Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-526/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Sosial Xidmətlər Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AzGƏC rəhbərliyinin xx.xx.2021-cı il tarixində ona təqdim etdiyi sənədə əsasən orada göstərilən ünvandakı yaşayış kompleksindən 1 otaqlı mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə (həyat yoldaşı və oğlu) 2016-cı il tarixindən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev 4 ünvanında yerləşən sexin həyətində tikilən yataqxanada çox ağır şəraitdə yaşayır. Buna görə AzGƏC-in rəhbərliyi xx.xx.2021 tarixdə, AzGƏC-ə məxsus Nərimanov rayonundakı ərazidə tikilən çox mərtəbəli yaşayış kompleksindən 1 otaqlı mənzillə təmin edilməsinə zəmanət verilməsi haqqında ona sənəd təqdim etmişdir. Bir müddət sonra cənab Prezidentin imzaladığı sərəncama əsasən xx.xx.2021-ci il tarixə qədər ev növbəsində olan bütün gözdən əlillərin evlə təmin olunması həyata keçirilməlidir. O isə 2012-ci ildən ev növbəsindədir. Lakin indiyə qədər mənzillə təmin olunmamışdır. Ağır şəraitdə yaşadığını nəzərə alaraq AzGƏC rəhbərliyinin ona təqdim etdiyi sənədə əsasən orada göstərilən ünvandakı 1 otaqlı mənzilin ona verilməsini tələb edir. Cavabdeh Azərbaycan "Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyi məhkəməyə eiraz ərizəsi təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş edərək qeyd etmişdir ki, AZ.GƏC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən AZ.GƏC-ə 57 mənzil təhvil verilmiş və təhvil verilən mənzillər artıq Bakı şəhəri üzrə mənzil növbəsində olan gözdən əlil vətəndaşların istismarına verilmişdir. Müqaviləyə əsasən bu mənzillərdən bəziləri Bakı şəhəri Nərimanov rayon ərazisində, bəziləri Bakı şəhərində "xxxx" MMC tərəfindən tikilən digər yaşayış komplekslərindən verilmişdir. AZGƏC qeyri-hökumət təşkilatıdır və büdcədən maliyyələşmir. AzGƏC-in mənzil fondu yoxdur. Üzvlərini mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır. AzGƏC Sevinc MMC ilə bağlanan müqaviləyə əsasən özünə məxsus ərazidə qeyri-yaşayış sahələrinin tikintisi üçün müqavilə bağlamış və müqavilədə əlavə olaraq AzGƏC-ə 57 mənzil verilməsi nəzərdə tutulurdu. İddiaçı kimi bir neçə nəfər toplanaraq həmin binada özlərinə qəsd etmək və şantaj yolu ilə aksiya keçirmişdir. Nəticə olaraq onların hər birinə sözügedən məktub verilərək onların mənzil məsələsinə baxılması nəzərdə tutulmuşdur. Bu etirazçılardan əksəriyyəti AzGƏC-in xahişi ilə Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil şəraiti ilə təmin edilmişdir. Məlumdur ki, artıq gözdən əlillərə mənzil verilməsi məsələsi Sosial Xidmətlər Agentliyinin səlahiyyətlərinə daxil edilir. AzGƏC üzvlərini mənzil növbəsinə götürmür və ya onları mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır və bu əsas qanunvericiliklə mümkün deyil. Mənzillərin verilməsi aidiyyəti (səlahiyyətli) icra orqanı tərəfindən həyata keçirilir. Hazırda İddiaçı aidiyyəti sənədləri sözügedən qurum tərəfindən baxılmaqdadır. İddiaçı mənzil növbəsinə 1 otaqlı mənzilə ehtiyacı olan qismində sənədləşdirilmişdir. Bu baxımdan hal-hazırda bir otaqlı mənzillər olmadığına görə vətəndaşın mənzil şəraiti ilə təmin edilməsi mümkün olmamışdır. Lakin yaxın gələcəkdə onun mənzil şəraiti ilə təmin edilməsi qanunvericilik və sənədlərinin hüquqi qiymətləndirilməsi aparıldıqdan sonra mümkün olacaq. İddiaçı AzGƏC tərəfindən verilmiş təminata əsasən onun mənzil növbəlik statusu barədə Sosial Xidmətlər Agentliyinə məlumat verilmişdir. AzGƏC üzvlərinin ümumiyyətlə mənzil şəraiti ilə təmin edilməsi öhdəliyi daşımır. Hal-hazırda mənzil növbəsində olan gözdən əlil vətəndaşların mənzil şəraiti ilə təmin edilməsi səlahiyyətini ƏƏSMN tabeiliyində Sosial Xidmətlər Agentliyi daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 bildirmişdir ki, onlarla Sosial Xidmətlər Agentliyindən əlaqə saxlanılmayıb, mənzil də təklif edilməyib. Cəmiyyətin onlara verdiyi sənədə əsasən 1 otaqlı ev veriləcəyi bildirilmişdir. Onlar acınacaqlı vəziyyətdə yaşayırlar. O yaşayış yeri üzrə mənzillə təmin edilməsini istəyir. Qeyd edir ki, 1 otaqlı mənzil növbəsinə yazılmışdılar. Onlara deyilmişdir ki, 4-cü binada 1 otaqlı mənzil veriləcək. Lakin mənzillər pul qarşılığında başqa şəxslərə verilib. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Sosial Xidmətlər Agentliyi” PHŞ-nin nümayəndəsi X2 bildirmişdir ki, onun çalışdığı qurum 2020-ci ildə yaranıb. 16 avqust 2021-ci il tarixli Nazirlər Kabinetinin qərarında yerli icra hakimiyyəti tərəfindən qeydə alınmış şəxslərə Xocasən, Sumqayıt və Hövsan ərazisində mənzillər verirlər. Lakin iddia edilən ərazidə onların mənzilləri yoxdur. Başqa ərazidə mənzil verə bilərlər. Onlarda hazırda 1-2 otaqlı mənzillər yoxdur, 3 otaq var. Sərəncama əsasən 1 adama 16 kv.m sahə düşür. İddiaçının onlara müraciəti də yoxdur. Onlara rəsmi müraciət edilsə, məsələyə baxılacaqdır, lakin icra hakimiyyətindən onlara məlumat verilməmişdir. Gözdən Əlillər Cəmiyyətinin balansında mənzillər var idi. Gözdən Əlillər 2021-ci ilin 16 avqust tarixinə kimi mənzil verə bilirdi. X6 Cəmiyyətinin balansında mənzil olub-olmadığı barədə onlarda məlumat yoxdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı şəhərin mərkəzindən ev istəyir. Sosial Xidmətlər Agentliyi tərəfindən təklif edilən evi isə qəbul etmir. Mənzil verilməsi səlahiyyəti onlarda deyil, bununla bağlı Sosial Xidmətlər Agentliyinə səlahiyyət verilmişdir. Bundan başqa isə Gözdən Əlillər Cəmiyyəti iddiaçını mənzil növbəsinə yazmayıb. Onların mənzil vermək kimi öhdəlikləri yoxdur. 2021-ci ildən mövcud olan 75 mənzil ehtiyacı olan şəxslərə verilmişdir. Bu barədə Sosial Xidmətlər Agentliyinə müraciət edilib və agentliyin razılığı əsasında onlar mənzilləri vermişlər. Ərazi onlara məxsus olub, tikinti üçün MTK-ya icazə vermişlər. MTK da bunun qarşılığında mənzil verib. Hazırda isə onlarda mənzil qalmayıb, artıq onların belə bir səlahiyyəti də yoxdur. Bu məsələdə səlahiyyətli şəxs Sosial Xidmətlər Agentliyidir. Məhkəmə iclasda iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nin AZGƏC-in üzvü İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, AzGƏC ilə "xxxx" MMC arasına bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov 196 ünvanında 5 girişli 16 mərtəbəli yaşayış binaları tikilir. Müqaviləyə əsasən bu binalardan gözdən əlillər üçün ayrılmış mənzillər binalar tikilib başa çatdırıldıqdan sonra AzGƏC-in mənzil növbəsində dayanan üzvlərinin istismarına veriləcək. Mənzillərin istismara verilməsi 2022ci ilin sonunda nəzərdə tutulur. Bunun üçün Azərbaycan Respublikasının Mənzil Qanunvericiliyinə uyğun olaraq Mənzil Komissiyası yaradılacaq və mənzillər Bakı şəhəri üzrə 12 rayon İcra Hakimiyyətlərinin iştirakı ilə keçirilən Komissiyanın qərarı əsasında Bakı şəhərində mənzil növbəsində olan gözdən əlil vətəndaşlara növbəlik prinsipləri əsas tutulmaqla istismara veriləcək. AzGƏC-in rəhbərliyi Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 105 saylı sərəncama əsasən sonradan özünüzün qeydi ilə 3 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmə barədə məlumatlandırılmışdır. AzGƏC-in rəhbərliyi ailə tərkibinizə uyğun olaraq Azərbaycan Respublikası mənzil Qanunvericiliyi və növbəlik prinsipləri əsasında sözü gedən yaşayış binalarında l saylı binadan l otaqlı mənzil ilə təmin edilməyə zəmanət verir; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışın surətindən görünür ki, İddiaçı birinci dərəcə əlil olmaqla, əmək qabiliyyətsizdir; - Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamdan çıxarışının surətindən görünür ki, vətəndaş İddiaçı 1 nəfər ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınması və İ qrup gözdən əlillərin güzəştli siyahısına daxil edilməsi qərara alınmışdır; - 01 noyabr 2019-cu l tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh ilə "xxxx" MMC yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında xx.xx.2015-ci il tarixli müqaviləyə dair əlavə razılığa gəlinmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İ qrup gözdən əlil olmaqla, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə 1 nəfər ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmış və İ qrup gözdən əlillərin güzəştli siyahısına daxil edilmişdir. Hazırda iddiaçı onun üçün nəzərdə tutulmuş 1 otaqlı mənzilin verilməməsinə əsaslanaraq, cavabdeh tərəfindən müvafiq mənzillə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 95-ci maddəsinə əsasən, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. “Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” AR Qanununun 2.1ci maddəsinə görə, ictimai birliklər təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamında qeyd edilmişdir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının qəbul edilməsinin əsas prinsip və məqsədi sərəncamda göstərilən kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi olmuşdur. Həmin sərəncamda qeyd edilən şəxslərin mənzillə təmin edilməsi ilə bağlı öhdəlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X7 üzərinə qoyulmuşdur. Adıçəkilən sərəncamın qüvvəyə mindiyi tarixədək iddiaçı mənzil uçotuna alındığından onun gözdən əlil kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsi hüququ yaranmışdır. Lakin həmin hüququn həyata keçirilməsinin təmin edilməsində cavabdehlik daşıyan təşkilat məhz Soial Xidmətlər Agentliyidir. Hazırki iş üzrə ictimai birlik olan cavabdeh müəyyən sosial layihələr həyata keçirə, üzvlərinin sosial rifahının yaxşılaşdırılması üçün müəyyən xidmətlər göstərə bilər, lakin cavabdeh ictimai birlik gözdən əlillərin mənzil təminatı ilə bağlı hər hansı bir öhdəlik daşımır. Belə ki, bu sahədə dövlət siyasətini həyata keçirən konkret inzibati orqan var və həmin inzibati orqan gözdən əlillərin mənzil təminatını həyata keçirir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hazırki iddia tələbi üzrə cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mənzil verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı mənzil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-526/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-526/2025
05.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver