Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-522/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İlk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair ilk, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İlk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 və 113 kvm-dən ibarət qeyri-yaşayış sahəsinin kommunal xidmətlərinə görə ümumi kommunal borcu 7371 manat pulun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən "ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında sakinlər məskunlaşmışdır. Həmin dövrdən ümumi yığıncağın qərarına əsasən binada yaşayan sakinlərdən kommunal xidmət haqqları yığılır. Belə ki, sözügedən binada binanın C blokunda sahəsi 145.2 kv m-dən ibarət 86 saylı mənzilin və sahəsi 113 kv m-dən ibarət qeyri-yaşayış sahəsinin sahibi X8 demək olar ki, kommunal xidmətlərə görə ödənişləri vaxtıvaxtında ödəmir. Müxtəlif bəhanələrlə ödənişləri ödəməkdən boyun qaçırır. Hətta məsələ ilə əlaəqdar bir dəfə məhkəməyə də müraciət olunaraq, məhkəmə qərarına əsasən kommunal borcunu ödəmişdir. Hazırda cavabdehin sahəsi 113 kv m-dən ibarət qeyri-yaşayış sahəsinə görə 3886 manat və sahəsi 145.2 kv m-dən ibarət mənzilinə görə 3485 manat komunal borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbardarlıq edilməsinə baxmayaraq, cavabdeh kommunal ödənişlərin ödənilməsində qərəzli olaraq problemlər yaratmışdır. Bu baxımdan da məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin xx.xx.2023cü il tarixli ilkin iddiasının rədd edilməsi; 2011-ci ilin yanvar ayından 2023-cü ilin mart ayınadək kommunal xidmət üçün artıq ödənilmiş 608,82 manat əsas, hər gecikdirilmiş gün üçün hesablanmış 331,50 manat gecikdirmə faizi olmaqla, cəmi 940,32 manat məbləğində vəsaitin, qarşılıqlı iddianın verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 manat rüsumun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi; kommunal xidmətlərin göstərilməsinə dair yaşayış sahəsi və qeyri-yaşayış sahəsi üzrə 20 noyabr 2023-cü il tarixli hər iki müqavilənin etibarsızlığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsinə münasibətdə tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4156/2022 saylı, 22 iyul 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Əlbəttə ki, tərəflər arasındakı münasibət davamlı xarakter daşıdığından qətnamə qüvvəyə mindikdən sonra da borc tələbinin yaranması mümkündür, ancaq ilkin iddia üzrə iddiaçının iddia ərizəsinə əlavə etdiyi kommunal borclar haqqında cədvəldə 22 iyul 2022-ci il tarixində qüvvəyə minmiş qətnamədən əvvəlki tarixə borclar hesablandığı üçün həmin hissədə iddia MPMnin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. 24 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözügedən mənzilin ümumi sahəsi 131,30 m2 təşkil edir. Halbuki 14 dekabr 2007-ci il tarixli “mənzil tikintisi haqda” müqaviləyə əsasən həmin yaşayış sahəsinin ümumi sahəsi 145,2 m2 təşkil etməkdədir. Beləliklə ilkin iddia üzrə cavabdeh müqavilə üzrə əldə etdiyi paya mütənasib olan sahənin ölçüsünün əslində müqavilədə qeyd ediləndən 13,9 m2 daha az olduğunu 24 oktyabr 2023-cü il tarixində öyrənmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən mənzilin sahəsi düzgün hesablanmadığına görə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) zərərə məruz qalmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən həm yaşayış sahəsinə, həm də qeyri-yaşayış sahəsinə münasibətdə təqdim edilən kommunal xidmətlərin göstərilməsinə dair 20 noyabr 2023-cü il tarixli müqavilələrin 3-cü maddəsinin 2-ci bəndinə əsasən “bütün kommunal xərclər və sair üçün ödənişin aylıq məbləği mənzilin hər 1 m2 üçün 40 qəpik təşkil edir”. Müqavilədən aşkar məlumdur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh əvvəlki mübahisə üzrə məhkəmə qərarında da müəyyən edildiyi kimi sahənin hər kvadratmetri üçün 0,30 manat olan ödənişin 2016-cı ildən 0,40 manat hesablanması üçün köhnə tarixli müqavilə hazırlamaq istəmiş ancaq tarixi 2023-cü il qeyd etdiyindən əl yazısı ilə onu “2016” göstərmək istəmiş və bu hal hər iki müqavilədə baş vermişdir. İlkin iddia üzrə iddiaçının əməlinin vicdanlılıq və qanunvericilikdə istisnası nəzərdə tutulmayan etimad prinsipi ilə bir araya sığmadığı işin hallarından aşkar məlumdur. O yaşayış sahəsini özəlləşdirmək istəyən ilkin iddia üzrə cavabdehin yaşadığı binanı idarə edən kooperativə etimadından istifadə etməklə daha çox məbləğ əldə etmək istəmişdir. Bununla yanaşı ilkin iddia üzrə cavabdeh həmin müqavilələrin heç 2023-cü ildən də bağlanmalı olmadığını (yoxluğunu) bəyan edərək qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinin əks olunması nəticəsində yaranır və iradə ifadəsi müqavilənin qurucu ünsürüdür. İlkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilən həmin müqavilələr isə həm iradə ifadəsi olmadığından, həm standart şərtli olmaqla standart şərtin tələblərinə riayət edilmədiyindən etibarsızdır və ümumiyyətlə müqavilə qismində təqdim edilən yazılar müqavilənin tərkib hissəsinə çevrilməmişdir. Aşkar bəllidir ki, ilkin iddia üzrə iddiaçının təqdim etdiyi həmin müqavilə standart şərtli müqavilədir və ilkin iddia üzrə iddiaçı tərəfindən qabaqcadan peşəkar şəkildə dəfələrlə istifadə etmək niyyəti ilə hazırlanaraq istehlakçı olan cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) imzaladılmışdır. Binanın bütün sakinlərinə təqdim edilən eyni məzmunlu müqavilələrdən də bu hal öz təsdiqini tapır. Eyni zamanda elə ilkin iddia üzrə cavabdehin yaşayış sahəsi və qeyri-yaşayış sahəsi üçün hazırlanmış müqavilələri də eyni məzmundadır. Mülki Məcəllənin standart şərtlərini tənzimləyən 417-420-ci maddələrinin tələbləri ilkin iddia üzrə iddiaçı tərəfindən qəsdən pozulmuşdur. Belə ki, standart şərtli müqavilənin standart şərtlərinin əsaslı olması üçün qanunverici iki meyar müəyyən etmişdir. Birincisi həmin şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyi, ikincisi isə tərkib hissəyə çevrilmiş şərtin etibarlı olub-olmadığıdır. Kommunal xidmətin hər kv. üçün 0,40 manat məbləğində razılaşdırıldığını göstərən bənd müqavilənin tərkib hissəsinə çevrilmir, çünki bununla bağlı ayrıca əyani qeyd yoxdur. Həmin bənd tərkib hissəyə çevrilsəydi belə onun etibarlı olduğundan danışmaq mümkün olmazdı. Yuxarıda da göstərildiyi kimi ilkin iddia üzrə cavabdehin həqiqi iradəsi olmadığı üçün əslində həmin müqavilə yox hökmündədir. Bununla yanaşı iddia ərizəsinə əlavə edilmiş kommunal borclar cədvəlində də 2023-cü ilin aprel ayına qədər xidmət haqqı hər kv. üçün 0,30 manatdan hesablanmışdır və ödənişlər də buna uyğun həyata keçirilmişdir. Cavabdeh həmin 0,30 manata etimad etməkdə və ödənişləri bundan sonra da 0,30 manatdan hesablayaraq ödəməkdə haqlıdır. Mülki Məcəllənin 420.2-ci və 560.3.4-cü maddələrinin məzmununa əsasən istehlakçının güvəndiyi kooperativin əvvəlki rəftarına zidd hərəkət etməsi hüquqdan sui-istifadə meydana gətirir və standart şərt müqaviləyə daxil edilmiş olsa da etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq digər tərəf üçün zərərlidirsə həmin şərt etibarsızdır. İlk iddia üzrə cavabdeh həm əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən 1500 manat məbləğ üzrə, həm də ondan əvvəl və sonra ödədiyi bütün məbləğlər üzrə hər ay üçün 4,17 manat artıq pul ödəməklə ilkin iddia üzrə iddiaçı əsassız varlanmışdır. Hazırkı iş üzrə iddia ərizəsində ilkin iddia üzrə iddiaçı göstərir ki, 2011-ci ilin yanvar ayından etibarən sakinlər, o cümlədən Cavabdeh yuxarıda qeyd edilən ünvanda məskunlaşıblar. Əvvəlki mübahisə üzrə ilkin iddia üzrə iddiaçı iddia ərizəsində göstərir ki, ilkin iddia üzrə Cavabdeh 2015-ci ildən kommunal xidmət haqqını ödəmir. Deməli ilk iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh 2011-ci ilin yanvar ayından 2015-ci ilə qədər ödənişləri həyata keçirdiyini və ilkin iddia üzrə iddiaçıya heç bir borcu olmadığını təsdiq edir. Daha sonra sözügedən yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə təqdim edilən maliyyə arayışında da borcun olmadığı göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.6-cı maddəsinin tələbinə əsasən borcun olmaması barədə maliyyə arayışı olmadıqda mənzillərin özəlləşdirilməsi və reyetrdən çıxarışın təqdim edilməsi həyata keçirilmir. Belə olan halda 24 oktyabr 2023-cü il tarixində hüquqlarının pozulduğunu bilən Cavabdeh artıq ödədiyi ödənişləri geri tələb etmək hüququ yaranır. Kommunal borclar haqqında cədvələ əsasən ilkin iddia üzrə cavabdeh 2022-ci ilin avqust-dekabr ayları daxil olmaqla bütün aylara görə ödənişi həyata keçirib (digər ayların ödənişinin həyata keçirildiyi iddiaçı tərəfindən iddia ərizəsində etiraf edilir). Bundan əlavə ilkin iddia üzrə cavabdeh 2023-cü il üzrə də bütün ödənişləri həyata keçirərək ilkin iddia üzrə iddiaçıdan 726682 saylı, 726909 saylı, 726795 saylı, 828716 saylı qəbzlər almışdır. 2023-cü ilin iyun-dekabr ayları üzrə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya borcu olmadığı həmin kommunal borclar cədvəlindən məlum olur. İlkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə təqdim edilmiş 06 oktyabr 2023-cü il tarixli, 828716 saylı qəbzə əsasən ilkin iddia üzrə cavabdehin 2023-cü ilin son ayı üzrə kommunal xidmət haqqını ödədiyi öz təsdiqini tapır. Belə olan halda əvvəlki ödənişlərin həyata keçirilmədiyini iddia edən ilkin iddia üzrə iddiaçı bu halları sübut etmək vəzifəsi daşıyır. Mülki Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. İlkin iddia üzrə cavabdeh qanunda müəyyən olunan bu ehtimala və ilkin iddia üzrə iddiaçının əvvəlki borclara dair qeyd-şərt qoymamasına istinad edərək son ödəniş tarixindən əvvələ ilkin iddiaçıya borcu olmadığını bəyan edir. Beləliklə yaşayış sahəsinə münasibətdə ilk iddia üzrə cavabdehin iddiaçıya heç bir borcu yoxdur, əksinə iddiaçının cavabdehə artıq ödənişlərdən əsassız varlanma üzrə borcu mövcuddur. İlkin iddia üzrə cavabdeh 2023-cü ilin mart ayından etibarən ödənişləri 130,30 m2 və hər kvadratmetrə 0,30 manat hesablanmaqla ödəmişdir. Ancaq 2011-ci ilin yanvarından 2023-cü ilin mart ayına qədər artıq ödənilmiş 608,82 manat nəticəsində ilkin iddia üzrə iddiaçı əsassız varlanmışdır. Ona görə də ilk iddia üzrə cavabdeh həm 608,82 manat əsas borcu, həm də onun gecikdirilməsinə görə yaranmış 331,50 manat məbləğində gecikdirmə faizini Mülki Məcəllənin 449cu maddəsi əsasında ilk iddia üzrə iddiaçıdan tələb etməkdə haqlıdır. Həmin maddəyə görə özgəsinin pul vəsaitini əsassız əldə etməklə varlanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlər bank uçot dərəcəsi ilə müəyyən edilir və uçot dərəcəsini AR Mərkəzi Bankı müəyyənləşdirir. Qeyri-yaşayış sahəsinə münasibətdə qeyd etmək istrəyirik ki, ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş 09 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən ilkin iddia üzrə cavabdehin yuxarıda göstərilən ünvandakı qeyri-yaşayış sahəsi üzrə ilkin iddia üzrə iddiaçıya heç bir borcu yoxdur. Həmin arayış ilk iddia üzrə iddiaçı tərəfindən tərtib olunduğundan oradakı bütün qeyri-müəyyənliklərin ilk iddia üzrə cavabdehin xeyrinə şərh edilməli olduğu qənaətindədir. Bu hal Mülki Məcəllənin 419.2-ci maddəsində də öz əksini tapır. Qeyri-yaşayış sahəsinə dair kommunal borclar cədvəlindən məlum olur ki, 2023-cü ilin iyun-dekabr ayları üçün cavabdehin iddiaçıya heç bir kommunal borcu yoxdur. Beləliklə əvvəla ilkin iddia üzrə iddiaçı ödənişlərin həyata keçirildiyini və ilkin iddia üzrə cavabdehin ona heç bir borcu olmadığını təsdiq edir. Digər tərəfdən yaşayış sahəsi özəlləşdirilən zaman cavabdehə müəyyən oldu ki, iddiaçı tərəfindən mənzilin sahəsi həqiqətdə olduğundan aşağı göstərilmişdir və o faktiki mülkiyyətində və sahibliyində olmayan kvadratmetrlər üçün əlavə ödəniş həyata keçirmişdir. Qeyri-yaşayış sahəsi hələ ki, özəlləşdirilmədiyindən həmin müqavilədə göstərilən 113 m2 sahənin reallığı əks etdirib-etdirmədiyi cavabdehə məlum deyildir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh ünvan 2 ünvanı üzrə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində ilk iddia tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə ilk iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları “Satıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “alıcı” Cavabdeh arasında bağlanmış 14 dekabr 2007-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, Korpus C, 86 nömrəli mənzilin yaşayış və qeyriyaşayış sahəsini alıcıya verməyi öz öhdəsinə götürür. Alıcı mənzilin haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış müqavilələrdən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 2 və 113 kvm-dən ibarət qeyriyaşayış sahəsi üzrə lift xidməti, mənzillərin su ilə təchiz olunması, blokların və mərtəbələrin işıqlandırılması, elektrik enerji haqqının "xxxx" ASC-yə ödənilməsi, blokların və liftlərin təmizlənməsi və s. kommunal xidmətlərin həyata keçirilməsini, alıcı isə btütün kommunal xərclər və sair üçün mənzilin və qeyri-yaşayış sahəsinin hər kv.m-i üçün 0,40 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanı üzrə Cavabdeh 2016-2021-ci illər və 2022-ci ilin yanvar-iyul ayları üzrə aylıq kommunal ödənişləri etməmiş, 3168 manat kommunal ödəniş, 317 manat müamilə pulu, cəmi 3485 manat borcu yaranmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi ev 4 ünvanında yerləşən yaşayış kompleksi binasının Blok C, 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə Cavabdeh 2015-2022-ci illər və 2023-cü ilin yanvaravqust ayları üzrə aylıq kommunal ödənişləri etməmiş, 3536 manat kommunal ödəniş, 350 manat müamilə pulu, cəmi 3886 manat borcu yaranmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən həm yaşayış sahəsinə, həm də qeyri-yaşayış sahəsinə münasibətdə kommunal xidmətlərin göstərilməsinə dair 20 noyabr 2023cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilmişdir. İlk iddiaçı hesab edir ki, Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "Mənzil Kommunal Xidməti haqqında" müqavilə bağlanmasına baxmayaraq, kommunal xidmət haqqını ödəmək öhdəliyi yerinə yetirməmişdir. Hazırda ilk iddia üzrə mübahisə həmin kommunal xərclərin ödənilməməsi nəticəsində yaranmışdır. Digər tərəfdən, qarşılıqlı iddiaçı kommunal xidmətlərin göstərilməsinə dair 20 noyabr 2023-cü il tarixli müqavilənin etibarsız sayılmalı olmasını qeyd edir, belə ki, Cavabdeh bağlanmış müqavilənin tarixinin 2023-cü il qeyd edildiyi halda, «BakıUniversitet” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onu əl yazısı ilə “2016” kimi göstərilməsinin Cavabdeh iradə ifadəsini əks etdirmədiyini vurğulamışdır. Eyni zamanda, iddiaçı "xxxx" MTK cavabdehlər X6, X7, X5 və Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciəti olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok D, mənzil 56-da yaşayan X1 olan 540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 8-də yaşayan X2 olan 2288 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok B2, mənzil 9-da yaşayan Məmmədova Lalənin kooperativə olan 3540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 86-da yaşayan Cavabdeh kooperativə olan 5139 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir; Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 4156/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək Cavabdeh 1500 manat pul vəsaitinin iddiaçı “Bakı Universiteti" Mənzil Tikinti Kooperativinin xeyrinə tutulması qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin : 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələlərinə əsasən, Məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması, təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Binanın sahə mülkiyyətçiləri binanın idarəetmə üsullarını seçə bilər. Çoxmənzilli bina üç qaydada idarə edilə bilər: 1. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə 2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən və 3. İdarəedici təşkilat təyin edilməklə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əsasən bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Məhkəmə hesab edir ki, həm ilkin həm də qarşılıqlı iddia ərizələri üzrə yekun nəticəyə gəlinməsi üçün tərəflər arasında kommunal xidmətin göstərilməsinə dair bağlanmış müqavilələrin araşdırılması zəruridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141-ci maddəsinin tələbinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Qeyd olunan normaların hazırki mülki işə tətbiq edilməsi nəticəsində aydın olur ki, cavabdeh MMC-nin çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı MMC faktiki idarəçiliyini həyata keçirdiyindən kommunal xidmətlərinin göstərilməsi üzrə müqavilələrə əsasən ödənilməmiş kommunal borclarının tutulması hissəsində ilk iddia tələbi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu təsbit edən 4-cü maddəsinin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilən normaların müqayisəli təhlili onu deməyə əsas verir ki, iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. Qeyd olunanlardan aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia predmeti olan mənzil və qeyri-yaşayış sahələrinin idarəsini təşkil etmək, kommunal xidmətin və digər idarəçilik işlərinin həyata keçirilməsini təmin etmək səlahiyyəti olmamışdır. Qanunvericiliklə bu səlahiyyət mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən və qanunvericilikdə konkret qeyd olunmuş digər qaydada həyata keçirilir. Qanunvericiliklə konkret qayda müəyyən edildiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bu qaydadan kənara çıxan hərəkətləri qanunsuzdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbində qeyd edilən kommunal xidmət haqqının tutulması əsası kimi göstərilmiş hərəkətləri etmək hüququ olmadığından, ona qanunveriicliklə belə bir hüquq verilmədiyindən, bu xidmət haqqının da cavabdehdən tutulmasını tələb etmək kimi subyektiv hüququ yoxdur, bu səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair ilk iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kommunal xidmətləri göstərmək səlahiyyəti olmadığı iş materialları və qanunvericilik normaları ilə sübuta yetirildiyindən onun tərəflərindən qanunvericiliyin tələblərini pozmaqla bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilə də bağlandığı andan əhəmiyyətsiz əqd olmuşdur. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni bu əqdin əhəmiyyətsiz hesab edilməsi üçün ayrıca məhkəmə aktı qəbul edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki həm ilk, həm də qarşılıqlı iddia tələbləri rədd edildiyindiyindən ödənmiş dövlət rüsumları müvafiq olaraq ilkin və qarşılıqlı iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-522/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-522/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver