Məhkəmə qərarları › İş №2(005)-636/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-636/2021

10.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-636/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1946-cı ildə doğulmuş və Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2985/2019 saylı qətnaməsi ilə ölmüş elan edilmiş anası Rəhimova (Qurbanova) Nərgiz Bilal qızından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 136 saylı evin, 3 saylı mənzili üzərində onun qanun üzrə vərəsəlik hüququnun tanınması və həmin miras əmlak üzərində onun 1/10 pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Cavabdeh və anası Rəhimova (Qurbanova) Nərgiz Bilal qızı xx xxxxxxxx 1964-cü il tarixdə rəsmi nikaha daxil olublar. Onların birgə nikahlarından 4 övladları doğulmuşdur. Ata və anası bir ailə kimi yaxşı keçinməmiş, atası daim anasını təhqir etmiş, aralarında tez-tez münaqişə baş verməyə başlamışdır. Daha sonradan atasının başqa bir qadından qeyri-rəsmi uşaqları olduğunu bilmişdir. İllərlə davam edən bu fiziki və mənəvi zorakılığa dözə bilməyən anası 1997-ci ilin oktyabr ayının sonlarında evi tərk etmiş, onun hara getdiyi barədə məlumat ala bilməmişlər. Atası uzun illər ərzində onun axtarışı ilə səthi məşğul olmuş, buna görə də iddiaçı özü əlindən gəldiyi qədər anasının axtarışı üçün polis orqanlarına və qohumtanışlara müraciət etmiş, lakin o, hələ də tapılmamışdır. Anasının itkin düşməsindən xeyli müddət sonra atası qeyri-rəsmi nikahda olduğu arvadı və uşaqları iddiaçının anası ilə birgə nikah dövründə əldə etdiyi əmlakı mənimsəmək niyyəti ilə müvafiq addımlar atıblar. Belə ki, onlar atasının adına olan həmin mənzilləri mənimsəmək məqsədi ilə məhkəməyə müraciət edərək, anasının ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını tələb ediblər. Binəqədi Rayon Məhkəməsi də hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, iddiaçının və qardaşlarının məhkəmədə iştirakını təmin etmədən anasının ölmüş elan edilməsi barədə xx.xx.2019-cu il tarixli, 2(001)-2985/2019 nömrəli qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının valideynlərinin birgə nikah dövründə atasının adına bir neçə mənzil əldə ediblər: Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, mənzil 3; Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 125, mənzil 46; Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 121, mənzil 5; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 136, mənzil 3. Lakin atasının qeyri-rəsmi ailəsindən olan övladları atalarına hədə-qorxu gələrək mənzillərin böyük əksəriyyətini, daha konkret desək, (1) Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, mənzil 3; (2) Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 125, mənzil 46; (3) Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 121, 15 saylı mənzilləri ögey qardaşı - X3 adına bağışlama müqaviləsi əsasında özgəninkiləşdiriblər. Ögey qardaşları sözügedən bütün müqavilələri atasına hədə-qorxu gələrək, zorla imzalatdırmışlar. Halbuki, həmin mənzillər iddiaçının validenyləri birgə nikahda olan zaman əldə edilmişdir, onların hamısında anasının da pay hüququ var idi. Lakin göründüyü kimi, ögey qardaşları anasının vərəsələri kimi onu və qardaşlarını həmin mənzillərdəki vərəsəlik hüququndan məhrum etmək üçün təcili onun ölmüş elan edilməsini tanıtmış və dərhal da mənzilləri öz adlarına keçirmişdilər. Hal-hazırda atasının adına yalnız Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 136, mənzil 3 ünvanında yerləşən mənzili qalmışdır. Lakin atası və qardaşları bu payı könüllü şəkildə iddiaçıya vermədikləri üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Başı şəhər Ərazi İdarəsinin müvafiq məktubundan da görünür ki, atasıyla anası qeyd edilən mübahisəli mənzili birgə yaşadığı dövrdə, daha dəqiq desək 1997-ci ilin avqust ayında alqı-satqı yolu ilə atasının adına əldə etmişlər. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosuna ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli sorğuya cavab məktubuna əsasən Cavabdeh adına xx.xx.1997-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 136, mənzil 3 dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına xx.xx.2012-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Əiövsət Əbdülrəhimov küçəsi, ev 126A, mənzil 3 dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin 38 saylı NK-nın xx.xx.2012-ci il tarixli, 4Ə/03-328 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən ünvan X3 adına özgəninkiləşdirilmişdir. Cavabdeh adına xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 125, mənzil 46 dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin 38 saylı NK-nın xx.xx.2019-cu il tarixli, 4Ə-157 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən ünvan X3 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, akad. Həsən Əliyev küçəsi, ev 121, 15 saylı mənzil xx.xx.1995-ci il tarixində X1 adına ilkin dövlət reyestrində qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nın xx.xx.2009-cu il tarixli, 4Ə-3-№550 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən ünvan X4 adına özgəninkiləşdirilmiş və xx.xx.2009-cu il tarixli, MH ******* seriyalı çıxarışla rəsmiləşdirilmişdir. 51 saylı NK-nın xx.xx.2018-ci il tarixli, 4Ə-911 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvan Cavabdeh adına özgəninkiləşdirilmiş və xx.xx.2018-ci il tarixli RX ******* seriyalı çıxarışla rəsmiləşdirilmişdir. 38 saylı NK-nın xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən ünvan X3 adına özgəninkiləşdirilmişdir, hazırda mülkiyyətindədir və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(001)- 2985/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb ediməklə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, xx.xx.1946-cı il təvəllüdlü, ünvan 3 mənzil 32 ünvanında pasport qeydiyyatında olan Rəhimova (Qurbanova) Nərgiz Bilal qızının ölmüş elan edilməsi, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1946-cı il təvəllüdlü Rəhimova (Qurbanova) Nərgiz Bilal qızının ölüm günü sayılması qət edilmişdir; Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 106980 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2019-cu il tarixdə məhkəmə qətnaməsi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 146 nömrə ilə qeyd edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14220/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2985/2019 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, ərizəçi Cavabdeh maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsinə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının anası Rəhimova (Qurbanova) Nərgiz Bilal qızından miras qaldığın iddia etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 136 saylı evin, 3 saylı mənzil atası Cavabdeh adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(001)-2985/2019 saylı qətnaməsi ilə ölmüş elan edilmiş Rəhimova (Qurbanova) Nərgiz Bilal qızına ölüm haqqında şəhadətnamə xx.xx.2020-ci il tarixdə verilsə də, onun verilməsi üçün əsas olmuş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14220/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Qətnaməsi ilə ləğv edilmişdir. Hazrıda iddiaçı həmin mübahisəli mənzilə vərəsəlik hüququnun tanınması və həmin miras əmlak üzərində onun 1/10 pay hüququnun müəyyən edilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan, məhkəmənin qənaətinə görə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi, ilk növbədə vərəsələr tərəfindən mirasın açılma vaxtının müəyyən edilməsi və qəbul edilib-edilmədiyi məsələsinin aydınlaşdırılmasından asılıdır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qeyd edilən Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göstərilən Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Yenə Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Yuxarıda da göstərildiyi kimi, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə iddiaçı hər hansı sübut təqdim eğtmədiyindən iddia tələbini əsaslı hesab etmək olmaz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1146-cı maddəsinin tələbinə görə, mirasın açıldığı vaxt dedikdə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün başa düşülür. Bu hal isə hazırda mövcüd deyil. Belə olan halda, Rəhimova (Qurbanova) Nərgiz Bilal qızından miras qalmış əmlak kimi Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 136 saylı evin, 3 saylı mənzilin miras kütləsinə daxil edilməsi müəyyən edilmir. Eyni zamanda həmin əmlak hazırda iddiaçının atası Cavabdeh adına xx.xx.1997-ci il tarixindən qeydiyyatdadır. Buna görə də, mirasın qanunvercilikdə qeyd olunduğu kimi - fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılması halı mövcud olmadığından iddiaçının əmlaka vərəsəlik hüququnun tanınması, payının müəyyən olunması tələbi təmin edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar