Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5216/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nərimanov Rayon Şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nərimanov Rayon Şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 1 saylı ASAN xidmət tərəfindən verilmiş AZE № 16298804 şəxsiyyət vəsiqəsində göstərilən X2 ilə Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ № 264249 saylı nikah haqqında şəhadətnamədə göstərilən X1 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbi inzibati orqan olan Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədə, yəni vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasından irəli gəlmişdir. Ərizəçinin ərizəsindən göründüyü kimi, nikah haqqında şəhadətnamədə ərizəçinin ərinin ata adı Çamoyeviç, şəxsiyyət vəsiqəsində isə Çamo kimi qeyd edilmişdir. Qeyd olunmalıdır ki, vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi fəsli isə ləğv edilərək, ümumi məhkəmələr tərəfindən həmin məsələlərə baxılması səlahiyyəti aradan qaldırılmışdır. Belə ki, Ailə Məcəlləsinin 161.1 və 161.2-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd edilən qərarda həmçinin göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Yuxarıda qeyd edilən normaların qarşılıqlı təhlili əsasında belə nəticəyə gəlmək olar ki, inzibati akt qeydlərində düzəlişlər edilməsi inzibati orqanın səlahiyyətidir, müvafiq düzəlişlərin edilməssi məqsədilə ilk növbədə qeydiyyat şöbəsinə, düzəlişlərin edilməsindən imtina edildiyi halda aidiyyəti üzrə inzibati məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.2.-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, ərizə və əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalı, ərizəçiyə ilk növbədə müvafiq qeydiyyat şöbəsinə, düzəlişlərin edilməsindən imtina edildiyi halda Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda ərizəçi tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 268-269 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nərimanov Rayon Şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) Ərizəçi qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ilk növbədə müvafiq qeydiyyat şöbəsinə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərdə düzəlişlərin edilməsindən imtina edildiyi halda Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-5216/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5216/2024
20.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver