Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-621/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyətində olan mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilin ilkin mülkiyyətçisi hazırda vəfat etmiş atası Cümə İlyasovun xiisusi mülkiyyətində olmuşdur. Atası 2015-ci il tarixdə vəfat etmişdir,o vəfatından əvvvəl yəni 20 avqust 2014-ci il tarixdə qeyd edilən ünvanda yerləşən xüsusi mülkiyyətdə olan mənzilə dair 3 övladına o cümlədən İddiaçı, Cavabdeh və digər qızı Sevinc Yaqubovaya bərabər paylar olaraq notariat qaydasında vəsiyyətnamə qoymuşdur. Atasının yəni miras qoyanın vəfatından sonra iddiaçıya və digər vərəsə olan bacısı Sevinc Yaqubovaya məlum olmuşdur ki, onların müvəqqəti olaraq ağır xəstə olan atalarının yanında olmamasından istifadə edərək cavabdeh mənzilə notarius gətirmiş və mənzilin özünə bağışlanması haqda müqaviləni təsdiq elətdirmişdir. Sonralar bu müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmişlər və son olaraq məhkəmə qaydasında qeyd edilən bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Miras qoyan tərəfindən qoyulmuş notariat vəsiyyətnaməsi iddiaçı və digər vərəsə Sevinc Yaqubova tərəfindən qəbul edilmiş və daşınmaz əmlak kimi dövlət reyestrinin 2265 nömrəli kitabına 21076 nömrəli vərəqində ********** nömrə altında qeydə alınmış və 01 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh isə atası olan miras qoyanın son iradəsinə zidd olaraq vəsiyyətnamənin mövcudluğu barədə dəqiq məlumata malik olsa da miras əmlakı qəbul etməkdən imtina elmiş və hazırda da etməkdədir, hərəkətini onunla əsaslandırır ki, atası Cümə İlyasova mənzili ona bağışladığından mənzil tam olaraq ona məxsusdur. Qeyd etdiyi kimi onun istinad etdiyi bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilmişdir. İddia tələbinin bu halından hesab edir ki, cavabdeh mənzili qanunsuz olaraq zəbt etmişdir, həmin mənzilə qanunsuz sahiblik və qanunsuz istifadə etməklə qanuni mülkiyyətçilər hesab edilmiş şəxslərin mülkiyyət hüquqlarını təmin edilməsinə manelər yaradır. Cavabdeh atalarının vəfat etdiyi xx.xx.2015-ci il tarixdə mənzilin giriş qapısının açarlarını fürsətdən istifadə edərək götürmüşdür. Hazırda da mənzilin giriş qapısının açarlarını özündə saxlamaqla mülkiyyətçi kimi əmlakdan sahiblik istifadə etmə hüquqlarını məhdudlaşdırmaqla mülkiyyət hüquqlarını pozmaqda davam edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək, cavabdehin paylı mülkiyyətlərində olan mənzildə tək yaşadığını, həmin mənzili onun razılığı ormadan kirayəyə verildiyini, özünün də həmin ünvanda yaşamaq niyyəti olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil mənzilin sahəsinin az olduğunu, tərəflər arasında münasibətin gərgin olmasını nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2932/2022 saylı qərarından müəyyən olunur: İddiaçılar İddiaçı və X1 qızı cavabdehlər Cavabdeh Cümə oğluna və 9 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, 50 saylı mənzilin cavabdehə bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(005)- 3120/2017 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar İddiaçı və X1 qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(005)-3120/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(103)- 1548/2018 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmaqla, İlyasov Cuma Əliməmməd oğlu ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması haqqında” 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir; Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(103)-1548/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2(102)-5194/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(103)-1548/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli, 2(103)- 12543/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; İddiaçılar İddiaçı və X1 qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli, 2(103)-12543/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 sentyabr 2021- ci il tarixli, 2(102)-5/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli, 2(103)-12543/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)- 10779/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı və X1 qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(005)- 3120/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilərək, İlyasov Cuma Əlməmməd oğlu ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-837 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir; Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-10779/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2932/2022 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-10779/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X1 qızı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.40 kv.m olan mənzilə dair 1/3 hissədə ona məxsus olan payı hədiyyə alan İddiaçı bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X2 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.40 kv.m olan mənzilin 2/3 hissədə İddiaçı paylı mülkiyyətində olmasına dair xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, 50 saylı mənzil tərəflərin mərhum atası Cümə İlyasovun xüsusi mülkiyyətində olmuşdur. Mərhumun bu əmlakı cavabdehə bağışlamasına dair əqd olsa da, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən həmin əqd etibarsız sayılmışdır. Bundan sonra qanun üzrə vərəsəlik qaydasında miras əmlaka pay hüququ olan tərəflərin bacısı Sevinc Yaqubova öz payını iddiaçıya bağışlamış və iddiaçının qeyd olunan əmlak üzərində 2/3 hissədə paylı mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmış, bu barədə müvafiq çıxarış verilmişdir. Çıxarışdan əmlakın cavabdehə çatası qalan hissəsinin açıq saxlanıldığı, paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı aydın olur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş arvadı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. İş materialları ilə iddiaçının əmlaka 2/3 hissədə paylı mülkiyyət hüququnun olması sübuta yetirilmişdir. Cavabdeh də iddiaçınnı əmlaka paylı mülkiyyət hüququnu mübahisələndirməmişdir. Cavabdehin iddiaya etirazının əsasını iddiaçının ailə tərkibinin çox olması və mənzilin ümumi sahəsinin az 41.40 kv.m olması təşkil edir. Lakin nəzərə alınmalıdır ki, iddia tələbi yalnız iddiaçının özünün sözügedən mənzilə köçürülməsi barədədir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, analogiya üzrə yuxarıda qeyd edilən qərarda göstərilmiş norma hazırda baxılan mülki işə tətbiq edildikdə, mənzilin sahəsinin iki şəxsin yaşaması üçün yetərli olduğu müəyyən olunur. Həmçinin o da nəzərə alınmalıdır ki, iddiaçının mənzilə olan payı mənzilin 2/3 hissəsini təşkil edir. Cavabdehin də mənzilə olan hüquqları hazırda dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mübahisəli evdə yaşamasına maneə törətməsi bərabərlik prinsipinə uyğun olmamaqla yanaşı iddiaçının əvvəlki şərtlər daxilində bu evdə yaşamaq hüququnu pozur. Eyni zamanda, mənzilə dair 2/3 hissədə pay hüquqları olan iddiaçının mənzildən istifadəsinə maneələr yaradılması (mənzilin açarlarının iddiaçıya verilməməsi) və iddiaçının hazırki iddiasının təmin edilməməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb olacaq. Belə olan təqdirdə, iddiaçının cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onun bu evə köçürülməsi zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumun əvəzinin cavabdehdən tutulmasını tələb etmədiyindən ödənilmiş rüsum iddiaçıya aid edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilsin. İddiaçı 2/3 hissədə paylı mülkiyyət hüququ olan ünvan 1 (yeni qaydalarla AZ1072, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41.40 kv.m olan mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-621/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-621/2024
07.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver