Məhkəmə qərarları › İş №2(005)-675/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-675/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-675/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 908,50 (doqquz yüz səkkiz manat 50 qəpik) əsas borc, 500 (beş yüz) manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Hüquq" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən buraxılmış MS seriyalı, 000109 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 22.02.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 56 №-li mənzil 09.01.2019-cu il tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir və cavabdeh həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. Nəzərə çatdırır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh tərəfindən həmin mənzilə görə 09.01.2019-cu il tarixdən 01.12.2021-ci il tarixədək mövcud olan 934,50 (doqquz yüz otuz dörd manat 50 qəpik) kommunal borcdan cəmi 26 (iyirmi altı) manat ödənilmiş, qalan 908,50 (doqquz yüz səkkiz manat 50 qəpik) ödənilməmiş qalmışdır. Belə ki, Cavabdeh 56 Jfe-li mənzili üçün kommunal borcu 908,50 (doqquz yüz səkkiz manat 50 qəpik) təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan kommunal borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan "Hüquq” MTK ilə İddiaçı arasında bağlanmış 01.05.2017-ci il tarixli müqavilədən görünür ki, «Sifarişçi» sifariş verir, «İcraçı» isə əlavə muzd almadan «Sifarişçi»yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərləbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu «İcraçı»yə verir, «İcraçı» isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür.(1.1-ci bəndi) “İcraçı” bina sakinlərinə göstərilən monzil-kommunal xidmətlərinə görə mənzilin hər m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürür. (3.1-ci bəndi) İş materiallarında olan "Hüquq” MTK ilə İddiaçı arasında bağlanmış 01.05.2017-ci il tarixli müqaviləyə 1 №-li Əlavə Razılaşmadan görünür ki, Müqavilənin 1.1 -ci bəndi dəyişilərək aşağıdakı redaksiyada qəbul edilsin: “Sifarişçi” sifariş verir. “İcraçı” isə əlavə muzd almadan “Sifarişçi”yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu. Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasında "xxxx" MTK-nə məxsus qeyri-yaşayış sahələrini icarəyə vermək, yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “Sifarişçi”nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “İcraçı”ya verir, “İcraçı" isə Öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndi dəyişilərək aşağıdakı redaksiyada qəbul edilsin: Müqavilə 01.05.2032-ci il tarixədək qüvvədədir. İş materiallarında olan "Hüquq” MTK-nın üzvlərinin ümumi yığıncağının 28 aprel 2008ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılması qərara alınmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 56 nömrəli mənzil üzrə 2019-2021-ci illər üzrə ümumilikdə 908,50 manat borcu var. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "Hüquq” MTK ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərləbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi üçün 01.05.2017-ci il tarixdə müqavilə bağlanmışdır. "Hüquq” MTK-nın üzvlərinin ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılması qərara alınmışdır. Cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 56 nömrəli mənzil üzrə 2019- 2021-ci illər üzrə ümumilikdə 908,50 manat borcu var. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra - mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). AR Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (135.1). Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; mənziltikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan (135.2). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi həmin hissədə əsaslıdır. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu "Bakı şəhər icra hakimiyyəti başçısının "Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 96İ saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Hazırki iş üzrə "Hüquq” MTK ilə İddiaçı MMC arasında bağlanmış 01.05.2008-ci il tarixli, 01.05.2012-ci il tarixli və 01.05.2017-ci il tarixli eyni məzmunlu müqavilələrdən görünür ki, sifarişçi "Hüquq” MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və bunun müqabilində kommunal haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Cavabdehin üzvü olduğu mənzil-tikinti kooperativi bu ödənişlərin İddiaçı MMC tərəfindən yığılması qaydasını və mənzilin hər kvadratmetrinə görə 0,30-0,50 manat ödənişlərin alınmalı olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29.12.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 30-50 qəpik) "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2019-2021-ci illər üçün 934,50 manat borc hesablanmışdır. Cavabdeh həmin borcdan 26 manat ödəniş etmişdir. Beləliklə iddiaçı sözügedən mənzillərin mülkiyyətçisi olduğu andan kommunal xidmətlərə görə ödənişləri həyata keçirməlidir. İddiaçı MMC də bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Həmin müqavilə cavabdeh tərəfindən imzalanmasa da, o, həmin kommunal xidmətlərdən yararlanmışdır. Yuxarıda qeyd edilən araşadırmalara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə əsassız varlanma haqqında normalara əsasən həll edilməlidir. Göründüyü kimi də bu mülki işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 908,50 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım xərci kimi ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardım xərci kimi ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Resoublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 908,50 əsas borc və 30 manat dövlət rüsumu cəmi 938,50 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar