Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-695/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 oglunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi olan İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzili Bakı şəhəri 9 nömrəli notariat kontorunda ona 153.000 (bir yüz əlli üç min) manat qiymətə satmışdır. Əmlaka dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx xxx 2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Alqı-satqı müqaviləsinin 11-ci bərdinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx xxxxxx 2019-cu il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu günə kimi müxtəlif bəhanələr gətirərək mənzili ona təhvil verməmişdir ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa (Fotma 2) əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzildə yalnız Cavabdeh2 qeydiyyatdadır. Cavabdeh1 İddiaçı və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İddiaçı ilə xx xxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 188,5 kv.metr sahəsi olan 134 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 188,5 kv.metr sahəsi olan 134 nömrəli mənzil onun mərhum qardaşı X4 vəsaiti hesabına onun adına alınmışdır. Hal-hazırda mənzilin orta bazar qiyməti 600.000-700.000 manatdır. 2019-cu ilin may ayında onun əri X1 borc pul vəsaiti lazım olmuşdur. Həyat yoldaşı X3 iş üzrə üçüncü şəxs X7 tapmışdır, belə ki, sonuncu ona sələmlə borc pul vəsaiti verməli idi. Ona bildirilmişdir ki, müvafiq notariat kontorunda borc müqaviləsi bağlanacaq və mübahisəli mənzil girov qoyulacaqdır. O, nəticə etibarı ilə buna razı olmasa da, həyat yoldaşı onu razılıq verməyə məcbur etmişdir. Belə ki, eyni gündə eyni notariat kontorunda iki müqavilə bağlanmışdır. Məlum hadisələrlə bağlı olan pandemiya rejimi ilə bağlı götürülmüş borc məbləğinin qaytarılması problemlər yaratmışdır. İddiaçı onlara qarşı iddia qaldıranda ona məlum olmuşdur ki, notariat kontorunda girov müqaviləsi deyil, İddiaçı adına müvafiq alqı-satqı müqaviləsi bağlanmış və evin qiyməti 153.000 (bir yüz əlli üç min) manat qiymət göstərilmişdir. Halbuki, onlar müvafiq mənzili ona satmamışlar və ondan pul almamışlar. Bu müqavilə formal bir müqavilə olmuşdur və əslində girov əvəzi kimi pərdələnməsi üçün edilmişdir. Beləliklə, İddiaçı ilə bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, əvvəlki qarşılıqlı iddia ərizəsinə əlavə olaraq, cavabdeh İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 188,5 kv.metr olan 134 nömrəli mənzilinə dair daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın həmçinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 oglu ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasına, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb, iddia müddəti tətbiq edərək onun rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qarşılıqlı iddia tələbi üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər və qarşılıqlı iddia ərizəsi üzrə üçüncü şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qarşılıqlı iddia tələbi üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən xx xxx 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 134 nömrəli mənzilində qeydiyyatdadır; Cavabdeh2 tərəfindən notariat ofisinə ünvanladığı xx xxx 2019-cu il tarixli ərizənin məzmunundan və surətindən görünür ki, o, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 143 nömrəli mənzilinin satılmasına etiraz etməmiş, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır; Cavabdeh1-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 143 nömrəli mənzilini alıcıya 153.000 (bir yüz əlli üç min) manat qiymətə satmışdır (4-cü maddə). Satıcı Cavabdeh1 xx xxxx 2019-cu il tarixədək müvafiq mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə götürür (13-cü maddə); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 197,3 kv.metr ümumi sahəsi olan 134 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqində xx xxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır; İddiaçı Cavabdeh1 Hümmət qızına ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, iddiaçı şəxs tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini rəhbər tutaraq, mülkiyyətində olan mənzilin onun faktiki sahibliyinə verilməsinin təmin edilməsini Cavabdeh1 Hümmət qızından tələb etmişdir; Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 567-ci maddəsinə əsasən- Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən -satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göründüyü kimi, iddiaçı - mülkiyyətçi İddiaçı ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. -Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 143 nömrəli mənzilini alıcıya 153.000 (bir yüz əlli üç min) manat qiymətə satmışdır. Satıcı Cavabdeh1 xx xxxx 2019-cu il tarixədək müvafiq mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Alqı-satqı zamanı müvafiq mənzildə qeydiyyatda olan Cavabdeh2 xx xxx 2019-cu il tarixli ərizə ilə notariat ofisinə müraciət edərək qeyd edilən mənzilin satılmasına etiraz etməmiş, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 7 nömrəli evin 143 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus olan Baki şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzildən qeyd edilən cavabdeh şəxslərin istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı şəxsə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili onların qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər mənzili boşaltmaqdan imtina etmişlər. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. İş materiallarında olan sənədlər cavabdehlərin alqı-satqı müqaviləsi üzrə mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozduqlarını, o cümlədən həmin mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar həmin mənzildən mülkiyyət hüququnu ehtiva edən istifadə, sahiblik və sərəncam hüquqlarının olmadığını, həmçinin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli mənzildə yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, onlar Baki şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 mənzildən cavabdeh şəxslərin istifadə hüquqlarına xitam verilməli, onların həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı şəxsə təhvil verilməlidir. Məhkəmə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməli, onlar həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilsin, onlar həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-695/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-695/2021
12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver