Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-547/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair ilk; Cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 92 A, mənzil 13 ünvanında yerləşən evə köçürülməsi və həmin evdə yaşamağına cavabdeh və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş və doğulduğu vaxtdan ünvan 2 ünvanında qeydiyyatda olmaqla həbs edildiyi tarixədək, xx.xx.2010-cu ilədək orada yaşamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Həmin mənzildə yaşamaq istəsə də, başqa şəxslərin yaşadığını müəyyən etmişdir. Mənzilin vərəsəlik qaydasında qardaşı Cavabdeh mülkiyyətinə verilməsi barədə məlumat əldə etmişdir. Doğulduğu vaxtdan hazırkı vaxtadək həmin ünvanda qeydiyyatdadır və yaşamağa hər hansı digər yaşayış sahəsi yoxdur. Həbsdən yeni azad olunduğundan kirayə yaşamağa maddi imkanı yoxdur. Mənzilə köçmək istəsə də, cavabdeh müxtəlif vasitələrlə köçürülməsinə razılıq vermir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə Cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 92 A, 13 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı onun doğma qardaşıdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2010-cu il tarixdə deyil, 1996-cı ildə həmin mənzildən köçmüş, 1997-1999-cu illərdə Füzuli rayonunda hərbi xidmətdə olmuşdur. Xidmətdən qayıtdıqdan sonra isə elə həmin il ailə həyatı quraraq həyat yoldaşının “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən evində yaşamış, 2003-cü ildə övladı dünyaya gəlmiş və 2004-cü ildə həyat yoldaşından ayrılmışdır. Pis vərdişləri olduğu və mərhum V.Əliyevə məxsus 1500 manat məbləğində pul vəsaitini oğurladığı üçün 2006-cı ildən ümumiyyətlə həmin mənzilə gəlməsi mərhum atası tərəfindən qadağan edilmişdir. O, xx.xx.2010-cu il tarixdə atası mərhum X1 yaşadığı ünvana (sözügedən mənzilə) qanunsuz daxil olmaqla xüsusi amansızlıqla onu qətlə yetirmiş, sonra atasına məxsus pul vəsaitini götürmüş və bununla kifayətlənməyərək sözügedən mənzilə qəsdən od vuraraq yandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı ləyaqətsiz vərəsə elan edilmiş və vərəsəlikdən məhrum edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı köçüb yaşamaq istədiyi mənzil qətlə yetirdiyi şəxsə məxsus olmuş, cinayət hadisəsinin baş verdiyi 1 otaqlı mənzildir. O, öz doğma qardaşlarına da hədə-qorxu gələrək onları ölümlə hədələyir. Belə bir şəxs həmin 1 otaqlı mənzilə köçürülərsə, orada yaşayan şəxslərin onunla bir mənzildə qalmaları və yaşamaları nə dərəcədə mümkün hesab edilə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, o mübahisəli mənzildə cinayət törədənə qədər yaşamışdır. Hazırda başqa yaşayış yeri olmadığından mübahisəli mənzilə köçmək istəyir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini qəbul etməyərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı 1996-cı ildən mübahisəli mənzildən çıxmış, yalnız qeydiyyatda olmuşdur. Atasını öldürdüyündən qardaşları onunla birlikdə yaşamaq istəmirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 92 A, mənzil 13 ünvanında qeydiyyatdadır; 54 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tariхli arayışdan görünür ki, İddiaçı X3 küçəsi, ev 92 A, 13 nömrəli mənzildsə paspоrt qeydiyyatındadır; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-419/11 saylı hökmünə əsasən İddiaçı üzərində qəti olaraq, əmlakı müsadirə olunmamaqla 14 il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması və narkomaniyadan məcburi müalicə edilməsi hökm edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 2952/2018 saylı qətnaməsinə əsasən İddiaçı miras qoyan X1 ləyaqətsiz vərəsə elan edilməsi və vərəsəlikdən məhrum edilməsi qətnamə edilmişdir; ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 92 A, mənzil 13 xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; 2 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X2 vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, 2V-1096 nömrəli şəhadətnamələrə əsasən ona çatası ½ hissə olan payını vərəsə sırasında olan və ½ hissə payı olan Cavabdeh bağışlamışdır; xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-ci il tarixdə vəfat etmiş X1 vərəsələri oğulları X2 və Cavabdehdur və onların hər biri miras əmlakdan 1/2 hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 92 A, mənzil 13 ünvanında yerləşən yaşayış sahəsi 16,2 kv.m, 1 otaqlı mənzildən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlar və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzilin sahibi olan atasını öldürmüş, daha sonra ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-419/11 saylı hökmünə əsasən 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Daha sonra iddiaçının digər qardaşlarının apellyasiya şikayəti nəticəsində Bakı Appelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2952/2018 saylı qətnaməsinə əsasən miras qoyan X1 ləyaqətsiz vərəsəsi elan edilmiş və vərəsəlikdən məhrum edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X2 mübahisəli mənzilin ona aid 1/2 miras payını qardaşı Cavabdeh bağışlamışdır. Bu müqavilə nəticəsində mübahisəli mənzil olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 92 A, mənzil 13 Cavabdeh tam mülkiyyətinə keçmişdir. Bu fakt ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənir, çıxarışda mənzilin xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınması göstərilmişdir. Hazırda iddiaçı həbsdən yeni azad olunduğu üçün maddi imkanı və başqa yaşayış sahəsi olmadığından mübahisəli mənzilə köçmək istəyir. Lakin mübahisəli mənzil qardaşı Cavabdeh mülkiyyətinə keçmişdir. İddiaçının sözügedən mənzildən istifadə hüququnun yaranması müvafiq qanunvericilik normalarına əsasən yanlız mənzilin mülkiyyətçisinin razılığı əsasında həyata keçirilə bilər. Qarşılıqlı iddia ərizəsi və məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatlarından görünür ki, cavabdeh iddiaçı ilə birlikdə yaşamaq istəmir. Belə olan halda iddiaçının evə köçürmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Qanunvericilik normalarından göründüyü kimi iddiaçının mübahisəli mənzilə köçürülməsi, o zaman mümkün ola bilərdi ki, o ailə üzvü kimi cavabdeh ilə birlikdə həmin mənzildə yaşamış olardı. Lakin işin araşdırılmış halları ilə göstərilən xüsusatlar təsdiq olunmadığından iddiaçının mübahisəli mənzilə köçürülməsi mümkünsüzdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilk iddiada İddiaçı ilk iddiada Cavabdeh (mülkiyyətçinin) Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd edilən ailə üzvü olmadığından (arvadı (əri), uşaqları və valideynləri) və özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli evə köçürülməsi üçün qanuni əsaslar mövcud deyildir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı evə köçürmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Eyni Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 87-ci maddəsinə görə isə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Təqdim edilmiş sübutlardan və tərəflərin izahatlardan görünür ki, İddiaçı xeyli müddətdir ki, həmin ünvanda yaşamır. Belə ki, İddiaçı 14 ilə yaxındır ki, məhkum olmuş və qeyd edilən mənzildə yaşamamışdır. Beləliklə, işdəki sübutların məcmusu cavabdehin mübahisəli mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyinin tələbləri baxımından İddiaçı mənzildən istifadə hüquqlarının hazırda mövcud olması müəyyən edilmir. İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaları faktı isə onların daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Hazırki işdə ilkin iddia rədd edildiyindən İddiaçı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı evə köçürmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması barədə ilkin iddiası təmin olunmamalıdır. İlk iddia tələbi evə köçürmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılmadan ibarət olduğundan və ilk iddia təmin edilmədiyindən, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, İddiaçı mübahisəli mənzilə köçürülməsi tələbi təmin edilməmiş, o, həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, İddiaçı həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürmə və evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması barədə ilkin iddiası təmin olunmasın. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 92 A, 13 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları, rüsum ödəyicilərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-547/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-547/2025
21.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver