Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-660/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35/3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35/3 (35/C) ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə 35/3 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Əvvəllər burada onunla birlikdə qızı, hazırkı iş üzrə cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh da qeydiyyatda olmaqla yaşayırdı. Lakin, 2011-ci ildə o, 1985-ci il təvəllüdlü X6 ilə evlənərək Bakı şəhəri, ünvan 3 ünvanına köçmüşdür. Həmin vaxtdan etibarən cavabdeh əri xx.xx.1985-ci il təvəllüdlü X6, 10 yaşlı övladı X8 və 12 yaşlı X1 ilə birlikdə gəlin getdiyi ünvanda yaşayır. Göründüyü kimi, cavabdeh artıq 13 ildir ki, başqa ünvanda yaşamaqla, onlarla birlikdə təsərrüfat aparmır. Ona məxsus yaşayış sahəsində formal olaraq qeydiyyatda qalmışdır. Eyni zamanda cavabdehin, formal olaraq, onun mənzilində qeydiyyatda qalması səbəbindən hazırda o, hər bir digər vətəndaş kimi, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə onun mülkiyyətində olan mənzili digər mənzilə dəyişdirə və mənzil üzərində digər sərəncamlar verə bilməz. Göründüyü kimi, mülkiyyətində olan mənzilə dair sərbəst sərəncam vermək hüququ da cavabdeh tərəfindən pozulur. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda qayınanasına məxsus evdə yaşayır və qeydiyyata alınmaq üçün başqa yaşayış yeri yoxdur. Qayınanası isə ona məxsus evə qeydiyyata alınmağına razı deyil. Əgər iddiaçı 1 il müddətinə möhlət verərsə, ona məxsus evdən qeydiyyatdan çıxmaq niyyətindədir. Çünki, həmin müddətdə həyat yoldaşı ilə birlikdə yeni evə köçməyi planlaşdırır və o da həmin evə qeydiyyata alınmaq niyyətindədir. Həmçinin bildirdi ki, həmin 1 il müddətinə onun payına düşən kommunal haqqı da iddiaçıya ödəməyə hazırdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilən xx.xx.2024ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan göründüyü kimi, vətəndaş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35\3 ünvanında yerləşən mənzilində xx.xx.2014 təvəllüdlü X17, xx.xx.2018 təvəllüdlü X9, xx.xx.1984 təvəllüdlü X4, xx.xx.1985 təvəllüdlü Cavabdeh, xx.xx.1987 təvəllüdlü X11 adlı şəxslər qeydiyyatdadırlar. - İş materiallarında olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. - İş materiallarında olan xx.xx.2021 qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35C ünvanında yerləşən yaşayış sahəsi paylı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - İş materiallarında olan xx.xx.2019-cu il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35C ünvanında yerləşən yaşayış sahəsinin 1/25 hissəsi və torpaq sahəsi ümumi birgə X12 məxsusdur. - İş materiallarında olan xx.xx.2020-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35 ünvanında yerləşən yaşayış sahəsinin 1/25 hissəsi və torpaq sahəsi ümumi birgə X10 məxsusdur. - İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35 ünvanında yerləşən yaşayış sahəsinin 1/25 hissəsi və torpaq sahəsi ümumi birgə X2 məxsusdur. - İş materiallarında olan xx.xx.2008-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35 ünvanında yerləşən yaşayış sahəsinin 1/25 hissəsi və torpaq sahəsi ümumi birgə X5 məxsusdur. - İş materiallarında olan 184602 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35C ünvanında yerləşən yaşayış sahəsinin 5/25 hissəsi və torpaq sahəsi ümumi birgə X7 məxsusdur. - İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən MH seriyalı, 100913 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə 35\3 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır - İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından göründüyü kimi, Cavabdeh əri X6 Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatdadır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qızı Cavabdeh anası İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə 35/3 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. 2011-ci ildə o, 1985-ci il təvəllüdlü X6 ilə ailə qurmuşdur. DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh əri X6 Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatdadır. Hazırda iddiaçı cavabdehin ailə quraraq həmin mənzildə uzun müddətdir ki yaşamamasına və qeydiyyatının formal xarakter daşımasına istinad edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə 35/3 saylı mənzildən istifadə hüquququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığı üçün tərəflərin mübahisəli mənzilə mülkiyyət və istifadə yaranıbyaranmadığının müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Mənzil Məcəlləsinin 87-ci maddəsində isə göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İddiaçının təqdim etdiyi sübutlardan və Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdeh xeyli müddətdir ki, həmin ünvanda yaşamır. Belə ki, cavabdeh əri X6 ilə Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatdadır. Bu qədər müddət ərzində cavabdehin həmin ünvanda yaşamaması daimi əsaslarla başqa ünvana köçdüklərini təsdiq edir. Beləliklə, işdəki sübutların məcmusu cavabdehlərin mübahisəli mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyinin tələbləri baxımından cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının hazırda mövcud olması müəyyən edilmir. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Bu baxımdan, şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə 35/3 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə 35/3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-660/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-660/2025
30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver