Məhkəmə qərarları › İş №2(005)-5468/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5468/2021

06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5468/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1988-1993-cü illər ərzində Ağdam şəhər 5 nömrəli orta məktəbdə işləməyi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.09.1988-ci ildən 31.12.1993-cü ilə qədər Ağdam şəhər 5 nömrəli orta məktəbdə rus dili və ədəbiyyatı üzrə müəllim vəzifəsində çalışaraq, fasiləsiz iş stajı olmuşdur. Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra, 1993-cü il tarixdən Bakı şəhərində məskulaşmışlar. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, o, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün lazımi orqana müraciət etmişdir. Lakin həmin təşkilat, yəni ƏƏSMN-nin X2 Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən mənə imtina məktubu yazılmışdır. O, 1988-ci ildən 1993-cü ilə qədər Ağdam şəhəri, 5 nömrəli orta məktəbdə işlədiyi barədə Arxiv arayışının verilməsi məqsədilə X1 Filialına müraciət etmişdir. Arxiv İdarəsindən ona ünvanlanan məktubda qeyd edilmişdir ki, Ağdam şəhəri, 5 nömrəli orta məktəbin 1988-1993-cü ilə qədər olan Arxiv sənədləri işğalda qaldığı üçün filialda mühafizə olunmur. Məlum olduğu kimi vətəndaşlara müəyyən halların təsdiq olunması üçün Arxiv sənədləri lazım olur. Lakin onun düşdüyü vəziyyətdə Respublikada baş vermiş hadisələrlə əlaqədar Arxiv sənədləri əldə etmək mümkün deyildir. Onun həmin dövrdə qeyd etdiyi məktəbdə işləməyi ilə bağlı müəyyən sayda şahidləri vardır. Belə hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddəalar insanların köməyinə gəlir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı 06.12.2021-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Ərizəçi ərizədə 01.09.1988-ci il tarixdən 31.12.1993-cü il tarixədək Ağdam rayonu şəhər 5 nömrəli məktəbdə rus dili və ədəbiyyatı üzrə müəllim vəzifəsində çalışdığını lakin bu faktı təsdiq edən sənədləri əldə edə bilmədiyini qeyd etmişdir. Həmin faktı təsdiq edən hər hansı bir sənəd olmamasını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, icraatda olan 2(005)-5468/2021 saylı iş üzrə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ən azı iki nəfər şahid olmalı: Şahidlər ərizəçini birgə isdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (isə daxil olma və isdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz.Ona görə iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 306.4-ci maddəsinə əsasən Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub- olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Qeyd edilənlərə əsasən, ərizəçi şəxsin müvafiq ərizədə qeyd etdiyi fakt barədə mübahisə yaranmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259- 260-cı və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi maraqlı şəxs tərəfindən verilmiş imtina cavabını ümumi əsaslarla inzibati məhkəmədə mübahisələndirmək hüququ izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar