Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-625/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfatı Birliyi, X8, "xxxx" ASC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş (açar sözlər: order, xidməti yaşayış sahəsi, əmək müqaviləsinə xitam verilmiş şəxslərin yataqxanaya hüquqları) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfatı Birliyi, X8, "xxxx" ASC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 128, 20A nömrəli mənzilin cavabdeh şirkət tərəfindən sökülməsi müqabilində 24 ay müddətində həmin mənzilin yerləşdiyi binanın yerində yeni tikiləcək binada yerləşən faktiki sahəsinə əlavə edilməklə təqribi 30-35 kv.m ölçüdə tam təmirli 1 otaqlı mənzilin ona təhvil verilməsi və sökülməsi nəzərdə tutulan mənzillə bağlı cavabdehə təhvil verildiyi gündən başlayaraq, yeni mənzilin təhvil verildiyi günədək iddiaçıya hər ay 400 manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ödənilməsinə dair müqavilənin bağlanılması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ev 182, 20A saylı mənzilin cavabdeh şirkət tərəfindən sökülməsi müqabilində 24 ay müddətində həmin mənzilin yerləşdiyi binanın yerində yerləşən faktiki sahəsinə əlavə edilməklə təxminən 30-35 kv metr ölçüdə təmirli, 1 otaqlı mənzilin verilməsi barədə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və yeni mənzilin təhvil verildiyi günədək hər ay 400 manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 128-də yerləşən yataqxanada olan 20A nömrəli mənzil Bakı Komvol Kombinatı tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 28 nömrəli orderlə ona məxsusdur. Sözügedən mənzil Bakı Komvol Kombinatında Əyrici sexində əyrici vəzifəsində işlədiyi zaman ona iş yeri tərəfindən yaşamağı üçün verilmişdir və eyni zamanda həmin ünvanda pasport qeydiyyatındadır və illərdir həmin mənzilin kommunal xərcləri onun tərəfindən ödənilməkdədir. Hazırda ona məxsus mənzilin də yerləşdiyi həmin binanın yaşayışa yararsız və qəzalı vəziyyətdə olması səbəbindən cavabdeh "xxxx" MMC tərəfindən binanın sökülməsi və yerində müasir tələblərə cavab verən bina tikilməsi planlaşdırılmaqdadır. Belə ki, Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sərəncama əsasən, ünvan 1 5B küçəsi ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178.ha torpaq sahəsi, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Hazırda cavabdeh şirkət tərəfindən yuxarıda göstərilən sərəncamın icrası məqsədilə sözügedən ünvanlarda yerləşən bina sakinləri(mülkiyyətçilər) ilə müvafiq müqavilələr bağlanılmışdır. Müqavilələrin şərtlərinə görə mənzil mülkiyyətçiləri onlara məxsus olan yaşayış sahələrini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh də əvəzində həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasında razılaşdırılmış mərtəbədə və razılaşdırılmış sahəyə malik olan mənzili təhvil verməyi öhdəsinə götürmüşlər. Bundan başqa, müqavilə şərtlərinə görə cavabdeh şirkət binanın tikintisi başa çatıb, yeni mənzillər təhvil verilənədək müvəqqəti yaşayışı təmin etmək məqsədilə hər ay müvafiq məbləğdə kirayə haqqını müqavilə bağlayan mülkiyyətçilərə ödəməyi öhdəsinə götürmüşdür. O da digər bina sakinləri kimi müqavilə bağlanması üçün dəfələrlə cavabdeh şirkətə müraciət etsə də, cavabdeh şirkət mənzilin sahəsinin kiçik (9 kv.m) olmasını səbəb göstərərək müqavilə bağlamaqdan yayınmışdır. Bildirilir ki, guya ona verilmiş yaşayış sahəsi müstəqil mənzil sayılmır, bu səbəbdən bu yaşayış sahəsinin müqabilində ona mənzil verilməsi nəzərdə tutulmur. Mənzil uzun müddətdir ki, məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyi üçün mənzildən istifadə edə bilmir, cavabdeh şirkət bunu da bəhanə edərək bildirmişdir ki, mənzili həmin ailəyə güzəştə getməlidir və mənzilin müqabilində həmin ailəyə Bakı kəndlərinin birində şirkət tərəfindən torpaq sahəsi veriləcəkdir. Belə olan halda, sözügedən mənzilə hüquq sahibi olaraq o öz hüququndan məhrum edilir, lakin həmin mənzilə dair heç bir hüququ olmayan ailəyə mənzilin əvəzində torpaq sahəsinin verilməsi nə dərəcədə ədalətlidir?! Hazırda o, sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədinin (order) olmasına və qanunla gözlənilən mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən razılığa olmadan ona məxsus mənzilin söküntüsünə başlanılmasından və mənzilə dair hüquqlarını itirəcəyindən ehtiyat edir. Belə ki, cavabdeh şirkət tərəfindən sözügedən binanın söküntüsünə hazırlıq məqsədilə binanın yerləşdiyi ərazidə müvafiq işlər görülməkdədir. Mənzilə dair müvafiq hüququ olan şəxs kimi ona münasibətdə də cavabdeh tərəfindən bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürülməli, bərabərlik prinsipinin və bərabər mənafelərinin pozulmaması üçün səy göstərilməlidir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, ali təhsilli həkimdir, hazırda da həkim kimi işləyir. O vaxtı Bakıya gələndə tibb təhsili yox idi, işi və evi də yox idi. Ev almaq üçün Bakı Komvol Kombinatına müraciət etmişdir və işə düzəlmişdir. Mənzil ona 1995-ci ildə Bakı Komvol Kombinatında işlədiyi üçün verilmişdir. Orderi də var. O, həmin mənzildə yaşamamışdır. Ona verilən otaq 18 kv.m olub. Otaq 9 kv.m olmaqla iki hissəyə bölünmüşdür. 9 kv.m sahədə isə Rəfiqə adlı məcburi köçkün 3 uşağı ilə birlikdə yaşayıb. Bu səbəbdən onun həmin mənzildə yaşaması mümkün olmamışdır. MTK bildirir ki, sahə az olduğu üçün onunla müqavilə bağlanması mümkün deyil. Orada bütün evlər standart olaraq 18-19 kv metrdir. Onun razılığı olmadan ev bölünmüşdür. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onlar 20 saylı mənzilin 13 kv metr sahəsi ilə bağlı müqavilə bağlamışlar və onun əvəzinə 35 kv metr sahəli mənzil vermişlər. Onun çıxarışı vardır. 20 saylı mənzilin qalıq hissəsi 6 kv metdir. Həmin 6 kv metr sahədə isə məcburi köçkün yaşayıb. Onunla bağlı akt da təqdim etmişlər. Məcburi köçkün Dövlət Komitəsi tərəfindən köçürülmüşdür. Onlar həmin hissə ilə bağlı müqavilə bağlamamışdır. Həmin binada ümumiyyətlə 1 otağa görə çox orderlər verilib. O demək deyil ki, oderlərin hamısı qanunidir. Hazırki iş üzrə də iddiaçının orderi saxtadır. İddiaçı ilə eyni vaxtda başqa şəxslərə də verilmiş orderlərə baxdıqda iddiaçının orderinin saxta olması görünür. İddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüffat Birliyinin nümayəndəsi X4 bildirmişdir ki, mənzil order əsasında İddiaçı 1995-ci ildə verilib. Sadəcə həmin binada məcburi köçkünlər yaşadığından iddiaçı özünə məxsus mənzildə yaşaya bilməyib. Sonradan da MTK binanı sökərək yerində yeni bina tikməyə başladı. Məcburi köçkünlər də köçürüldü. Şirkət məcburi köçkünlərlə müqavilə bağlamayıb. Yataqxana orderlərində ümumiyyətlə sahə yazılmır. Əvvəlki orderlər müvəqqəti verilirdi. Lakin 1995-ci ildən sonrakı orderlər müvəqqəti deyil. Yataqxanada 17-18 kv metrdən az sahəli otaq yoxdur. Ən çox isə 18-20 kv. metr sahəli otaqlar var idi. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 51. Yaşayış sahəsinin icarə müqaviləsi Dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. M a d d ə 6 0 . Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Maddə 106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: И-İ saylı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1995 – xx.xx.1998-ci il tarixi aralığında Bakı Komvol Kombinatında Əyirici sexində, əyirici vəzifəsində işləmişdir. Bakı-Komvol Kombinatının 28 nömrəli, xx.xx.1995-ci il tarixli orderinin surətindən görünür ki, F.X.Xoyski küçəsi, ev 128 ünvanında yerləşən yataqxananın 20A nömrəli mənzili müəssisədə işlədiyi dövrdə yaşamaq üçün Əyrici sexində işləyən əyrici İddiaçı verilmişdir. Orderin verilməsi üçün əsas HİK-in 12.04.95-ci il tarixli protokolundan çıxarış. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı F.Xoyski küçəsi ev 128, mənzil 20A üzrə 35 manat kommunal xidmət haqqı ödəmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Tofik qızı F.X.Xoyski küçəsi 128 saylı evin 20A nömrəli mənzilində yaşayır və qeydiyyatdadır, mənzil kirayəsi və tullantı pulu borcu yoxdur. Arayış Cavabdeh MMC-yə təqdim olunması üçün verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, əvvəllər Bakı Komvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X20 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli, 895 saylı sərəncamı ilə balansa verilmişdir. Hal-hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqa 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı 20A saylı mənzildə 1993-cü ildən Füzuli rayonu məcburi köçkünu X3 məskunlaşmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol İdarəsi ASC-nin natamam arxiv sənədlərinin 1998-ci ilə dair əmr kitablarında və əyirici sexinin 1995-1996-cı illərə dair əmək haqqı cədvəllərində vət. Bağırova (Fərhadova) Qalibə Tofiq qızı barəsində heç bir məlumat yoxdur. Bakı "xxxx" İdarəsi ASC-nin 1995-ci ilin yanvar-may aylarına dair əmr kitabları və 1996-cı ildən sonrakı dövrlər üçün əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Bakı Komvol Kombinatı tərəfindən “Əmək və məşğulluq” altsisteminə əmək müqavilələri daxil edilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixi sərəncamdan görünür ki, ünvan 1 5B ünvanlarında yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178.ha torpaq sahəsi, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri, mülkiyyətçiləri ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün Cavabdeh MMC tərəfindən icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Nərimanov Rayon sektorunun müdiri X12, Bakı şəhər İcra Hakimiyyəti mənzil kommunal Təsərrufat departamentinin 2 saylı MKTB-nin 114 saylı MKİS-nin rəisi X21, İcraçı direktor X9, X1 oğlu, Polis sahə İnspektoru polis mayoru X10 tərəflərindən tərtib edilmiş aktdan görünür ki, Sərəncamın icrası ilə bağlı, 128-ci binanın köməkçi sahəsi olan 20A saylı mənzil kimi qeyd olunmuş, 6 kv.m sahəsi olan mənzildə məskunlaşmış X8 (Fizuli) çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yə təhvil verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, sahəsi 13.5 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128, 20 nömrəli mənzil xx.xx.2024-cü il tarixindən X2 xüsusi mülkiyyətindədir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0159 nömrəli ekspertiza rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 128 ünvanında yerləşən 20A saylı mənzili ilə analoji xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 300 manat müəyyən olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçıya yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəllənin 93-cü maddəsində də öz əksini tapmışdır. Qeyd olunan qanunvercilik normalarının məzmunundan göründüyü kimi, müəssisənin balansında olan yataqxanalar fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilən yaşayış sahələridir. Müəssisələrin yataqxanalarında yer almış işçilər öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilərlər (köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsi). Hazırki iş üzrə iddiaçı tərəfindən əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti təqdim edilmiş, həmin əmək kitabçasına əsasən o, 1995-1998-ci illərdə Bakı Komvol Kombinatında əyrici işləmiş, 1998-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 12 aprel 1995-ci ildə Bakı Komvol Kombinatının yataqxanasında yerləşən 20 saylı mənzilə dair order verilmişdir. Orderin məzmununda da qeyd edilmişdir ki, müəssisədə işlədiyi dövrdə istifadə etmək üçün verilir. İşin hallarından da göründüyü kimi, iddiaçı orada yaşamamış, mənzil 2 hissəyə bölünmüş, təxminən 13 kv.metr hissəsinə dair başqa şəxs tərəfindən çıxarış alınmış, digər hissəsində isə məcburi köçkünlər yaşamışdır. Hazırda həmin mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə qeyd edir ki, eyni mənzildə uzun müddət ərzində başqa şəxslər, həmin mənzilin bir hissəsində isə məcburi köçkünlər yaşamışdır. Lakin, keçən bu uzun müddət ərzində iddiaçı bu şəxslərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməmişdir. İddiaçı bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görməmişdir. Yalnız binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəmişdir. Beləliklə, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. İddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir. V. Nəticə: Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı (2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfatı Birliyi, X8, "xxxx" ASC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfatı Birliyi, X8, "xxxx" ASC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-625/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-625/2025
23.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver