcburi olaraq üçün sakinlərin “Azərişıq" QSC-yə borcu olmadığı halda elektrik xətlərinin qanunsuz olaraq sayğaclardan söndürülməsi (Vətən müharibəsində iştirak etdiyi zamanı ailəsi evdə olduğu halda və ondan sonrakı dönəmlərdə 3 dəfə evinin işıqları kommendatın göstərişi ilə söndürülüb). İddiaçı qeyd olunan mənzildə kirayədə yaşayır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13.11.2016-cı il tarixli müqavilənin məzmunundan görünür ki, sifarişçi olaraq İddiaçı MMC ilə icraçı olaraq Cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən, sifarişçi ona məxsus olan ünvan 1 ünvanında yaşayış kompleksində yerləşən sahədən və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və mühafizəsi öhdəsinə götürmüş, sifarişçi bu müqavilənin 2.1ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin “İcraçı” tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1 tarixindən gec olmayaraq 32 manat məbləği İcraçıya ödəyir. Müqavilənin qüvvədə olma müddəti bir il olaraq müəyyən edilmişdir; İddiaçı MMC tərəfindən verilmiş 13.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən ünvan 1 ünvanında yaşayır və 2019-ci ilin fevral-dekabr ayları, 2020-ci ilin yanvar-iyun, sentyabr-dekabr ayları və 2021-ci ilin yanvar ayından oktyabr ayı daxil olmaqla mənzil-kommunal xidmət haqqını ödəniş etmədiyinə görə 31 ay, yəni 846 AZN (2019-cu ilin fevral-dekabr ayları, 2020-ci ilin yanvar axından avqust ayına kimi tarif 30 AZN olduğu üçün 17 ay*30 AZN=510 AZN, 2020-ci ilin sentyabr ayından tarif dəyişdiyinə görə və aylıq ödənişi 24 AZN olduğu üçün 14 ay*24 AZN=336 AZN) borcu təşkil edir; İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişin məzmunundan görünür ki, cavabdeh şəxsdən kommunal xidmətlərə görə borc tələb edilmiş, əks halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; 13.10.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində binanın müvafiq mənzili Cavabdeh sahibliyi və istifadəsindədir. Sözügedən binaya kommunal xidmətlərin göstərilməsi müqavilə əsasında İddiaçı MMC-yə həvalə olunmuşdur. İddiaçı "İddiaçı MMC, Cavabdeh kommunal ödənişlərə və digər xidmətlərdən istifadəyə görə borcu olduğunu əsas gətirərək ödənişlərin sonuncudan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir.. Göründüyü kimi, tərəflər arasında kommunal xidmətin göstərilməsinə dair xidmət haqlarının ödənilməsi barədə razılaşma olmasına baxmayaraq, hesablanmış kommunal xidmət haqları Cavabdeh tərəfindən tam ödənilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 140-cı maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir . (140.3.) Sadalanan normaları rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh kommunal borcun tutulması hissəsində əsaslıdır və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 218.3-cü maddəsi də əsas götürülməklə Cavabdeh İddiaçı MMC-nin xeyrinə 846 manat məbləğində kommunal borc tutulmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 846 manat məbləğində borc, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı (ödənilmiş tələbin məbləğinə münasib olaraq) İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 846 (səkkiz yüz qırx altı) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar