Məhkəmə qərarları › İş №2(005)-5263/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5263/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5263/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Üçüncü şəxs Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları - 02.04.2010- cu il təvəllüdlü X4 və 22.04.2013-cü il təvəllüdlü X3 ilə birlikdə əvvəllər, yəni 28.06.2009-cu il tarixdən yaşadığı və cehiz əşyalarının yerləşdiyi, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal, ŞİT, 44 saylı sənədsiz, özütikili evə köçürülməyi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 28.06.2009-cu il tarixdə Səadət Sarayında (Bakı nikah evində) rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam və cehiz əşyalarında Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal, ŞİT, 44 saylı evə gəlin köçmüşdür. Birgə nikahdan 02.04.2010-cu il tarixdə X4, 22.04.2013-cü il tarixdə isə X3 anadan olmuşlar.Mütəmadi olaraq ailədə yaranan mübahisələr, dava-dalaşlar nəticəsində övladlarında birlikdə gəlin köçdüyü, cehiz, əşyalarının yerləşdiyi evdən qovulmuşdur. Hal-hazırda yaşamağa yeri olmadığına görə müvəqqəti olaraq ata evində sığınacaq tapmışdır. Onların birgə yaşamağı və ailənin saxlanması qeyri-mümkün olduğundan tərəfindən Cavabdeh1 qarşı “Nikahın pozulması, aliment tələbinə” dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırılmışdır. İddia ərizəsi üzrə 2(005)-4764/2021 saylı mülki iş hakim Aytən xanım Novruzovanın icraatındadır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.09.2021-ci il tarixli, **********35 saylı cavab məktubunda Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal şitilliyi, 44 saylı evin dövlət qeydiyyatından keçməsi barədə məlumatın aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul edərək, iddiaçının gəlib övladları ilə mübahisəli mənzildə yaşamasına etiraz etmədiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Cavabdeh2 iddia tələbinin qəbul edərək, iddiaçının övladları ilə mənzilə köçüb yaşamasına etiraz etmədiyini, habelə mübahisəli mənzilin özbaşına tikili olduğunu, həmin tikilinin onun qaynanasına məxsus olduğunu, ailə qurduqdan sonra mübahisəli mənzilə köçüb yaşadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli №05/Q- 552/69 saylı nikah haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında 28 iyun 2009-cu il tarixdə nikah haqqında 1593 №-li akt qeydi tərtib olunmuşdur. Ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş AZ-İİ №441025 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 02 aprel 2010-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 30 aprel 2010-cu il tarixdə 866№ ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş AZ-İİ №100013saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 22 aprel 2013-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 30 aprel 2013-cü il tarixdə 794 № ilə qeyd edilmişdir. DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal, ŞİT, 44 saylı evdə qeydiyyatdadır. Mülki iş materiallarından, tərəflərin izahatından görünür ki, iddiaçının cavabdehlə faktiki nikah münasibətləri pozulana qədər İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal, ŞİT, 44 saylı mənzildə yaşamışdır. İddiaçının və azyaşlı uşağının yaşamaq üçün başqa yeri yoxdur. İddiaçının öz atasına məxsus evdə yaşamasını təsdiq edən sübutlar mövcud deyil. Hal-hazırda mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, hazırki mübahisəli yaşayış yeri tərəflərdən hər hansı birinin qazancı, gəlirləri ilə tikilməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mübahisəli tikili iddiaçı ilə cavabdehin yaşayış yeridir. Cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə qənaətini onunla formalaşdırır ki, qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyil. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə yuxarıda sadalananlarla yanaşı iddia tələbi ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə izahatlarını məhkəmədə ifadə etdiyindən məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı azyaşlı övladları 02.04.2010- cu il təvəllüdlü X4 və 22.04.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal, ŞİT, 44 saylı evə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar