Məhkəmə qərarları › İş №2(005)-593/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-593/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-593/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil ştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dir istifadə hüququna xitam verilməsinə və pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh Baki şəhəri, Nərimanov rayonu, A.Alı küçəsi, ev 3, mənzil 100 ünvanina dair mənzilə aid istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, N 250984 saylı, Qeydiyyat Vəsiqəsinə əsasən. xx.xx.2002ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsindəki 3 saylı evin 100 saylı mənzili iddiaçının mülkiyyətimdədir. Həmin mənzildə qeydiyyatdadır. Cavabdehin onun mülkiyyətində formal olaraq qeydiyyatda olması ona mülkiyyətindən tam yararlanmağa və öz arzusuna uyğun mülkiyyətinə dair hər hansı bir sərəncam verməyə bilavasitə mane olur. Nəticə etibarilə onun mülkiyyət hüquqlarının kəskin pozulması ilə yanaşı cavabdehin də əvəzinə mənzilin kommunal xərclərini ödəmək məcburiyyətində qalır ki, bu da indiki zamanda ailənin büdcəsinə uyğun olmadığına görə maddi cəhətdən problemlərlə üzləşir. Bundan başqa, cavabdehin onun mülkiyyətində olan mənzilin ünvanına gələn məktublar, bildirişlər, hüquq-mühafizə orqanlarından gələn sair çağırış vərəqələrindən iddiaçı və ailə üzvlərim narahatçılığa səbəb olur. Ona görə də cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyatının ləğv edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsi xx.xx.2023-cü il tarixli məktubu ilə Cavabdeh tərəfindən yazılmış ərizə göndərilmişdir. Həmin ərizədə Cavabdeh ona Bakı şəhəri Nərimanov Məhkəməsindən ona ünvanlanmış məktub üzrə həmin mənzil alqı-satqısına, bağışlamasına və eyni zamanda istifadə hüququna xitam verilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsində cəza çəkdiyindən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, N 250984 saylı, Qeydiyyat Vəsiqəsinə əsasən xx.xx.2002-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsindəki 3 saylı evin 100 saylı mənzili İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ünvan 3 138 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır, lakin 2016-cı ildən həmin ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 078-21094H nömrəli məktubdan görünür ki, Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət olunması məqsədəmüvafiq hesab olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olumuşdur ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir və iddiaçının qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçının xüsusi mülkiyyətində olan mənzildən xx.xx.2003-cü il tarixdə daimi qeydiyyatda olan oğlu Cavabdeh istifadə hüquqlarına xitam verilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmişdir. Lakin həmin orqanlar tərəfindən onun müraciətində imtina edilərək məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında yerləşən mənzildə daimi qeydiyyatda olması, eyni zamanda Cavabdeh İddiaçı ailə üzvüdür və qeyd olunan mənzildə istifadə hüquqları mövcud olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin Qərarda o da qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İddiaçının hazırda övladı Cavabdeh xx.xx.2003-cü il tarixdə daimi qeydiyytda olan və 2016-cı il tarixədək həmin məzildə yaşamışdır. Hazırda onun həmin mənzildə yaşamaması onu öz iradə ifadəsindən deyil barəsində çıxarılmış hökmlə əlaqədar olaraq təyin edilmiş azadlıq məhrumetmə cəzasını çəkməsidir. Belə olan halda iddiaçı tərəfindən iddia tələbinin əsaslandırmasında göstərdiyi cavabdehin həmin ünvanda formal qeydiyyatda olması və cavabdehin həmin mənzildə qeydiyyatda olması və bununlada ddiaçının mülkiyyət hüquqlarını pozulması halları ilə razılaşmır. Cavabdehin həmin məznildə qeydiyyatda olma əsası onun iddiaçının ailə üzvü (övladı) olmasıdır. Belə olan halda yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvü olan cavabdeh iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdir Məhkəmə hazırda mənzildən istifadə hüququna xitam verilməsi nəzərdə tutulan Cavabdeh həmin mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü (övladı) olmasını nəzərə alaraq iddia tələbinin əsassız olmasını müəyyən edir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar