Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-683/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs kimi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs kimi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi barəsində xx.xx.1973-cü il tarixdə Ermənistanın Yexeqandzor rayonu VVADQ Şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsinə, xx.xx.1973-cü il tarixdə Ermənistanın Yexeqandzor rayonu WADQ Şöbəsində doğumun qeyd edilməsi faktının, xx.xx.1973-cü il tarixdə Ermənistanın Yexeqandzor rayonu Qovuşuq kəndində doğulmağı, ata adının X6, milliyyətinin azərbaycanlı, ana adının X3, milliyyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan SSR Yexeqnadzor rayonu Qovuşuq kəndində anadan olmuşdur. Həmin vaxt Yexeqnadzor rayon VVADQ Şöbəsində akt qeydləri aparılmaqla Ərizəçi doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd olunmalıdır ki, X1 2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçi məxsus doğum haqqında şəhadətnamə itmişdir və tapılmamışdır. Doğum akt qeydinin bərpa edilməsi barədə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, akt qeydinin həqiqətən əvvəllər qeydinin olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilməsi və və həmin sənəd təqdim edilmədiyindən ərizənin təmin edilməməsi və məhkəməyə müraciət edilməsi barədə cavab verilmişdir. Ərizəçi bildirir ki, akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də, bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Ərizəçi qeyd edilən vaxtda doğulmağını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Həmçinin şəxsiyyət vəsiqəsi ilə də qeyd edilən vaxtda doğulmağı öz təsdiqini tapır. Ərizəçi bildirir ki, müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun qızıdır. Həyat yoldaşı rəhmətə getmişdir. Qızının şəhadətnaməsi əvvəllər mövcud olmuşdur. Qaçqın kimi gələrkən onun şəhadətnaməsini götürmədiklərini qeyd etmişdir. Məhkəmə iclasında şahid X7 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Şəhadətnamənin hansı şəraitdə itməsini dəqiq bilmir. Bacısı Ermənistanda, Qovuşuq kəndində anadan olmuşdur. Bacısının ondan böyük olduğunu, Ermənistandan qaçqın olaraq gələndə özünə məxsus şəhadətnaməni gətirsə də, şəhadətnaməsini itirdiyini, Sadıq Xudaverdiyevin atası olduğunu əlavə olaraq qeyd etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ermənistanın Yexeqnadzor rayonunda xx.xx.1973-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Nərimanov rayonu MKTB 53 saylı MKİS tərəfindən verilən 031297 №-li arayışdan görünür ki, Cavadova X11 rayonu, M.Sənani küçəsi, ev 29, mənzil 8 ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-T 045288 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X9 xx.xx.1995-ci il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 254 № ilə qeyd edilmişdir. Ərə Cavadov, arvada Cavadova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1975-ci il tarixdə Keşişkənddə anadan olmuşdur. X1, anası X2r. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” X5 26 oktyabr 2023-cü il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi xx.xx.1973cü ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, o, doğum haqqında şəhadətnaməsini itirmiş, bununla bağlı Ərizəçi müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən ona doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamənin “ata” qrafasında X6, “ana” qrafasında X3, milliyyəti azərbaycanlı qeyd edilməli, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X6, “ana” qrafasında X3, milliyyəti azərbaycanlı qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-683/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-683/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver