Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-608/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətinə uyğun (yəni 1 kv.m= 1 səs hesabı ilə) olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədə iddia qaldırmağı ilə bağlı hüquqi yardıma, dövlət rüsumuna və məhkəmədə iştiraka görə sərf etdiyi xərclərin əvəzi kimi cavabdehdən onun xeyrinə 1000 manat məbləğində vəsait tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, bildirir ki, o, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binadan ümumi sahələri 154 kv.m olan yaşayış və 204 kv.m olan qeyri-yaşayış sahəsi əldə etmişdir və həmin sahələr hazırda onun mülkiyyətindədir. Bildirmək istəyir ki, həmin çoxmənzilli binanın Cavabdeh MMMC-nin yaradılması ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağında təşkil edilən qiyabi səsvermədə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasının lehinə səs vermişdir. İddiaçı qeyd edir ki, binada yerləşən mənzil mülkiyyətçiləri binanın saxlanması və cari təmiri üçün ödənişləri onlara məxsus mənzillərin sahəsinə mütənasib olaraq ödəyirlər və malik olduğu mənzilin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödəyir. Buna görə də hesab edir ki, mənzilinin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödədiyindən eyni zamanda mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında onların səslərinin sayı da çox olmalıdır. Bununla bağlı onun tərəfindən Cavabdeh MMMC-nin X1 müraciətlər edilsə də, lakin verilən cavaba əsasən mülkiyyətçisi olduğu sahənin ölçüsündən asılı olmayaraq eyni bərabər səsə yəni bir səsə malik olduğu bildirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, hər 1 kv.m sahəyə münasibətdə 1 səs hesablanması barədə qayda qanunvericilikdə birmənalı olaraq göstərilməmişdir. Bununla bağlı, iddiaçının rəsmi müraciətinə cavab da verilmişdir. Həmçinin, rəsmi ödənişlərdən başqa, əlavə məhkəmə xərclərinin tələb olunması da əsassızdır. Hər bir halda iddia tələbi əsassız olduğundan, məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ərizəçi Bakı şəhəri, Nəsimi rayonu, Xstai prospekti 38 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binadan yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş və həmin sahələr onun mülkiyyətindədir. Bildirir ki, həmin çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağında təşkil edilən qiyabi səsvermədə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasının lehinə səs vermişdir. Məlumdur ki, sözügedən çoxmənzilli binada bir çox mənzil və qeyri-yaşayış sahələri mövcuddur və həmin mənzillərin və qeyri-yaşayış sahələrin sahəsi müxtəlifdir. Bildiyinə görə, binada yerləşən mənzil mülkiyyətçiləri binanın saxlanması və cari təmiri üçün ödənişləri onlara məxsus mənzillərin sahəsinə mütənasib olaraq ödəyirlər və malik olduğu mənzilin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödəyir. Bununla əlaqədar olaraq hesab edir ki, mənzilin və qeyri-yaşayış sahəsinin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödədiyindən, eyni zamanda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sayı da çox olmalıdır. Bu barədə ona məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMMC tərəfindən İddiaçı ünvanlana məktubdan görünür ki, onun xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, vətəndaşın məktubda qeyd etdiyi kimi binada yaşayış və qeyri-yaşayış sahələrinin sayı çoxdur və onların sahəsi bir birindən fərqlənir. Buna görə də mənzillərin saxlanmas, və cari təmir xərcləri onların sahəsinə mütənasib olaraq ödənilməlidir. Hesab edilir ki, hər bir qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə individual yanaşılacaqdır və mülkiyyətçisi olduğu sahənin ölçüsündən asılı olmayaraq eyni bərabər səsə (bir səsə) malik olacaq. İş materiallarında olan "xxxx" MKT (Kooperativ) ilə İddiaçı ( payçı) arasında bağlanmış ...2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş A blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 154 kv/m olan yaşayış sahəsini tam dəyəri ödənildikdən sonra payçıya verməyi və payçı isə həmin qeyri yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MKT (Kooperativ) ilə İddiaçı ( payçı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai prospekti 38də inşa edilmiş D blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində ümumi sahəsi 204 kv/m olan qeyri yaşayış sahəsini tam dəyəri (734400 manat) ödənildikdən sonra payçıya verməyi və payçı isə həmin qeyri yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Seriya MS-N 000059 nömrəli Mənzil sertifikatının surətinə əsasən Bakı şəhəri, Xətai prospekti 38-də yerləşən, D bloku, 1-ci mərtəbə, ümumi sahəsi 204 kv/m olan qeyri yaşayış sahəsi Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5-008 nömrə ilə qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binadan ümumi sahələri 154 kv.m olan yaşayış və 204 kv.m olan qeyri-yaşayış sahəsi əldə etmişdir və həmin sahələr hazırda onun mülkiyyətindədir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMC-nin yaradılması ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağında təşkil edilən qiyabi səsvermədə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasının lehinə səs verdiyini bildirərək qeyd edir ki, mənzilin və qeyri-yaşayış sahəsinin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödədiyindən, həmin sahənin mülkiyyətçisi MMMC iştirakçılarının ümumi yığıncağında səslərin sayı da 1 kv.m= 1 səs hesabı ilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur". 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 47.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. 126.9-cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Göründüyü kimi çoxmənzilli binada olan liftlər, elektrik, qaz, su, kanalizasiya xətləri və sair ümumi istifadədə olan kommunikasiya xətləri və digər qurğu və avadanlıqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətindədir və binanın ümumi əmlakı hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı olan ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər sadalanmış, eyni zamanda səlahiyyətlər çərçivəsində bu Məcəllə ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlərin də həllinin mümkünlüyü təsbit edilmişdir. Bu da öz növbəsində ümumi yığıncağın səlahiyyətlərinin göstərilən məsələlərlə məhdudlaşdırılmadığını təsdiq edir və cəmiyyətin, o cümlədən onun üzvlərinin maraqlarına uyğun olmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər məsələlərin də yığıncağın müzakirəsinə çıxarılmasının mümkünlüyünə təminat verir. Belə olanda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsində iddia üzrə qaldırılmış məsələnin mənzil mülkiyyətçisi tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının müzakirəsinə çıxarılması imkanı nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürüb hesab edir ki, hazırda məhkəmədə mübahisələndirilən ümumi yığıncaqda səslərin 1 kv.m = 1 səs hesabı ilə müəyyən edilməsinin dispozisiya şərtləri mövcud deyil. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayının onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasib olması barədə müddəa təsbit edilmişdir. Başqa sözlə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayının 1 kv.m = 1 səs hesabı ilə müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından, iddiaçı belə bir iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin edilmədiyindən iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin nisbətinin müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-608/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-608/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver