Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-608/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-dən ödənilmiş 1500 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin keçirdiyi hərracda iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişdir, buna dair “Hərracın yekunlarına barədə” 21\02 saylı xx.xx.2021-ci il tarixli Prorokol tərtib edildi, əmlakın satış qiyməti 30.050 manat müəyyən edildi, hərrac təşkilatı ilə aramızda “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" xx.xx.2021-ci il tarixli müqavilə imzalandı və müqavilə dəyəri 30.050 manat göstərildi. İddiaçı tərəfindən hərraca görə cavabdeh təşkilata 1500 manat pul ödənilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı əmlakı əldə etmək üçün sifarişçi təşkilat olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 30.050 manat ödəmişdir. Bundan sonra əldə edilmiş mənzilə dair mülkiyyət hüququ barədə çıxarış almışdır. Bundan sonra mənzilin keçmiş mülkiyyətçisi X1 Bakı şəhəri Nərimanov rayon məhkəməsinə “mənzil üzərində yüklülüyün ləğv edilməsi, ipotekaya xitam verilməsi və İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və İddiaçı adına olan çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanmışdır. Qətnamə icra olunmuş və İddiaçı adına verilmiş çıxarış etibarsız hesab edilərək mülkiyyət hüququna xitam verilmişdir. Bundan sonra İddiaçı dəfələrlə cavabdehə müraciət edərək qanunsuz olaraq keçirdikləri hərraca görə ödədiyi pulu geri tələb etsə də, cavabdeh pulu verməkdən imtina etdi və bunu yalnız məhkəmə qərarı ilə qaytara biləcəklərini bildirmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı verilmiş suallara dair izahatından bildirmişdir ki, hazırda iddia tələbi üzrə tələb olunan məbləği beh şəklində köçürmüşdür. Əvvəl cavabdehlə başqa cür danışıqlıqlar aparılmışdır, lakin sonradan şərtləri dəyişdilər. İddiaçının köçürdüyü 1.500 manat beh şəklində 30.000 manat məbləğindən çıxılmalı idi, lakin buna nə hərrac, nədə bank razılıq verdi. Şərtləri qabaqcadan iddiaçıya bildirilməli idilər. Hərrac qanuna uyğun keçirilibsə hansı səbəbdən protokol və çıxarış etibarsız hesab edilmişdir! Hərrac ikinci dəfə keçirilib, lakin bu barədə iddiaçının məlumatı da olmayıb, lakin bu məsələləri bilsəydi hərracda iştirak edib evi almazdı. Birinci hərrac 2012-ci ildə keçirilib. Ödənilmiş məbləği, beh şəklində ödəmiş, lakin sonradan şərtlər dəyişdirilib. Ödənişin olunması ilə bağlı qəbzlərdə mövcuddur. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, hərrac şəffaf və qanunvericiliyə uyğun olaraq keçirilib və heç bir qanun pozuntusu aşkar olunmayıb. Hərrac bir dəfə keçirilib, onun keçirilməsinə görə iddiaçı tərəfindən xidmət haqqı ödənilib və hərracın nəticələri ipotekaya xitam verildiyi üçün hərracın nəticələri etibarsız hesab edilib. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-1835/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində xx.xx.2009-cu il tarixli İpoteka müqaviləsi əsasında "xxxx" BOKT ASC-nin xeyrinə edilmiş yüklülük ləğv edilsin, həmin əmlak üzərində ipotekaya xitam verilməsi, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” etibarsız hesab edilməsi qətt edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1239/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9336/2021 nömrəii iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1512 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində ödəniş terminalı K0126012 ilə RES XAM və AMTAA BİRJASİ KÜLEK MMC hüquqi şəxsin AZ27AİİB******************** hesabına 1500 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş TT**********23115050 və TT**********63715000 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində ümumilikdə 30050 manat Sumqayıt İcra Şöbəsinin AZ71CTRE**********02086671 nömrəli hesabına ödənilmişdir. Məhkəmə araşdırması müəyyən olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri üzrə icra Şöbəsi tərəfindən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 10/42 nömrəli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. Daha sonra mənzilə dair keçirilmiş hərracda əmlak 30.050 manat müqabilində İddiaçı satılmışdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 1500 manat pul cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin hesabına ödənilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə 30050 manat əmlakın dəyəri Sumqayıt İcra Şöbəsinə ödəmişdir. Daha sonra X2 tərəfindən ipotekaya xitam verilməsi və çıxarışı etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçının tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində xx.xx.2009-cu il tarixli İpoteka müqaviləsi əsasında "xxxx" BOKT ASC-nin xeyrinə edilmiş yüklülük ləğv edilsin, həmin əmlak üzərində ipotekaya xitam verilməsi, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” etibarsız hesab edilmişdir. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 1500 manat pulun geri qaytarılması ilə bağlı müraciət olunsa da müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı onun tərəfindən ödənilmiş 1500 manat cavabdeh tərəfindən ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin predmetini təşkil edən pulun geri qaytarılması ilə bağlı məsələyə aydınlıq gətirilməsində ilk növbədə iddiaçı tərəfindən edilmiş ödənişin tərkibini müəyyən etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı iddia tələbinin əsaslandırmasında, habelə məhkəmə iclaslarında verdiyi izahatların onun tərəfindən cavabdehə ödənilmiş 1500 manat pulun hərrac vasitəsilə aldığı əmlakın dəyərinin behi olaraq ödəməsini göstərmişdir. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan əmlakın 30050 manat dəyəri tam olaraq Sumqayıt İcra Şöbəsinin hesabına ödənilmişdir. Lakin iddia tələbi üzrə hazırda tələb edilən 1500 manat cavabdehin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi beh alınacaq əmlakın dəyərinin tərkibi hesab olunur. Belə olan halda beh verildikdən daha sonra alqı-satqı baş tutduğu zaman həmin beh məbləği əmlakın ümumi dəyərində nəzərə alınır. Eyni zamanda əgər alqı-satqı əmlakı satanın təqsiri səbəbindən baş tutmazsa o zaman beh məbləği alıcıya geri qaytarılmalıdır. Eyni zamanda hazırda iddia tələbi üzrə göstərilmiş məbləğin hansı məqsədlə ödənilməsi müəyyən edilməməklə yanaşı hərraca çıxarılmış əmlakın dəyəri 30050 manat müəyyən edilmiş məbləğin iddiaçı tərəfindən Sumqayıt İcra Şöbəsinin hesabına ayrıca ödənilməsi səbəbindən həmin məbləği avans kimi nəzərə alınmasını mümkünsüz edir. Lakin məhkəmə araşdırması zamanı hərraca çıxarılmış əmlakın tam dəyəri iddiaçı tərəfindən Sumqayıt İcra Şöbəsinə ödənilmişdir. Belə olan halda hazırda iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 1500 manat pulun hərracın keçirilməsi məqsədi ilə ödənilməsi müəyyən olunur. Qeyd olunan xidmət haqqının iddiaçı tərəfindən ödənilməsi halında hazırda ləğv edilmiş ipoteka predmetinin geri qaytarılması zamanı həmin xidmət haqqının cavabdehdən tələb edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Normaların məzmunundan göründüyü kimi hərracda müqavilənin bağlanması alqısatqı müqaviləsinin bir növüdür və əqdlərlə (müqavilələrlə) bağlı müddəalar bu münasibətlərə tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən müqavilə hərrac təşkilatı ilə bağlansa da, hərrac təşkilatını müqavilənin tərəfi hesab etmək olmaz, çünki bu müqavilənin bağlanması zamanı həmin hüquqi şəxs satılan əmlakın mülkiyyətçisi deyildir və əmlakın satılmasından hər hansı gəlir əldə etmir, hərracın təşkilatçısıdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilə tərəfi olmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd üzrə aldıqlarını digər tərəfə qaytarmaq hərrac təşkilatının vəzifəsi deyildir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi; Həmin Qanunun 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Qeyd olunan normaların məzmunundan da görünür ki, hərracın nəticələri etibarsız hesab olunduğu təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərclərin geri qaytarılmasının hərrac təşkilatçısının üzərinə qoyulması ilə bağlı hər hansı bir norma mövcud deyildir. Odur ki, iddiaçı tərəfindən hazırki tələb üzrə cavabdeh qismində müəyyən etdiyi hərrac təşkilatının onun qanunla qorunan hansı hüququnun pozması müəyyən edilmir. İddiaçı qeyd olunan halı təkzib edəcək hər-hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının qanunla qorunan hüquqlarının cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində pozulması müəyyən olunmamışdır. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə ödənilmiş 1500 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə ödənilmiş 1500 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-608/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-608/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver