Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-576/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “gəlir vergisi kimi tutulan vəsaitin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən gəlir vergisi kimi tutulan 1476,22 (min dörd yüz yetmiş altı manat, 22 qəpik) məbləğin vəsaitin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq yaşa görə əmək pensiyasına çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi" haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublikası Komitəsinin (ANQSİHİRK) xx.xx.2009-cu il tarixli 57/06-19ə saylı birgə Əmr-Qərarında göstərilmişdir ki, bu əmr-qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü liə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmr-qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən əmək haqqının beş misli miqdarında müavinət ödənilmişdir. Lakın müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-cı Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası” maddəsinin 4-cü hissəsinə əsasən "İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən "Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları'’ maddəsinin 6-cı hissəsinə əsasən "Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutuia bilər. İşdənçıxma ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir və Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onlardan qanunsuz tutulmuş məbləğlər artıq geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi İdarələri isə məhkəmə araşdırmalarını gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği sabiq işçilərə qaytarmışlar. Hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır və qanunsuz tutulmuş həmin məbləğ cavabdeh tərəfindən ona geri qaytarılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla Azərbaycan Republikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar, ortaq aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanlandığı ərizəsinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2012-ci il tarixli, 81/14-29 nömrəli birgə əmr-qərarına əsasən həmin məbləğ İddiaçı ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi onun öz təşəbbüsü olmaqla, Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş əsasla ləğv edildiyinə və bu əasala əmək müqaviləsi ləğv edilmiş işçilərə təminat kimi işdənçıxma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmrqərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti ödənilmişdir. Bu vəsaitin ödənilməsində məqsəd işsən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətdə yaxşılaşdırmaqdan ibarət olmuşdur. ARDNŞ-nin və ANQSİHİRK-nin birgə əmr-qərarına əsasən İddiaçı ortaq aylıq əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait gəlir hesab edilir, bu səbəbdən, əmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxsin gəlir vergisinə cəlb edilmişdir. Geofizika və Geologiya İdarəsi kommersiya təşkilatı olduğu üçün işdən azad olan işçilərə ödənilmiş sözügedən orta aylıq əmək haqqının beş misli məbləğləri İdarənin kommersiya fəaliyyətindən əldə olunan mənfəətdən ödənilir. İddiaçının ona ödənilmiş ortaq aylıq əmək haqqının 5 beş misli məbləğindən gəlir vergisinin guya qanunsuz tutulmasının iddia etməsinin heç bir qanuni əsası yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə İddiaçı arasında bağlanmış 382 nömrəli, xx.xx.2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi tərəflərin razılığına əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək bir il müddətinə bağlanmış, işçiyə hər ay 775 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq yaşa görə əmək pensiyasına çıxma ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Cavabdehin əmək kitabçasının surətindən görünür ki, o xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar, SOCAR və ANQSİHİRK arasında 2020-2023 -cü illər üçün sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməklə, əmək müqaviləsinə xitam verilməklə işdən azad edilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, sizinlə bağlanmış əmək müqaviləsi ərizəniz nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq yaşa görə əmək pensiyasına çıxma ilə əlaqədar işçinin öz təşəbbüsünə əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında işəgötürənə ünvanladığınız ərizənizə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2012-ci il tarixli, 81/14-29 nömrəli birgə əmr-qərarına əsasən həmin məbləğ sizə ödənilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixli dövləri əhatə edən haqq-hesab vərəqəsindən görünür ki, İddiaçı ödənilən işdən çıxmaya görə ödənilən 6.766.65 manat məbləğində birdəfəlik müavinətdən gəlir vergisi kimi 1476.22 manat vəsait tutulmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Dövlət Neft Şirkəti üzrə verilmiş 57 nömrəli, xx.xx.2009-cu il tarixli əmrdən və Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, xx.xx.2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın giriş hissəsində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılınası və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətlərində rəsmi xəbərdar edilməlidir (maddə 77; 1-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir (maddə 77; 2-ci hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında məbləğlərdə işdənçıxarma müavinəti ödənilir (maddə 77; 3-cü hissə). Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər (maddə 77; 6-cı hissə). Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir (maddə 77; 7- ci hissə). Əmək Məcəlləsinin 175-ci maddəsinə görə, Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər (maddə 175; hissə 1). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir (maddə 175; hissə 4). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə görə, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqətitirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Qeyd olunanlara əsasən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. İddiaçılara işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğlərinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğlər iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək onlara ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətinin tam məbləğdə ödənilməsini tələb edirlər. İddiaçıy məxsus “Əmək kitabçasında” əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdıqları ərizələr əsasında xitam verildiyi göstərilmişdir. X2 Şirkətinin 57 nömrəli, xx.xx.2009-cu il tarixli əmri və Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, xx.xx.2009-cu il tarixli “ARDNŞdə işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Göründüyü kimi, işçi heyətindən daha səmərəli istifadə etmək, habelə işçilərin sayının azaldılması məqsədilə yuxarıda qeyd olunan qərar və əmr qəbul edilmişdir. xx.xx.2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. Qeyd olunan əmr-qərar verildiyi gündən sonra iddiaçı təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə işdən azad olunmuşdur. İddiaçı, məhkəməyə verdiyi yazılı və şifahi məlumatlarda onunla bağlanmış əmək müqaviləsinə cavabdeh işəgötürən tərəfindən işçilərin sayının azaldılması əsası ilə xitam verildiyini göstərmiş, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə isə qabaqcadan işəgötürənlə bu barədə razılaşdıqlarına görə müraciət etdiyini bildirmişdir. Dövlət Neft Şirkəti 57 nömrəli, xx.xx.2009-cu il tarixli əmri və Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, xx.xx.2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarı bu halı təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə olan əmək müqavilələsinə, işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən, əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olunması müəyyən edildiyindən, həmin müavinətin gəlir vergisinə görə tutulan hissəsi iddiaçıya qaytarılmalıdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı vəsaitin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, gəlir vergisi kimi tutulan 1476,22 ( bir min dörd yüz yetmiş altı manat iyirmi iki qəpik) məbləğ vəsait iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “gəlir vergisi kimi tutulan vəsaitin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən gəlir vergisi kimi tutulan 1476,22 (bir min yüddi yüz altı manat iyirmi iki qəpik) manat məbləğində vəsait İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sorna qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-576/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-576/2023
09.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver