Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-589/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 iştirakları ilə, İddiaçı X3 cavabdeh X2 qarşı (Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh X2 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 ilə Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evində) xx.xx.2022-ci il tarixdə 1174 saylı aktla qeydə alnımış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə yaxın dostluq münasibəti olduğundan qərara gəldilər ki, gənc ailə kimi mənzil almaq üçün evlənmək məqsədi olmadan formal olaraq nikaha daxil olsunlar. Bu məqsədlə Səadət Sarayında (Bakı Nikah Evində) xx.xx.2022-ci il tarixdə 1174 saylı aktla nikaha daxil oldular. Lakin sonradan qohumların məsləhəti ilə bu fikirlərindən yayındılar. Qeyd edir ki, heç vaxt cavabdehlə bir yerdə yaşayaraq birgə təsərrüfat aparmamışlar və qeydə alınmış nikah formal xarakter daşıyır. Həm cavabdehin həm də iddiaçının evlənmək niyyəti olmadığından aralarında bağlanmış nikahın məhkəmə qaydasında etibarsız hesab edilməsini məqsədəmüvafiq hesab ediri Buna görə də məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkiəmə iclasında cavabdeh X4 yazılı ərizə ilə müraciət edərək X8 tərəfindən verilmiş nikahın etibarsız hesab edilməsinə dair iddia tələbi qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, o cavabdehin atasıdır. Tərəflərin nikaha daxil olmaları barədə sonradan məlumat əldə etmişlər, bu halın doğruluğunu dəqiqləşdirmək üçün cavabdehdən soruşduqda isə o bu nikahın məhz güzəştli şərtlərlə mənzil əldə etmək üçün bağlandığını, nikahın formal olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, o iddiaçının dostudur. İddiaçı onunla söhbətlərində güzəştli şərtlərlə ev ala bilmək üçün formal nikaha daxil omaq niyyətini bildirmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, o iddiaçının dostudur. İddiaçı onunla söhbətlərində güzəştli şərtlərlə ev ala bilmək üçün formal nikaha daxil omaq niyyətini bildirmişdir. Sonradan iddiaçının cavabdehlə nikah daxil olduğunu eşitmiş, iddiaçıdan soruşduqda isə bu nikahın formal olaraq güzəştli şərtlərlə mənzil əldə etmək üçün bağlandığını bildirmişdir. İş materiallarında olan Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş xx.xx.2022ci il tarixli AZ-İİ 526369 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 və X7 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə akt qeydləri kitabında 1174 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. ərə və arvada Quluzadə soyadları verilmişdir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X8 ilə cavabdeh X4 arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə və arvada Quluzadə soyadı verilmişdir. Tərəflərin birgə nikahından uşaqları yoxdur. İddiaçı cavabdehlə aralarında faktiki olaraq ər-arvad münasibətlərinin olmadığını, heç vaxt bir yerdə yaşamadıqlarını və birgə təsərrüfat aparmadıqlarını bildirir və cavabdehlə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsini tələb edir. İş üzrə şahid qismində çağırılmış şəxslər də öz ifadələrində nikahın formal olduğunu, tərəflərin birgə təsərrüfat aparmadıqlarını təsdiqlədilər. Cavabdeh ona qarşı irəli sürülmüş iddianı etiraf edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, iddiaçı X8 ilə cavabdeh X4 arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçı X5 aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 191-ci, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X4 ilə X8 arasında Səadət Sarayında (Bakı nikah evində) bağlanmış və Bakı Nikah Evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1174 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X5 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-589/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-589/2023
06.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver