Məhkəmə qərarları › İş №2(005)-694/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-694/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-694/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh “X1” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının cavabdeh «X1” ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X1” ASC-yə qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Manimlə cavabdeh "X1” ASC arasında bağlanmış 9073 saylı, 17.01.2009-cu tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şosesi 7 km inşa etdirdiyi 1 saylı binanın 67 blok, 7 saylı evin 2 otaqda yaşayış sahəsi 69.5 kv.m olan mənzilə görə ödədiyi 29885 manatın və ödədiyi 11 manat dövlət rüsumunun cavabdehdən tutularaq barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «X1” ASC ilə 9073 nömrəli 17.01.2009-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “X1” ASC tərəfindən inşa edilən Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km inşa etdirdiyi 1 saylı binanın 67 blok, 7 saylı evin 2 otaqdan ibarət, ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzili iddiaçı cavabdeh təşkilata 29885 manat ödəyərək almışdır. «X1” ASC-nin 2920 nömrəli, 17.01.2009-cu il tarixli maliyyə arayışında da bu barədə ətraflı qeyd olunmuşdur. Cavabdeh təşkilat müqavilədə evin müəyyən təmir işlərini həyata keçirərək evi iddiaçıya təhvil verəcəyinə dair öhdəlik götürsə də, öhdəliyini tam icra etməmişdir. Belə ki iddiaçı mənzilin məbləğini tam vaxtında ödəməsinə baxmayaraq evi ona müqavilədə qeyd olunan şərtlər altında göstərməmişlər. Ev iddiaçıya cavabdeh təşkilatın əməkdaşları tərəfindən göstərilərkən mənzilin razılaşdığı təmir vəziyyətində deyildi. İddiaçı da evi təhvil-təslim etməkdən imtina etdi. Mənzilin tez bir zamanda düzəldəcəkləri barədə razılığa gəlmişlər. Lakin o gündən bu günə kimi ev iddiaçıya təhvil verilməmiş, aralarında heç bir təhvil-təslim aktı imzalanmamış, mənzilin açarı iddiaçıya verilməmişdir. Dəfələrlə oranın əməkdaşına rəsmi şəkildə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, cavabdeh təşkilat məsuliyyətini dərk etməli, üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Əks halda müqavilədə qeyd edildiyi kimi iddiaçıya vurulmuş ziyanı ödəməyə borcludur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olub. Yuxarıdakıları nəzərə alaraq 9073 saylı, 17.01.2009-cu il tarixli mənzilin alqısatqı müqaviləsinə əsasən, ödədiyi 29885 (iyirmi doqquz min səkkiz yüz səksən beş manat) iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh “X1” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfindən ödənilən məbləğlər şirkətin sistemində görünməsə də təqdim olunmuş maliyyə arayışından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən həqiqətən də 29885 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasına etirazları yoxdur. Lakin məhkəmədən xahiş edirlər ki, tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndində nəzərdə tutulmuş şərti nəzərə almaqla iddia tələbinə hüquqi qiymət versin. Məhkəmə proses iştirakçılarının izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 9073 saylı, 17.01.2009-cu il tarixli Mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, Satıcı “X1” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıit şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 67 blok, 7 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzili «alıcı» İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 17.01.2009-cu il tarixli 2920 saylı “X1” Açıq Səhmdar Cəmiyyətinin arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəs., Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 1bina, 67-blok, 2-ci mərtəbədə, 69.50 m2 ümumi sahəsi əlan 7 saylı mənzilin ümumi dəyəri 29885.00 AZN (iyirmi doqquz min səkkiz yüz səksən beş manat 00 qəpik) tam ödənilib, heç bir borcu yoxdur. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıit şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 67 blok, 7 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzili «alıcı» İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. 17.01.2009-cu il tarixli 2920 saylı “X1” Açıq Səhmdar Cəmiyyətinin arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəs., Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 1-bina, 67-blok, 2-ci mərtəbədə, 69.50 m2 ümumi sahəsi əlan 7 saylı mənzilin ümumi dəyəri 29885.00 AZN (iyirmi doqquz min səkkiz yüz səksən beş manat 00 qəpik) tam ödənilib, heç bir borcu yoxdur. Buna baxmayaraq sözügedən mənzil alıcıya təhvil verilməmiş və cavabdeh isə iddia tələbini qismən qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 17.01.2009-cu il tarixdə bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı “X1” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 67 blok, 7 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzili «alıcı» İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Ancaq müqavilə üzrə tərəf olan “X1” Açıq Səhmdar Cəmiyyəti öhdəliklərini yerinə yetirməmiş, müqavilədə göstərilən yaşayış sahəsini alıcıya təhvil verməmişdir. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mübahisəli yaşayış sahəsi İddiaçı təhvil verilməsi ilə bağlı öhdəliyini icra etmədiyindən, cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 67 blok, 7 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzili üçün ödənilmiş 29885 (iyirmi doqquz min səkkiz yüz səksən beş) manat məbləğində pulun 26897 manat (iyirmi altı minsəkkiz yüz doxsan yeddi) hissəsini iddiaçıya geri qaytarılmalıdır. (29885/10=2988, 29885-2988=26897) Hazırda isə iddiaçı mübahisəli mənzili təhvil almaqdan imtina edir (dolayısı ilə müqavilənin icrasından imtina edir), mənzilə görə ödənilmiş məbləğin ona geri qaytarılmasını tələb edir. Belə ki, tərəflər arasında 17.01.2009-cu il tarixdə bağlanmış müqavilənin 5.8-ci maddəsinə əsasən, Alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğ yalnız, mənzil satıldıqdan sonra alıcıya qaytarılır, bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. Məhkəmə bildirir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkəti tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə yekun olaraq qeyd edir ki, cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 9073 saylı, 17.01.2009-cu il tarixli Mənzilin alqı-satqısı haqqında müqavilənin şərtləri cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən pozulmuşdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi hissələrdə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətindən 26897 (iyirmi altı minsəkkiz yüz doxsan yeddi) manat məbləğində pul və 100 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar