Məhkəmə qərarları › İş №2(005)-535/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-535/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-535/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh ASC-yə qarşı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 06 sentyabr 2012-ci il tarixli, 248-12/P-EB-02 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə məlumatın Azərbaycan Kredit Bürosu MMC-yə ötürülməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X3 arasında 06 sentyabr 2012-ci il tarixli, 248-12/P-EB saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən bank tərəfindən Q.Şahbazova 8800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə mənim aramda 06 sentyabr 2012-ci il tarixli, 248-12/P- EB-02 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Müqavilə 24 ay müddətinə bağlanmışdır. Müqavilənin bağlanmasından artıq 11 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasəan Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddəi təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində göstərilən müddət başa çatmışdır. Bu müddət ərzində bank ona qarşı hər hansı tələb irəli sürməmişdir. Adına olan müqavilə onun hüquqlarımı pozur, o kredit götürə bilmir. Qeyd olunanlara əsasən hesab edir ki. "xxxx" ASC ilə aralarında bağlanmış 06 sentyabr 2012-ci il tarixli. 248-12/P-EB-02 saylı Zaminlik Müqaviləsinə xitam verilməsi nə dair məhkəmə qətnaməsi çıxarılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddiaçıya qarşı bank tərəfindən iddia tələbi ilə müraciət edilmədiyini, kredit müqaviləsi üzrə məhkəməyə müraciət ediliyini və iddia tələbinin təmin edildiyini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - 06 sentyabr 2012-ci il tarixli, 248-12/P-EB-02 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun 06 sentyabr 2012-ci il tarixli 248-12/P-EB- 02 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Müqavilənin 7-ci bəndində qeyd edilir ki, müqavilə 24 ay müddətinə bağlanmış, müqavilə bağlandığı andan qüvvəyə minir və bu müqavilədə qeyd edilən müddət bitənə qədər qüvvədə qalır. -Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-740/2018 saylı, 18 yanvar 2018ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC tərəfindən cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, iddia tələbi təmin edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh ASCarasında bağlanmış 06 sentyabr 2012-ci il tarixli, 248-12/P-EB-02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 06 sentyabr 2012-ci il tarixli 248-12/P-EB-02 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götür. Müqavilə 24 ay müddətinə bağlanmışdır. Hazırda iddiaçı tələb irəli sürərək zaminlik müqaviləsinin müddəti bitdiyindən ona xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, “... Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir...” Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018- ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminliyin xitamı əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: - zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; - əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; - kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, zaminlik müqaviləsində onu 24 ay müddətinə bağlandığı qeyd edilsə də, həmin müqaviləyə uzun müddət keçməsinə baxmayaraq, xitam verilməmişdir. Eyni zamanda iş materiallarından olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 740/2018 saylı, 18 yanvar 2018-ci il tarixli qətnaməsindən və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, bank tərəfindən zaminə qarşı hər hansı iddia qaldırılmamışdır. Hazırda zaminlik müqaviləsinin aktiv olması iddiaçının hüquq və qanuni maraqlarının pozulması ilə nətəcələnir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilmişdir. Belə ki, müqavilənin 7.1-ci bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 24 ay ərzində Kreditor Zaminə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanılmış Zaminlik müqaviləsi üzrə zaminlik Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq konkret müddət təyin edilməklə verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Beləliklə, məhkəmə hesab edir ki, həmin vaxtdan zaminlik müqaviləsi üzrə məsuliyyət yaranmış və müqavilənin icrası ilə bağlı həmin müddət ərzində iddiaçıya qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4- cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Həmin Qanunun 18.8-ci maddəsinə əsasən, kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, nəzarət orqanına və məhkəməyə şikayət verə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06 sentyabr 2012-ci il tarixli, 248-12/P-EB-02 saylı zaminlik müqaviləsinə xitam verilmiş hesab edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06 sentyabr 2012-ci il tarixli, 248-12/P-EB-02 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə məlumatın "xxxx" MMC-yə ötürülməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06 sentyabr 2012-ci il tarixli, 248- 12/P-EB-02 saylı zaminlik müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06 sentyabr 2012-ci il tarixli, 248- 12/P-EB-02 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə məlumatın "xxxx" MMC-yə ötürülməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar