Məhkəmə qərarları › İş №2(005)-523/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-523/2024

22.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-523/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı (qanuni nümayəndəsi Qanuni nümayəndə) Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni nümayəndəsi olduğu xx xxxxxxxx 2010-cu il təvəllüdlü uşağı İddiaçı onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Nəvai (Koroğlu Rəhimov) küçəsi 26 saylı evin 7 nömrəli mənzilinə köçürülmələri və mübahisəli mənzildə yaşamalarına, həmin mənzildən istifadə etmələrinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oglu ilə 03 avqust 2010-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx xxxxxxxx 2010-cu il təvəllüdlü İddiaçı adlı övladı var. Oğuz Rayon Məhkəməsinin 2(054)-803/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh nikahın pozulmasına dair iddia tələbi təmin edilərək, Cavabdeh ilə X5 arasında 03 avqust 2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 848 nömrə ilə qeyd edilən nikahın pozulması, xx xxxxxxxx 2010cu il tarixdə anadan olmuş İddiaçı boşanmadan sonra cavabdeh X1 yanında qalması, 17 iyun 2016-cı il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, lakin hər ay 100 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutularaq xx xxxxxxxx 2010-cu il tarixdə anadan olmuş İddiaçı yetkinlik yaşına çatana qədər saxlanması üçün X2 verilməsi qət edilmişdir. ünvan 1, 7 saylı mənzil cavabdehin anası, qaynanası X6 tərəfindən xx.xx.2012-ci il tarixdə Notariat Kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən şərtsiz, əvəzsiz olaraq qızı xx xxxxxxxx 2010-cu il təvəllüdlü İddiaçı bağışlanmışdır. Bu mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən azyaşlı qızı İddiaçı mülkiyyətindədir. Qızı Əsnatla o, mübahisəli mənzildə daimi pasport qeydiyyatındadırlar və bu mənzil onların yeganə yaşayış sahəsidir. Qaynanası X6 sözügedən mənzildə onlarla birlikdə yaşayırdı. Cavabdehlə ailə münasibətləri pozulsa da, X9nın ömrünün axırına qədər mənzildə yaşamasına tərəflərindən maneələr olmamışdır. X9 vəfat etdikdən sonra cavabdeh mənzilin açarını onlara vermir. Kirayə evlərdə qalırlar. Mənzilin kommunal xidmət xərclərini də onlar ödəyirlər. Bakı şəhəri Nərimanov rayon 16-cı Polis Bölməsinə müraciət ediblər. Polis Bölməsindən ona izah edilib ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Dəfələrlə cavabdehin özünə həmin evdə azyaşlı övladı ilə birlikdə yaşamaları üçün müraciət etsə də, o, könüllü şəkildə xx xxxxxxxx 2010-cu il təvəllüdlü övladı, mülkiyyətçi İddiaçı mülkiyyətində olan mənzildə yaşamalarına, mənzildəki ev əşyalarından istifadə etmələrinə imkan vermir. Ona görə də onlar, Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbi təmin olunmaqla qanuni nümayəndəsi olduğu xx xxxxxxxx 2010-cu il təvəllüdlü uşağı İddiaçı onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Nəvai (indiki Koroğlu Rəhimov) küçəsi 26 saylı evin 7 nömrəli mənzilinə köçürülmələri barədə və mübahisəli mənzildə yaşamalarına cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməyərək bildirmişdir ki, anası evini onun qızına, yəni nəvəsinə bağışlasa da sonradan peşman olmuşdur. Çünki gəlini ilə münasibətləri sonradan korlanmışdır, gəlin ona qulluq etmirdi. Bağışlama müqaviləsini mübahisələndirsə də bir nəticəsi olmamışdır. Hazırda onun yaşamağa başqa yeri yoxdur, iddiaçıların həmin evdə yaşamalarına etiraz etmir, bir şərtlə ki, onu həmin mənzildən çıxarmasınlar. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü İddiaçı doğulmuşdur. Atası Cavabdeh, anası X3r; - ƏMDX DƏDKR PBŞ-nin çıxarışından görünür ki, ünvan 1, 7 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4633/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər İddiaçı, X2, Cavabdehov oğluna və Bakı şəhəri 21 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir; - Oğuz Rayon Məhkəməsinin 2(054)-803/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında 03 avqust 2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 848 nömrə ilə qeyd edilən nikahın pozulması, xx xxxxxxxx 2010-cu il tarixdə anadan olmuş İddiaçı boşanmadan sonra cavabdeh X1 yanında qalması, 17 iyun 2016-cı il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, lakin hər ay 100 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutularaq xx xxxxxxxx 2010-cu il tarixdə anadan olmuş İddiaçı yetkinlik yaşına çatana qədər saxlanması üçün X2 verilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh övladıdır. İddiaçı və onun qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə mübahisələndirilən ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə qeydiyyatdadırlar. Ev İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı qanuni nümayəndəsi olan anası ilə birlikdə həmin mənzilə köçürülmələrini və cavabdeh tərəfindən mənzildən istifadə ilə bağlı yaradılan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hssəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni həmin norma ilə insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan olunur. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayandığından, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni hesab oluna bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” işində qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipini, mülkiyyətindən məhrumetmənin yolverilməzliyini və mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, cavabdehin iddiaçının öz mülkiyyətində olan mənzildə yaşamasına maneələr yaratması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının qanuni nümayəndəsi, yəni anası ilə birlikdə həmin mənzilə köçürülməsi ilə bağlı qeyd olunmalıdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 228.5-ci maddəsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Ailə Məcəlləsinin 30.2-ci maddəsinə əsasən isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Hazırki işdə yetkinlik yaşına çatmayan iddiaçı mənzilin mülkiyyətçisidir və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə anasının himayəsinə verilmişdir. İddiaçının qanuni nümayəndəsi olan anası ilə birlikdə ona məxsus mənzildə yaşamaq hüququ onun qanunvericiliklə təsbit edilmiş hüququ olmasına əsaslanaraq, iddia anası ilə birlikdə həmin mənzilə köçürülməsi hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənzildən istifadə edilməsinə maneələr yaradılmasının qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq qeydiyyata alınmışdır və onun, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ vardır. Mövcud vəziyyətdə cavabdehin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisələndirilən mənzilə mülkiyyət hüququ İddiaçı məxsus olsa da, onun mənzilə köçürülməsinə və istifadəsinə maneələr yaradılır. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı anası Qanuni nümayəndə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Nəvai küçəsi, 26 saylı evin 7 nömrəli mənzilinə köçürülməli və c həmin mənzildən istifadə etmələrinə maneələr yaradılması avabdeh Cavabdeh qadağan edilməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı anası Qanuni nümayəndə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Nəvai küçəsi, 26 saylı evin 7 nömrəli mənzilinə köçürülsün və həmin mənzildən istifadə etmələrinə maneələr yaradılması Cavabdeh qadağan edilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar