Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-56/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) “son haqq-hesabın ödənilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ödənilməmiş 2200 manat son haqq-hesabın, 50 manat ödənilmiş mediasiya xərcinin və 500 manat vurulmuş mənəvi zərərin əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində fəaliyyət göstərən Cavabdeh MMC-də fəhlə olaraq işə düzəlmişdir. Onunla əmək müqaviləsi bağlanmış və tərəfindən görüləcək işlərə görə qarşılıqlı razılıqla əmək haqqı aylıq 700 manat müəyyən olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixinə kimi o, orada işləmişdir və aylıq əmək haqqlarını Paşabankda ona verilən kart vasitəsilə almışdır. 2021-ci ilin noyabr ayından etibarən artıq əmək haqqını ödəmədilər. xx.xx.2022ci il tarixində isə onu çağırıb bildiriblər ki, iş olmadığı üçün işçiləri ixtisar edirlər, həmin işçilərdən biri də odur. O, buna razı olmayıb və əmək müqaviləsinin müddətinin bitmədiyini bildirib. Həmçinin ona işlədiyi dövr üçün ödənilməyən əmək haqlarını və məzuniyyət pullarını da ödəməyi tələb edib. Cavabdeh MMC-dən ona heç bir ödəniş olunmayıb. Bundan sonra onların təqsirli hərəkətləri barədə Xətai Rayon Prokurorluğuna və Polis İdarəsinə şikayət edib. Xətai RPİ-nin 37-ci PŞ-də aparılan arşdırma zamanı AVES MMCnin nümayəndəsi Nümayəndə bildirmişdir ki, guya ona son haqq hesab və məzuniyyət pulu tam ödənilib və bu barədə 1471.0 manat məbləğində ödəniş qəbzi göstərmişdir. Həmin vəsait ödənilməyən ayların əmək haqqı olaraq ona ödənmişdir. Sonrakı işdən çıxma ilə bağlı son haqq-hesab isə hələ də ona ödənilməyib. Bundan sonra cavabdeh barəsində müvafiq tədbirlərin görülməsi üçün X4 müraciət edib. Həmin qurumda aparılan araşdırma nəticəsində Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdə onun işdən xx.xx.2022-ci il tarixdən guya öz xahişi ilə azad edilməyi qeyd olunmuşdur. Halbuki, ona ilk dəfə ixtisar ediləcəyi barədə məlumat 15-16 fevral 2022-ci il tarixlərində verilmiş, o zamana kimi işə çıxmışdır. Məhz bu kimi hallara görə X6 Xidməti müəyyən etmişdir ki, "xxxx" MMC sənədləşmə zamanı AR Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 N-li qərarının tələblərini pozmuş və Cavabdeh MMC-nin direktoru X3 barəsində İXM-nin 192.4-cü maddəsində qeyd olunan inzibati xəta törətməsi müəyyən olunub, ******* saylı protokol tərtib edilmişdir. Həmçinin ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl ilk olaraq cavabdehə mediasiya təklifi göndərib. xx.xx.2022-ci il tarixində keçirilən mediasiya iclasında cavabdeh bu barədə məlumatlandırılsa da, iştirak etməyib. Cavabdeh MMC onunla əmək müqaviləsi bağlayan zaman, onu tutduğu vəzifədən işdən azad edən zaman əmək qanunvericiliyinin tələblərini kobud formada pozmuş, eləcə də ona son haqq-hesabı ödəməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, aylıq əmək haqqı təxminən 700-750 manat təşkil edirdi. Əmək haqqı vaxtamuzd hesablanırdı, hər gün üçün təxminən 25 manat. İşlədiyi dövrdə ümumiyyətlə əmək məzuniyyətinə çıxmamışdır. Sonuncu ödənilən 1471 və 271 manat əvvəlki ayların ödənilməmiş əmək haqqı idi. Əmək müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq, onun iradəsinə zidd əmək müqaviləsinə xitam verilmişdi. Əmək müqaviləsinə xitam verildikdən sonra yenidən təxminən 20 günlük müqavilə bağlamış və fevral ayının da müəyyən hissəsini işləmişdir. Həmin dövrün də əmək haqqı tam ödənilməmişdir. Məzuniyyət pulları, əmək haqqı, son haqq-hesab ona ödənilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əmək Müfəttişliyinin tərtib etdiyi protokol rayon məhkəməsi tərəfindən ləğv edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Onlar tərəfindən son-haqq hesabın ödənilməsi ilə bağlı hər hansı pozuntu olmamışdır. Onlarda olan bütün sənədləri təqdim etmişlər. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı fəhlə peşəsi üzrə aylıq maaşı 300 manat olmaqla Cavabdeh MMC-də işə qəbul olunmuşdur; - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 009/C saylı əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən fəhlə peşəsindən azad edilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 012 saylı əmrinin surətindən görünür ki, İddiaçı cəmiyyətə fəhlə peşəsinə işə qəbul edilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 023 saylı əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən fəhlə peşəsindən azad edilmişdir; - məxaric xəzinə orderindən görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı 1471 manat məbləğində pul ödənilməyən əmək haqqı və son haqq-hesab olaraq ödənilmişdir; - məxaric xəzinə orderindən görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı 262 manat məbləğində pul ödənilməyən əmək haqqı və son haqq-hesab olaraq ödənilmişdir; - xx.xx.2022-ci il tarixli, MN seriyalı, 10501870 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. X1 tərəfindən AR İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xİdməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəliəsinin 68-ci maddəsinin 2-ci hissəsinin'“a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən öz xahişi ilə xitam verildiyi, son haqq-hesabın hesablanmasında isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ıl 25 avqust tarixli 137-li qərarının tələblərinın nəzərə alınmadığı müəyyən edilmişdir. Bu səbəbdən də “Aves" MMC-nin direktoru X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən ******* nömrəli, 15.04 2022-ci tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir; - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, HK-1/1104 nömrəli təhqiqat materialı üzrə əməldə cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci 50 manat təşkil edir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1448/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, Cavabdeh MMC-nin barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsi qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 3(103)-2737/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8342 saylı, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5021/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/8232/2023 saylı məktublarından görünür ki, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmrlə Cavabdeh MMC-yə fəhlə peşəsi üzrə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək yenidən cavabdeh təşkilatda eyni peşə üzrə işləmişdir. Əmək Müfəttişliyi tərəfindən iddiaçının əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmiş və cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmişdir. Sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin protokol ləğv edilmişdir. Hazırda iddiaçı son haqq-hesabın ödənilmədiyini əsas gətirərək, 2200 manat pulun və vurulmuş mənəvi zərərə görə 500 manat pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23, 24-cü maddələrində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ, eləcə də məzuniyyət hüququ və son haqq-hesabın ödənilməsi və s. tələb etmək hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Əmək Məcəlləsinin 154.2-ci maddəsinə görə, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin məzuniyyət hüququnun həyata keçirilməsi qaydalarını müəyyən edən normalarına əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (Əmək Məcəlləsinin 87.5, 140.5, 135.2, 143.2 və 144.2-ci maddələri). Əmək Məcəlləsinin 83.2 və 172.4-cü maddələrinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Hazırki mülki iş üzrə iddiaçı son haqq-hesabın ödənilmədiyini iddia etdiyindən həmin məbləğin, eləcə də əmək haqqı və məzuniyyət haqqının düzgün hesablanıbhesablanmadığını müəyyən etmək məqsədilə məhkəmə ekspertizası təyin edilmiş, mülki iş üç dəfə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, xx.xx.2023-cü il tarixində sübutların təmin edilməsi barədə qərardad çıxarılmış, lakin zəruri sübutlar təqdim edilmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadıqda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə cavabdehin zəruri sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə dəfələrlə məhkəmə sorğusu göndərsə də, sübutlar tam şəkildə təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, son haqq-hesabın düzgün şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçının işlədiyi dövr üzrə ştat cədvəli, əmək haqqı hesablanmasına dair cədvəllər, tabel uçot vərəqələri, aylıq əmək haqqına dair məlumat, eləcə də ekspert vəsatətində göstərilən digər sənədlərin işəgötürəndə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən məbləğ müəyyən olunmuş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən iş materiallarında olan sübutların bir qismi məhkəmə sorğusu əsasında Əmək Müfəttişliyi tərəfindən təqdim edilmişdir, bununla belə ekspertiza keçirilməsi mümkün olmamışdır. O da qeyd edilməlidir ki, cavabdeh əvvəlki dövrlər üzrə zəruri sübutların onlarda olmaması səbəbindən təqdim edilməsinin mümkünsüzlüyünü bildirsə də, məhkəmə bununla bağlı qeyd edir ki, bu hal yaranmış hüquq münasibətlərində daha zəif tərəf olan işçinin ziyanına şərh edilməməlidir. Belə ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqq-ədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş məxaric orderindən görünür ki, iddiaçının hesabına xx.xx.2022-ci il tarixində 1471 manat pul ödənilmişdir. Cavabdeh həmin məbləğin əmək haqqı və son haqq-hesab olduğunu (1086.13 manat-2 aylıq əmək haqqı, məzuniyyət günləri-384,87 manat) bildirsə də iş materiallarından və tərəflərin izahatından göründüyü kimi, iddiaçı hər ay 700 manata yaxın (əlavə iş saatlarına görə aldığı pul da əlavə edilməklə) pul alırdı. Hesabdan çıxarışdan isə görünür ki, iddiaçıya işlədiyi 17 ay üzrə 12 dəfə əmək haqqı ödənilmişdir. Bu baxımdan iddiaçının bildirdiyi kimi, 1471 manatın ödənilməmiş əmək haqqı olduğu ağlabatandır. O da qeyd edilməlidir ki, 1471 manat pul xx.xx.2022-ci il tarixində ödənmişdir, iddiaçı ilə əmək müqaviləsinə isə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Bu baxımdan həmin məbləğin son haqq-hesab olduğu şübhə doğurur. Son aylar əmək haqqının ödənilmədiyi və iddiaçının işlədiyi 2 il ərzində əmək məzuniyyətinə çıxmaması nəzərə alınarsa iddia ərizəsində tələb edilən 2200 manat pul ağlabatan məbləğ hesab edilir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, hazırki halda iddia tələbinin əksini sübut etmək vəzifəsinin cavabdehdə olmasını, cavabdehin həmin halı mötəbər sübutlarla təkzib edə bilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, son haqq-hesabın ödənilməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, son haqq-hesabın məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından, cavabdeh ekspertizanın keçirilməsinə mane olduğundan, Mülki Prosessual Məcəllənin 97.5 və 106.2-ci maddələrinin tələblərinə uyğun olaraq ekspertiza təyin edilən fakt, yəni iddiaçının tələb etdiyi son haqq-hesabın ödənilməməsi və onun məbləğinin 2200 manat olması təsdiq olunmuş hesab edilməlidir. Belə ki, məhkəmə tərəfindən qeyd edilən halları təkzib edən sübutların, eyni zamanda məhkəmə ekspertizasının aparılması üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim edilməsi üçün kifayət qədər çox vaxt verilərək lazımi şərait yaradılmasına baxmayaraq, o, sübutları təqdim etməmiş, bununla həm obyektiv, tam və hərtərəfli məhkəmə araşdırmasına mane olmuş, həm də mülki iş üzrə icraatın xeyli müddət uzanmasına səbəb olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, X6 tərəfindən 15 aprel 2022-ci il tarixli protokolla İddiaçı əmək və məzuniyyət haqlarının ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən edilmiş və cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin barəsində X6 Xidməti tərəfindən qəbul olunmuş xx.xx.2022ci il tarixli, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2737/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh etirazında inzibati protokolun ləğv edilməsinə istinad etsə də bununla bağlı qeyd olunmalıdır ki, Nərimanov Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarla inzibati tənbeh vermə haqqında qərarı son haqq-hesabın düzgün ödənilməsinə görə deyil, barəsində icraat aparılan şəxsin iş üzrə icraat zamanı iştirakının təmin edilməməsi, inzibati xətanın məhz MMC-nin direktoru Z.Şahmuradov tərəfindən törədilməsinə dəlalət edən halların (inzibati tənbeh onun barəsində tətbiq edilmişdir), vəzifəli şəxs kimi onun inzibati xətaya aidiyyətinin araşdırılmamasına görə ləğv edilmişdir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən işçinin son-haqq hesabının vaxtında ödənilməməsi sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırki iş üzrə iddiaçı son haqq-hesabın ödənilməməsi ilə bağlı müxtəlif orqanlara müraciət etmiş, uzun müddətli məhkəmə çəkişmələrində iştirak etmək məcburiyyətində qalmışdır. Bütün bunlar onun əsəb gərginliyi, mənəvi sarsıntı keçirməsini şübhəsiz edir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, son haqq-hesabın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmaqla iddiaçının zərərinin böyük hissəsi qarşılandığından mənəvi zərərin müqabilində 100 manat pulun tutulması ağlabatan və işin hallarına uyğundur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 50 manat məbləğində pul ödənilmişdir və cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə mediasiya xərclərini ödəmiş tərəfin çəkdiyi xərcləri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəfdən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara və işin hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş son haqq-hesaba görə 2200 manat, vurulmuş mənəvi zərərə görə 100 manat və ödənilmiş mediasiya xərcinə görə 50 manat olmaqla, cəmi 2350 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5, 106.2, 216-220, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ödənilməmiş son haqq-hesaba görə 2200 manat, vurulmuş mənəvi zərərə görə 100 manat və ödənilmiş mediasiya xərcinə görə 50 manat olmaqla, cəmi 2350 (iki min üç yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-56/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-56/2024
05.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver