Məhkəmə qərarları › İş №2(005)-525/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-525/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-525/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «əmlak kirayə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin, əşya və avadanlıqların təhvil verilməsi və kirayə haqqı tələbi»nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «əmlak kirayə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin, əşya və avadanlıqların təhvil verilməsi və kirayə haqqı tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 01 mart 2020-ci tarixdə əmlak kirayə müqaviləsi bağlamış, əmlak kirayə müqaviləsinin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti mülkiyyətimdə olan sahəsi 72 kvm təşkil edən Bakı şəhəri. Ağa Nemət ulla küçəsində yerləşən 50(J30a) evin həyətində yerləşən qeyri-yaşayış sahəsi və içərisində olan İ saylı əlavədə göstərilən avadanlıq və əşyalardır. Həmin bənddə qeyri-yaşayış sahəsinin, əşya və avadanlıqların ona məxsus olması qeyd olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən hər ay üçün kirayə haqqı 300 manat müəyyən edilmiş, 3.2-ci bəndinə əsasən kirayə haqqı hər ayın 01-də nağd ödənilməsi nəzərdə tutulmuşdur. 5. l-ci bəndinə əsasən müqavilənin müddəti 11 ay müəyyən edilməklə 01 fevral 202 l-ci il tarixdə başa çatır. Həmin Müqavilənin 7-ci bəndimlə kirayə müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Şikayəti əsasında cavabdehin barəsində Azərbaycan Respublikası CM-nin 322. l-ci maddəsi ilə cinayət işi başlanılmış, 322.2-ci maddəsinə tövsif edilmişdir. Uzun sürən ibtidai istintaq araşdırması ilə cavabdehin cinayət əməlləri tam təsdiqini tapmışdır. Lakin müstəntiqin 16 noyabr 2021-i il tarixli qərarı ilə Aministiya aktına əsasən cinayət işinin icraatına xitam verilmişdir. Hal-hazırda yuxarıda göstərilən avadanlıqlar ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz saxlanılır. Cavabdeh eyni zamanda 20 ay müddətində icarə haqqını ödəməmişdir. 01.03.2020-ci il-30.11.2021-ci il dövr üçün. Baxmayaraq ki, istintaq dövründə mən ona rəsmi xəbərdarlıq edərək mülkiyyətində olan obyekti ona təhvil verməyi, icarə müqaviləsini ləğv etməyi və avadanlıqlarını geri qaytarmağı, eyni zamanda ödəmədiyi icarə haqqı olaraq 6000 manatı ödəməyi tələb etmişdir. O, cavabdehə pretenziya qaydasında dəfələrlə müraciət edərək kirayə müqaviləsində göstərilən vəzifələrini yerinə yetirməyi tələb etsə də, cavabdeh vəzifəsini yerinə yetirməkdən imtina etmişdir. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı mənə qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə müraciət edərək ondan 7995 manat tutulub ona verilməsini xahiş etmişdir. Aşağıdakı səbəblərə görə belə hesab edir ki, cavabdehin iddia ərizəsi rədd edilməli, onun qarşılıqlı iddiası isə təmin edilməlidir. Cavabdehlə 01 mart 2020-ci il tarixdə əmlak kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Ağa Neymətulla küçəsində yerləşən qeyri-yaşayış sahəsi mənim icarəmə verilmişdi. Cavabdehlə icarə müqaviləsi bağlayan zaman cavabdehin mülkiyyətində olan həmin qeyri yaşayış sahəsi tamamilə boş və tam təmirsiz olmuşdur. Cavabdehin iddia ərizəsində göstərdiyi əşyaların heç biri ona məxsus olmamışdır. Əslində İddiaçı məxsus olan və aralarında bağlanmış icarə müqaviləsi əsasında müvəqqəti olaraq onun icarəsində olan obyektdəki əşyalar şəxsən ona məxsus olmuşdur. Bundan başqa qeyd edilən obyekti şəxsən öz vəsaiti hesabına təmin etdirmişdir və bu məqsədlə 5000 (beş min) manat xərc çəkmişdir, lakin hamıya məlum olan pandemiya əlaqədar olaraq oradan istifadə edə bilməmişdir. Buna baxmayaraq 2 ayın icarə haqqını tam ödəmişdir. X10 tərəfindən əsassız olaraq ona qarşı zorakılıq tətbiq edildikdən sonra tərəfindən Polis İdarəsinə müraciət edilmiş, Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən onun ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması üçün materialın Nərimanov RPl-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır.Göstərilənlərdən əlavə qeyd etdiyi kimi ümumilikdə 5000 manatdan artıq pul xərcləmişdir ki, bu da müstəntiqin qərarında öz əksini tapmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı müdafiə edərək, iddianın təmin olunması, qarşılıqlı iddianın isə əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı qəbul etməyərək, habelə qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş şahid X4 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır, həmin obyekti ona satmışdır. Vəsilə və Paşa birgə həmin obyekti təmir etdirmiş və şərikli icarəyə götürmüşlər. Həmin vaxt orda əşyalar yox idi. Sonradan Vəsilə tərəfindən əşyalar divan, kreslo, soyuducu, televizor və masaj stolu ayrı-ayrı vaxtlarda alınmışdır. Həmin əşyaları özü daşımışdır. Həmin əşyaların pulunun kim tərəfindən verilməsindən məlumatlı deyil. Məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş şahid X2 bildirmişdir ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. Onun işi obyektlərdə təmizlik işləri ilə məşğul olmaqdır. Obyektdə bir neçə dəfə getmiş, təmizlik işi görmüş, təmirsiz halda və əşyalarsız idi. Məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş şahid X8 bildirmişdir ki, Vəsiləni çoxdan tanıyır, qohumu deyil, onunla birgə masaj salonu açmaq istəmiş, Bakı şəhəri, Ağa Nemətulla küçəsində yerləşən evin həyətində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüşlər. Həmin yer Məzahətin ustaları tərəfindən təmir olunmuş, əşyalar olmamışdır. Təkcə arakəsmə və sanitar qovşağın yerini dəyişmişlər, bundan Məzahətin də xəbəri olmuşdur. Salona lazım olan əşyalar internet vasitəsilə tapılmış və 2-ci əl olaraq alınmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şahid X5 bildirmişdir ki, Məzahəti tanımış, ona məxsus obyektləri təmir etmiş, pulunu isə Məzahət ödəmişdir. Təmiri təxminən 2 il əvvəl etmiş, tam təmirli Vəsilə xanıma təhvil vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şahid X6 bildirmişdir ki, Məzahətin qonşusudur, Həmin obyekti salon olaraq icarəyə verilmiş, təmirin kim tərəfindən aparılmasından məlumatı olmamışdır. Qardaşı salona əşyaların daşınmasında iştirak etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 28.02.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 130 A xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə 79 saylı reyestr kitabının 7522 nömrəli vərəqində, **********02-06301 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01.03.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı ona məxsus Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 50 saylı (130A) saylı evin həyətində olan qeyri-yaşayış sahəsini, həmin qeyri-yaşayış sahəsində quraşdırılmış avadanlıqları və bütün əşyaları (1 saylı əlavəyə əsasən – masaj stolu (üstü kojalı)-3 ədəd, cəmi 390 manat; masaj stolu üçün otacaqlar- 3 ədəd, cəmi 75 manat; oturacaq stulu-6 ədəd, cəmi 150 manat; künc stolu- 3 ədəd, 120 manat, kreslo-2 ədəd, cəmi 230 manat, divan- 1 ədəd, cəmi 125 manat, şkaf güzgülü (qəhvəyi rəng)-1 ədəd, 70 manat, dondurucu – 1 ədəd, 280 manat, kondisioner – 1 ədəd, 1600 manat, televizor- 1 ədəd, 130 manat, şkaf (moyka) – 1 ədəd, 110 manat, kompyuter stolu – 1 ədəd, 45 manat, xalça – 1 ədəd, 80 manat) 11 ay müddətinə, aylıq icarə haqqı 300 manat olmaqla, Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru M.Ə.Ələsgərov tərəfindən qəbul edilmiş 18.06.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh İddiaçı məxsus icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən 1360 manat məbləğində daşınar əşyaları özbaşınalıq edərək özü ilə aparmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru M.Ə.Ələsgərov tərəfindən qəbul edilmiş 16.11.2021-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Cavabdeh barəsində istintaq olunan Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Azərbaycanın Zəfər Günü ilə bağlı Amnistiya aktına əsasən xitam verilməsi qərara alınmışdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin materiallarından da göründüyü kimi tərəflər arasında 01.03.2020-ci il tarixində 11 aylıq, aylıq icarə haqqı 300 manat olmaqla icarə müqaviləsi bağlanılmış, cavabdeh tərəfindən icarə haqqı tam şəkildə ödənilməmiş, eyni zamanda icarəyə götürülən qeyri-yaşayış sahəsində yerləşən əşyalar Cavabdeh tərəfindən başqa ünvana aparılmışdır. Hazırda İddiaçı icarə müqaviləsinin ləğv edilməsini, icarəyə verilmiş qeyri-yaşayış sahəsində yerləşən əşyaların geri qaytarılmasını və icarə haqqını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi tərəflər icarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərlərinə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 685.2.1-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Göstərilən Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi tam yerinə yetirməyərək, icarə haqqını tam şəkildə iddiaçıya ödəməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 01.03.2020-ci il tarixdən 30 noyabr 2021-ci il tarixədək olan icarə haqqı məbləği (6000 manat) İddiaçı ödənilməmişdir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən icarəyə götürülən qeyri-yaşayış sahəsindən bir sıra əşyalar özbaşınalıq edilərək başqa ünvana aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı ilə Cavabdeh arasında 01 mart 2020-ci il tarixində bağlanılmış əmlak kirayə müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Ağa Neymətulla küçəsində yerləşən 50 saylı evin (130a) həyətində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməli, ünvan 2 ünvanında yerləşən əşya və avadanlıqlarmasaj stolu (üstü dəri)-3 ədəd, cəmi 390 manat, masaj stolu üçün otacaqlar- 3 ədəd, cəmi 75 manat; oturacaq stulu-6 ədəd, cəmi 150 manat; künc stolu- 3 ədəd, 120 manat, divan və kreslo-2 ədəd, cəmi 230 manat, 2 nəfərlik divan- 1 ədəd, cəmi 125 manat, şkaf güzgülü 9qəhvəyi rəngdə) – 1ədəd, cəmi 70 manat, şkaf güzgülü -1 ədəd, 80 manat, soyuducu – 1 ədəd, 280 manat, televizor- 1 ədəd, 130 manat, kompyuter stolu – 1 ədəd, 45 manat, xalça – 1 ədəd, 80 manat, ümumilikdə 1875 manat dəyərində Cavabdeh alınaraq İddiaçı ödənilməli, Cavabdeh 20 (iyirmi) aylıq kirayə haqqı (01.03.2020-ci il tarixdən 30.11.2021-ci il tarixədək) olaraq 6000 (altı min) alınaraq İddiaçı ödənilməli, ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsində tərəfindən aparılmış olan təmir işləri ilə əlaqədar çəkilmiş xərclərin əvəzini tələb edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təmir ilə əlaqədar 5000 (beş min) manat xərc çəkildiyini bildirsə də, xərcin məhz həmin məbləğdə olmasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid X5, X4 təmirin birbaşa kim tərəfindən aparılmasını, dəqiq tarixi, bu barədə ödənişin kim tərəfindən edilməsini göstərə bilməmişdir. Digər şahidlərin ifadəsi qeyri-dəqiq və ziddiyyətli olmaqla iş üzrə əhəmiyyət kəsb edən faktiki halı təsdiq edə bilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Qeyd olunan Məcəllənin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1090.3-cü maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən icarəyə götürdüyü qeyriyaşayış sahəsində mülkiyyətçinin razılığı olmadan təmir-bərpa işləri aparılmışdır. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təmir ilə əlaqədar çəkilmiş xərclərin əvəzinin tələb edilməsi qanunamüvafiq deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 mart 2020-ci il tarixində bağlanılmış əmlak kirayə müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Ağa Neymətulla küçəsində yerləşən 50 saylı evin (130a) həyətində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. ünvan 2 ünvanında yerləşən əşya və avadanlıqlar- masaj stolu (üstü dəri)-3 ədəd, cəmi 390 manat, masaj stolu üçün otacaqlar- 3 ədəd, cəmi 75 manat; oturacaq stulu-6 ədəd, cəmi 150 manat; künc stolu- 3 ədəd, 120 manat, divan və kreslo-2 ədəd, cəmi 230 manat, 2 nəfərlik divan- 1 ədəd, cəmi 125 manat, şkaf güzgülü 9 qəhvəyi rəngdə) – 1ədəd, cəmi 70 manat, şkaf güzgülü -1 ədəd, 80 manat, soyuducu – 1 ədəd, 280 manat, televizor- 1 ədəd, 130 manat, kompyuter stolu – 1 ədəd, 45 manat, xalça – 1 ədəd, 80 manat, ümumilikdə 1875 manat dəyərində Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) aylıq kirayə haqqı (01.03.2020-ci il tarixdən 30.11.2021-ci il tarixədək) olaraq 6000 (altı min) alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar