Məhkəmə qərarları › İş №2(005)-625/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-625/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-625/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X3 Mehdi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Yelo Bank” ASC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) "daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Yelo Bank” ASC Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Yelo Bank” ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 06 dekabr 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, "Yelo Bank” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq "Yelo Bank” ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "Yelo Bank” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Yelo Bank” ASC ilə Cavabdeh arasında 06 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alğı- satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan qeyri-yaşayış sahəsini nisyə alqı-satqı qaydasında 50.000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10.000 manat məbləğində satıcının "Yelo Bank” ASC-nin hesabına ödəyir, qalan 40.000 manatı isə hər ay 1667 manat olmaqla banka ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən 10.000 manat məbləğində vəsait banka ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı banka lazımi qaydada ödəniş edilməmişdir. "Yelo Bank” ASC ilə Cavabdeh arasında 06 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Mübahisənin məhkəmədənkənar həll olunması üçün yazılı xəbərdarlıq məktubu 04 noyabr 2022-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "Yelo Bank” ASC ilə Cavabdeh arasında 06 dekabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan qeyriyaşayış sahəsini nisyə alqı-satqı qaydasında 50.000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10.000 manat məbləğində satıcının "Yelo Bank” ASC-nin hesabına ödəyir, qalan 40.000 manatı isə hər ay 1667 manat olmaqla banka ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən 10.000 manat məbləğində vəsait banka ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı banka heç bir ödəniş edilməmişdir. Cavabdehə öhdəlik ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilə üzrə ilkin ödəniş olaraq 10.000 manat pul vəsaitini ödəmiş, qalan 40.000 manat pulu isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin ödəniş edildikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, əmlakın dəyərini iddiaçıya ödəməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraiət etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki Cavabdeh daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əmlakı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əmlakın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan daşınmaz əmlakı almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsinim boşaldılaraq banka təhvil verilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli qeyri yaşayış sahəsinin cavabdehin istifadəsində olması iddiaçının qeyri yaşayış sahəsinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 06 dekabr 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 113,70 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən 113,70 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 06 dekabr 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh 113,70 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar