Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5527/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və onun ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ üzrə ona məxsus 3 (üç) otaqdan ibarət mənzilindən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı 16 iyul 2021-ci ildə Bakı şəhəri 9 saylı notariat ofisində X7 məxsus ünvan 2 ünvanda yerləşən 47 kv/m sahədən ibarət olan 3 otaqlı mənzili onun etibarnamə əsasında nümayəndəsi ünvan 3 ünvanda qeydiyyatda olan Cavabdeh 35.000 manat ödəyərək əldə etmişdir. Əslində o, Cavabdeh notariat ofisində ödədiyi 35.000 (otuz beş min) manatdan əlavə qeyri-rəsmi olaraq 60.000 (altmış min) manat pul ödəmişdir. Ona ümumilikdə 95.000 (doxsan beş min) manat pul ödəmişdir. Həmin qeyri-rəsmi ödədiyi məbləği təsdiq edən şahidi vardır. Lakin keçmiş mülkiyyətçinin etibarnamə əsasında nümayəndəsi Cavabdeh hal-hazırda müqavilə şərtlərini pozaraq ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxmaq istəmir. O, dəfələrlə cavabdehə ailə üzvləri ilə birlikdə evi boşaltmasını tələb etsə də, onlar onun tələblərini rədd edərək ona məxsus mənzildə yaşamağa davam etmişlər. Sonradan Cavabdeh belə vicdansız davranışının səbəbi ona məlum olmuşdur. Belə ki, cavabdeh ondan başqa şəxslərdən də böyük miqdarda pul alaraq qeyri-rəsmi olaraq onlara da ev verəcəyinə söz vermişdir. Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Nərimanov RPİ-sindən ona həmin işin mülki iş olduğu üçün məhkəməyə müraciət etməyini bildirilmişdir. Cavabdehlər Cavabdeh və onun ailə üzvlərinə dəfələrlə evi tərk etmələri barədə xəbərdarlıq etməyinə baxmayaraq onlar həmin evdə qanunsuz olaraq yaşamaqlarını davam etdirmişlər. O, cavabdehlərə görə ev üzərində sahiblik, istifadə və sərəncam hüququnu tam həyata keçirə bilmir. Məhkəmədən xahiş edir ki, cavabdehlər Cavabdeh və onun ailə üzvlərinin ünvan 4 ünvandakı ona məxsus mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilsin. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, o iddiaçıya ev satmamışdır. İddiaçıdan 35.000 manat borc almışdır. Notariat Kontorunda müqavilə imzalanarkən onun alqı-satqı olmasını bilməmiş, ona izah edən olmamışdır. Hazırda 35.000 manatı qaytarmağa hazırdır. Ona görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi və vəkili 27.12.2021-ci il tarixdə ərizə təqdim edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının təxirə salınmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 23.07.2021-ci il tarixdə qeydiyyat alınmışdır. Satıcı-X4 əvəzinə Cavabdeh ilə alıcı- İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 16.07.2021-ci il tarixli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı mülkiyyətində olan ünvan 1-ni alıcıya 35000 manat qiymətə satmışdır; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Nağıyev Murtuza küçəsində istifadədə olan 0,05788 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binada, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 18535 nömrəli vərəqində qeydiyyata alınmışdır. X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X7 məxsus ünvan 1-nin özgəninkiləşdirilməsinə etiraz etmir. 16.07.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 35000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X10 ifadəsində bildirmişdir ki, o, iddiaçının əmisidir. Cavabdeh ilə bir yerdə işləyir və münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona pul lazım olduğunu və evini 95.000 manata satmaq istədiyini bildirmişdir .Qardaşı Mehdi oğluna ev almaq istəyirdi və bu barədə ona demişdir. O və qardaşı Mehd, Ofelya xanımın evinə getmişlər, evə baxmışlar, bəyənmişlər və 50.000 manatı Ofeliyanın evində ona vermişlər. Avqustun 5-də isə öz maşınını 13.600 manata satmış və həmin puldan 10.000 manatı Fərid Məhərrəmov adlı iş yoldaşının yanında Cavabdeh vermişdir. Bundan əlavə notariusda alqı-satqı müqaviləsi də bağlanmışdır. Müqavilədə alqı-satqı predmeti olan mənzilin dəyəri Ofelya xanım vergi ödəmək istəmədiyindən 35000 manat göstərilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X2 ifadəsində bildirmişdir ki, o, Emil müəllimlə bir yerdə işləyir. Emil müəllim onun yanında Ofelya xanıma bu ilin avqust ayında 10.000 manata yaxın pul vermişdir. Həmin pulu maşını satdıqdan sonra evin alqı-satqısı ilə bağlı vermişdir. Pulu götürdəkdən sonra Ofelya xanım başqa heçnə deməmişdir. Göründüyü kimi ünvan 1 İddiaçı mülkiyyətindədir və həmin mənzilin iddiaçının adına dövlət reyestrində qeydə qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, 23.07.2021-ci il tarixdə Çıxarış verilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1-dən Cavabdeh və onun ailə üzvlərinin mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə baxışında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh və onun ailə üzvləri İddiaçı məxsus olan ünvan 1-dən mülkiyyətçinin iradəsinə zidd olaraq oradan istifadə edir. Cavabdeh şəxsin hazırda həmin yaşayış sahəsindən istifadə etməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli yaşayış sahəsindən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və cavabdeh yaşayış sahəsindən çıxarılmalı və müvafiq mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və onun ailə üzvləri ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ üzrə İddiaçı məxsus 3 (üç) otaqdan ibarət mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və onun ailə üzvləri ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqdan ibarət mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5527/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5527/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver