Məhkəmə qərarları › İş №2(005)-571/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-571/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-571/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair onunla Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin etibarsız tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-cl il tarixli (iş № 2(005)-314/2022) qətnaməsilə qızı X2 Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş va qızının "xxxx" MMC-nin idarə olunmasında, iştirakının, ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almağının, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmağının və "xxxx" MMC-nin sahəsinin icarəyə verilməsi ilə bağlı sənədlərin ona təqdim olunmasının təmin edilməsi Cavabdeh üzərinə öhdəlik kimi qoyulmuşdur. Həmin qətnaməyə əsasən icra vərəqəsi verilmiş və bu da qızına "xxxx" MMC-nin idarə olunmasına, fəaliyyəti ilə bağlı mühasibat kitabları və digər sənədləri ilə tanış olmasına hüquq vermişdir. Sənədlərlə tanış olarkən qızının diqqətini xx.xx.2015-ci il tarixdə onunla (icarəyə verən) Cavabdeh (icarəçi) arasında bağlanmış icarə müqaviləsi çəkmişdir. Həmin sənədin 1-ci bəndinə əsasən müqavilənin predmeti ünvan 2 ünvanında 1-ci mərtəbənin 1-ci və 2-ci səviyyəsində yerləşən 313.2 kv.m. qeyri-yaşayış sahəsidir. 9-cu bəndə görə müqavilə 10 il müddətinə (xx.xx.2015-ci ildən xx.xx.2025-ci ilədək) bağlanmışdır. Həmçinin bu müqavilədə göstərilmişdir ki, guya o, Cavabdeh adından qeyd edilən sahəni, aylıq icarə haqqı 200 manat olmaqla, kirayə vermişdir. O, həmin müqaviləni hələ qızı Cavabdehla nikahda olarkən imzalamışdır. Müqavilə imzalandığı andan bu günədək, "xxxx" MMC klinikası yerləşdiyi sahənin ona heç bir aidiyyati olmamışdır. Müqavilə formal xarakter daşıyır, çünki tərəflər üçün heç bir hüquqi naticələr nəzərdə tutmamışdır. Bu müqavilənin bir bəndi də icra olunmayıb. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestr xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (daşınmaz əmlakın reyestr №-si 0070110-02928-05301-083005) xx.xx.2019-cu il tarixli qeydiyyata alınması barədə Çıxarışa görə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi qızı Afaq Qurbanovaya məxsusdur. Bu sənədə əsasən qızı Azərbaycan Respublikası MPM-nin 55ci maddəsini rəhbər tutaraq 3-cü şəxs kimi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X5 iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onu müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(005)- 314/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “MMC-nin işlərinin idarə olunmasında iştirak haqqı” barədə iddia tələbi qismən təmin edilərək, iddiaçı X2 "xxxx" MMC-nin idarə olunmasında iştirakının, ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almağının, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmağının və "xxxx" MMC-nin sahəsinin icarəyə verilməsi ilə bağlı sənədlərin ona təqdim edilməsinin təmin edilməsi Cavabdeh üzərinə öhdəlik kimi qoyulmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh və X6 nikah rəsmiləşdirərək ailə qurmuşlar və nikahda olduqları dövrdə xx.xx.2017-ci il tarixli Nikah müqaviləsi bağlamışlar. Nikahları xx.xx.2017-ci il tarixdə pozulmuşdur. xx.xx.2017-ci il tarixli nikah müqaviləsi ilə, ər-arvad müqavilə imzalananadək birgə nikah dövründə və birgə vəsaitləri hesabına əldə edilmiş əmlaklar, o cümlədən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalındakı paya bərabər pay hüquqlarınıın olduğunu təsdiq etmişlər; Bakı şəhəri 53 saylı notariat kontorunda 30 yanvar 2015-ci il tarixdə bağlanmış 4Ə-81 saylı reyestrlə təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyətçi X3 ünvan 3 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 313.2 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh 1000.000 (bir milyon) manata satmış, sonuncunun həmin mənzil üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınaraq ona RX seriyalı, ******* saylı çıxarış verilmiş, xx.xx.2019-ci il tarixdən isə həmin əmlak Cavabdeh və X2 paylı mülkiyyəti kimi qeydə alınmışdır; Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyi 20 il müddətinə (qüvvədə olma tarixi xx.xx.2035-ci il) etibar etmişdir; Bakı şəhəri 3 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-2-448 saylı icarə müqaviləsindən görünür ki, Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli etibarnamə əsasında Cavabdeh əvəzindən çıxış edən İddiaçı ilə həmin dövrdə adı “X9” MMC olan "xxxx" MMC-nin direktoru Cavabdeh arasında ünvan 3 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 313.2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 9-cu bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər 10 il təşkil edir. Müqavilənin 1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 200 (iki yüz) manat məbləğində müəyyən olunmuşdur; “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli etibarnamənin ləğv edilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş və etibarnamə xx.xx.2016-cı il tarixində ləğv edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh keçmiş qayınatası, cavabdeh isə onun (iddiaçının) keçmiş kürəkənidir (iddiaçının qızı Afaq Qurbanovanın keçmiş əridir). xx.xx.2015-ci il tarixli etibarnamə əsasında Cavabdeh əvəzindən çıxış edən İddiaçı ilə həmin dövrdə adı “X9” MMC olan "xxxx" MMC-nin direktoru Cavabdeh arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 313.2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 10 il müddətinə, icarə haqqı hər ay üçün 200 manat olmaqla icarə müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı müqavilənin formal xarakter daşıdığına, icarəyə verən və icarəçinin eyni şəxs olduğuna istinad edərək icarə müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Göründüyü kimi, iddiaçı özünün təmsilçi kimi çıxış etdiyi, bilavasitə özü barəsində hüquq və vəzifələr əmələ gətirməyən, əksinə təmsil edilən və hazırkı işdə cavabdeh statusunda olan Cavabdeh üçün mülki hüquq və vəzifələr yaradan əqdi mübahisələndirir. Qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək ümumiyyətlə mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar