Məhkəmə qərarları › İş №2(005)-547/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-547/2023

11.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-547/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya” İdarəsinin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ Geofizika və Geologiya İdarəsindən ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 2726 (iki min yeddi yüz iyirmi altı) manat məbləğinin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ-nin xx.xx.2022-ci il əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndində göstərilmişdir ki, 'Bu əmr-qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixindən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bu ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir". Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutulmuşdur. O, cavabdeh təşkilata müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. İşdən çıxma ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və onu da bildirmişdir ki,Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, bəzi idarələr isə məhkəmə araşdırmasını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə qaytarmışlar. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır. Buna görə də qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya” İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh tərəf iddia ərizəsinə yazılı etiraz təqdim edərək etirazında göstərmişdir ki, iddiaçı öz ərizəsində Geologiya və Geofizika İdarəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməsi ilə əlaqədar iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğindən tutulmuş gəlir vergisinin ona ödənilməsini xahiş etmişdir. İddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçıla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla AR ƏM-nin 69cu maddəsinin 3-cü hissəsinə, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanlandığı ərizəsinə uyğun olaraq, əmək müaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2012-ci il tarixli, 81/14-29ə nömrəli birgə əmr qərarına əsasən həmin məbləğ İddiaçı ödənilmişdir. AR Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən yaşa görə təqaüdə çıxan işçilərə ödənilən müavinətin 1000 (bir min) manatadək olan hissəsi gəlir vergisindən azad edilir. İddiaçıla bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti ödənilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. AR VM ilə müəyyən olunmuş fiziki şəxslərdən tutulan gəlir vergisi əhalinin ödədiyi vergilər arasında mühüm yer tutur. Dünyanın bütün ölkələrində bu vergi növünün geniş yayılması bir sıra amillərlə bağlıdır. Bu verginin əsas üstünlüyü ondan ibarətdir ki, ölkənin bütün əmək qabiliyyətli əhalisi həmin verginin ödəyicisidir. Eyni zamanda, digər vergilərə nisbətən vergi orqanlarının bu vergiyə nəzarət etməsi daha asandır və ondna yayınma halları xeyli mürəkkəbdir. Fiziki şəxslərin gəlir vergisindən azad olunma halları ARVM də öz əksini tapmışdır. AR VM –nə əsasən qeyd etmişdir ki, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğinin tamamilə gəlir vergisindən azad olunması üçün heç bir qanuni əsas yoxdur. İşdənçıxma müavinətinin hüquqi mahiyyəti, onun müəyyən edilməsi və ödənilməsi qaydaları AR ƏM ilə müəyyən edilmişdir. AR ƏM görə, işdənçıxma müavinəti işçiyə, yalnız onunla bağlanmış əmək müqaviləsi, həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin “c” və “ç” bəndlərinə və 74-cü maddəsinin “a” və “c” bəndinə əsasən, ləğv edildiyi halda, Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq ödənilir. Başqa sözlə, işçinin işdənçıxma müavinətini almaq hüququ, onun işəgötürənlə olan əmək münasibətlərinə yuxarıda göstərilən əsaslarla xitam verildikdə yaranır. AR VM-nin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri,işçilərin sayının və ştatlarının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR ƏM-nə müvafiq ödənilən təminatlar, habelə AR-nın qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, ARDNŞ-nin və ANQSİHİRK-nin sözügedən birgə əmr qərarına əsasən, İddiaçı orta aylıq əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir. Bu səbəbdən, həmin pul vəsaiti AR VM-nə uyğun olaraq fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. AR VM-nin 102-ci maddəsində birbaşa göstərilməmiş hər hansı digər ödəniş növlərinin gəlir vergisindən azad edilməsi yalnız vergidən azad olunmuş belə gəlirlərin siyahısına əlavə etmək yolu ilə mümkündür. Bu isə ARK-na görə qanunverici orqan sayılan ARMM-nin səlahiyyətindədir. AR VM-nin 97.1-ci maddəsinə əsasən, rezident vergi ödəyicisinin gəliri onun AR-da və AR-nın hüdudlarından kənarda əldə etdiyi gəlirlərdən ibarətdir. VM-nin 97.3-cü maddəsinə əsasən, muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir, vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsinə yaranan artımdan başqa bütün digər gəlirlər gəlirlərə aiddir. AR VM-nin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir-əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Bu maddənin normasından göründüyü kimi, İddiaçı ödənilmiş vəsait muzdlu işlə əlaqədar ödəməyə aiddir. Geofizika və Geologiya idarəsi kommersiya təşkilatı olduğu üçün işdən azad olan işçilərə ödənilmiş sözügedən orta aylıq əmək haqqının beş misli məbləğləri İdarənin kommersiya fəaliyyətindən əldə olunan mənfəətdən ödənilir. AR VM-nin 102.1.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, orada sadalanan güzəştlər sadəcə dövlət büdcəsinin vəsaiti hesabına ayrılan və dövlət büdcəsindən ödənilən birdəfəlik müavinətlərə verilir. İdarənin hüquqi şəxs olması və maliyyə mənbəyini sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin təşkil etməsi, həmin gəlir hesabına xərclərini ödəməsi, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməsini nəzərə alaraq, İddiaçı gəlir vergisi VM-nin 102.1.4-cü maddəsinin tələblərinə əsasən düzgün tutulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz təqdim edərək, bildirmişdir ki, X1 iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, İddiaçı ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 2.726,0 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ-nirı Geofizika və Geologiya İdarəsi il onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmr qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. İddiaçının gətirdiyi bu dəlilinə münasibətdə bildirməliyik ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Həmçinin iddiaçı iddia tələbini AR VM-nin 102.1.4-cü və ƏM-nin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulması yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Bununla bağlı bildirmişdir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir:

1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri;

2. hüquqi şəxsin, onun filialı və nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatlarının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə AR-nın ƏM-nə müvafiq ödənilən təminatlar;

3. AR-nın qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar; Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olub, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi ilə əsaslandırılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan 16 sentyabr 1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxaması ilə əlaqədar onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmək kitabçasında aparılmış qeyddən görünür ki, xx.xx.2022-cu il tarixli, əmrlə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi yaşa görə təqaüdə çıxması müqaviləyə xitam verilərkən təminatlar ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı haqq-hesab vərəqəsindən görünür ki, ödəniləcək məbləğ 14.119,34 manat olmuş, həmin məbləğdən gəlir vergisi qismində 2.726 manat tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət etmiş və 60 manat məbləğində mediator xərci ödəmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh təşkilatda işləmiş İddiaçı ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-ci bəndinə əsasən əsasən orta əmək haqqının 5 misli məbləğində 14.119,34 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə, 2.726 manat vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxarma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul müavinətinin verilməsi qərara alınmış və həmin məbləğ hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. İş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materialları ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçıların təqaüdə çıxmaları ilə əlaqədar ərizələri əsasında öz təşəbbüsləri ilə işdən azad olunmuş və onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halındandır. Göründüyü kimi, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi iləişçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Bundan başqa, cavabdehin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş əmək kitabçasının və xx.xx.2022-xx.xx.2022-ci il tarixli son haqq-hesab vərəqəsindən görünür ki, cavabdeh təşkilatda işləmiş İddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 2.726 manat manatı iddiaçıya qaytarılmalıdır. Məhkəmə Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş razılaşmada da da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalı və ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-c bəndinə əsasən iddiaçıya ödənilməmiş 5 misli məbləğində müavinətin ödənilməyən hissəsi olan 2.726 manat vəsait Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən İddiaçı xeyrinə 2726 (iki min yeddi yüz iyirmi altı manat) manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar