Məhkəmə qərarları › İş №2(005)-5436/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5436/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5436/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhməzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bəşirova Mir-Nətavan Mir-Həsən qızı, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi. 27 saylı evin 14 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Dövlət notariusu tərəfindən təsdiq olunmuş 16 avqust 2019-cu il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 27 saylı evin 2 otaqdan ibarət ümumi sahəsi 46,1 kv. metr olan 14 saylı mənzili satın almışam. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş 22.08.2019cı il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxanşa əsasən qeyd olunan ev mənim mülkiyyətimə verilmişdir. Bu yaxında ona məlum olmuşdur ki, X3 ailə üzvləri Bəşirova Mir- Nətavan Mir-Həsən qızı, Cavabdeh2 və Cavabdeh3 mənzildən qeydiyyatdan çıxmamışlar. Hazırda cavabdehlər Bəşirova Mir-Nətavan Mir-Həsən qızı, Cavabdeh2 və Cavabdeh3 hansı ünvanda yaşamalan ona məlum deyildir. Bu vəziyyət çox davam edə bilməz, çünki evə kommunal xidmət xərcləri tələb olunur, onun isə bunu ödəməyə imkanı yoxdur. Eyni zamanda cavabdehlərin uzun müddət onun xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olmaları onun Konstitusiya ilə təsbit olunmuş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AN-İ № ******* saylı 16.08.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 27 saylı evin 2 otaqdan ibarət ümumi sahəsi 46,1 kv. metr olan 14 saylı mənzili İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrıqeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 27 saylı evin 14 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış məktubunda qeyd olunur: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. İş materiallarında olan , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqında Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 22.08.2019cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 27 saylı evin 14 saylı mənzili İddiaçı tam mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, AN-İ № ******* saylı 16.08.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 27 saylı evin 2 otaqdan ibarət ümumi sahəsi 46,1 kv. metr olan 14 saylı mənzili İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqında Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 22.08.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 27 saylı evin 14 saylı mənzili İddiaçı tam mülkiyyətindədir. Hazırda cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadır. (27.11.2020-ci il tarixli, ******* nömrəli ASAN 1 tərəfindən verilmiş arayış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 27 saylı evin 14 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 27 saylı evin 14 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar