Məhkəmə qərarları › İş №2(005)-695/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-695/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-695/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdehnə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh MMC-dən 4000(dörd min) manat xidmət müqaviləsi üzrə borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Smart Company“ MMC ilə aralarında xx.xx.2024-ci il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin xidmət müqaviləsinə əsasən o, cavabdeh tərəf övladı Bədən tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikasında ali təhsil müəssəsinə bakalavr pilləsinə transfer prosesinin təşkili, zəruri, danışıqların və sənədləşmələrin aparılması xidmətlərin göstərilməsi və bunun müqabilində o, onlara 7000 ( yeddi min manat) ödəməli idi. Müqavilə əsasən ilkin ödəniş olaraq 4000 min manat daha sonra yerdə qalan 3000 min manatı övladını transef etdikdən sonra ödəniləcəkdir. Bildirir ki,Cavabdeh MMC ona iş alınmadığı təqdirdə 30 iş günü ərzində pulu geri qaytaracığını bildirmişdir. Lakin, müqavilənin üstündən neçə vaxt keçməsinə baxmayaraq cavabdeh tərəf müqavilə üzrə verdiyi heç bir vədi yerinə yetirməmiş, nə dəki pulu geri qaytarmamışdır.Qeyd edir ki,Dəfələrə müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra isə cavabdeh öz öhdəsinə götürdüyü vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi təqdim edilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki,cavabdeh “Smart Company “ MMC ilə aralarında xx.xx.2024-ci il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin xidmət müqaviləsinə əsasən cavabdeh tərəf iddiaçının övladını təhsil aldığı Türkiyə Cümhuriyyətindəki ali təhsil müəssisəsindən ölkəmizdə fəaliyyət göstərən Bədən tərbiyəsi və idman Akademiyasının bakalavr pilləsinə transfer prosesinin təşkili, zəruri, danışıqların və sənədləşmələrin aparılması xidmətlərini göstərilməli və bunun müqabilində iddiaçı onlara 7000 (yeddi min manat) ödəməli idi. Müqavilə əsasən ilkin ödəniş olaraq 4000 min manat daha sonra yerdə qalan 3000 min manatı övladını transef etdikdən sonra ödəniləcəkdir. Onun oğlunun Çorum şəhərində yerləşən Hitit universitetindən Bakıda yerləşən Bədən Tərbiyəsi və İdaman Akademiyasına transfer etməli idi. Bununla əlaqədar hazırda tərəflərindən hüquqmühafizə orqanlarına müraciətlər edilmişdir. Ümumiyyətlə həmin şəxs təkcə iddiaçıya deyil, bir çox şəxslərə ziyan vurub, aldadıb. Şirkətin direktoru – üçüncü şəxs Fuad Bəşirov onda olan məlumata əsasən ölkəni tərk edib, gizlənir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 məhkəmə iclasının vaxtı və yeri qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçı ilə qohumluq əlaqələri yoxdur. Cavabdeh onun da pulunu almışdır. Övladı Türkiyədə təhsil alır, onun Azərbaycanda oxuması üçün cavabdehə 3000 manat pul vermişdir. Cavabdehin ofisi “Af Mall” da yerləşirdi, iddiaçı kimi şahid də pul məbləğini orada təhvil vermişdi. Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qohumluq əlaqəsi yoxdur. Övladı Türkiyədə təhsil alırdı. Bildirdi ki, o, oğlunun Azərbaycanda təhsil alması üçün hissə-hissə ödənişlər etmişdir. İddiaçı da onun kimi cavabdehin qanunsuz əməllərindən zərərçəkmişdir. Mülki işin materialları - xx.xx.2024-cü il tarixli №SC/24 olan Xidmət müqaviləsinə əsasən, “sifarişçi”- İddiaçı onun Bədən tərbiyəsi və idman Azərbaycan Respublikasında ali təhsil müəssəsinə bakalavr pilləsinə transfer prosesinin təşkili, zəruri, danışıqların və sənədləşmələrin aparılması xidmətlərinin göstərilməsini sifariş verib ,”İcraçı”ya-Cavabdeh razılaşdırılmış xidmət haqqını ödəməyi, ,”İcraçı”ya-Cavabdeh isə “sifarişçi”nin- İddiaçı müəyyən etdiyi və bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada xidmətləri icra etməyi öhdəsinə götürür.Bunun müqavilində “sifarişçi”- İddiaçı ,”İcraçı”ya-Cavabdeha 7000 manat ödəmişdir.Müqaviləni İddiaçı öz imzası ilə təsdiq etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 15 oktyabr 2021-ci ildə verilmiş, №004110 olan vəsiqədən görünür ki, İddiaçı silahlı qüvvələr veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş video diksdə əks edilmiş fayllardan görünür ki, iddiaçı Babayev X4 Fuad Bəşir oğlu ilə danışıqlarında müqavilə bağladığını və xidmət ilə əlaqədar pulun bir hissəsinin öncə digər hissəsini isə işlərin yekunlaşdıqda ödəyəcəyini qeyd edir.İddiaçı X3 ödənişlə bağlı endirim edilməsini tələb edir X7 isə iddiaçıya bildirir ki,ümumi olaraq 8000 manat ödəniləcəyini ilk olaraq 4500 manat geri qalan 3500 manatı isə sonradan ödəyə bilər.İddiaçı X3 iş prosesi ilə bağlı məlumat aldıqda X7 bildirdir ki,sentyabrın 5-10-u arası prosesin başa çatacağını sənədləşdirmənin şirkət tərəfindən aparılcağını qeyd edir.X1 danışıqlarda bildirir ki,iddiaçının əlaəq nömrəsinə təsdiq kodu gələcəyini və həmin kod ilə Türkiyədə universitetə yaxınlaşıb qeydiyyat aparılması ilə bağlı müraciət edə bilər. X7 iddiaçıya bildirir ki,Təhsil Nazirliyi onlara bildiridb ki,Türkiyədəki universitetə məlumatların daxil olması sentyabrın sonuna çəkəcək,əgər tələbələr bu müddət ərzində gözləmək istəməsələr ödənişin 30 iş günü ərzində tam qaytarılacağını səs yazılarında ifadə edir. - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X7 29 noyabr 2023-cü il tarixdə ölkə hüdudlarını tərk etmişdir. - “Whatsapp” ani ismarıc xidməti vasitəsi ilə aparılan yazışmaların mətninə əsasən,iddiaçı tərəfindən “Salam. Türkiyədən Azərbaycana perevodla bağlı köməklik etməyinizi xahiş edirəm. Bu barədə ətraflı məlumat verəsiniz” üçüncü şəxs tərəfindən “Hansı universitetdə təhsil alırsız? İddiaçı “Hitit universiteti. Üçüncü şəxs tərəfindən “siz perevodu yekunlaşdırdız?”İiddiaçı-perevod açıqdır indi? üçüncü şəxs -“bəli sənədləri çatdırsaz həll etmək olar..həll etmək olar, ortalama xərc kəsrləri bağlamaqla 5550 usd olacaq” iddiaçı- “ödəniş necə olacaq bəs?” üçüncü şəxs – “50 faiz əvvəlcədən 50 faiz iş yekunlaşdıqda rəsmi müqavilə imzalanır sizinlə” iddiaçı-9350 azn edir? üçüncü şəxs -“9000 deyək”. üçüncü şəxs “salam qardaş, siz dəqiqləşdirdiz? İddiaçı-“atam 1 də gələcək, üçüncü şəxs nömrəni müavinə verirəm əlaqə saxlıyacaq sizlə” məzmununda ifadələr işlədilmişdir. - CD-diskdə əks olunan səs yazılarından görünür ki, “inşallah birinci günə qədər vaxt verin, əlaqə saxlayacağıq, məbləği hələ götürə bilməmişik..Mən ödənişlə bağlı danışdım qarşı tərəflə də..Noyabrın 5-10-a qədər vatx verin...o tarixi gözləməlisiz, inşallah həll olunar, əlaqə saxlayacam, səbrli olun...Şahin bəy qurban sizə, iş belə yerə gəlib çatdı ki...digər ödənişlər də qaldı dekabr ayına..Sizi gözlətmək istəmirik.. Möhlət versəniz 2 dəfəyə ödəyərik..dönə-dönə üzr istəyirik....üzrü qəbul etmirsizsə, mən sizə o pulu ən axırda verməsəm...sürünə-sürünə verməsəm...qanuni çərçivədə...əslində siz mənimlə yox, dövlətlə dalaşmalısınız...sırf o boyda tələbənin içində bir dənə siz mənə belə cavab verdiz..Mənz də sizinlə “uğraşacam” türklər demiş...problem yoxdu, ərizənizi verisinizsə, onda ödəniş 25-i yox, vəkil nə vaxt desə onda verərik” məzmununda səslər göndərilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 iyul 2024-cü il tarixli “”xidmət müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən “sifarişçi” (iddiaçı) Azərbaycan Respublikasında ali təhsil müəssisəsinə (Bədən tərbiyəsi və İdman Akademiyasına) bakalavr pilləsinə transfer prosesinin təşkili, zəruri danışıqların və sənədləşmələrin aparılması xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı” ya (cavabdehə) razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi və bu Müqavilə ilə müəyyənləşdirilmiş qaydada xidmətləri icra etməyi öhdəsinə götürür (1.1-ci bənd). Müqavilə üzrə “İcraçı” tərəfindən həyata keçirilən xidmətlərin dəyəri 7000 manat təşkil edir (2.1-ci bənd); İcraçı müqavilənin 1.-1-ci bəndində göstərilən xidmətlərin zamanında və tam qaydada icra edilməsini təmin etmək (3.2.1-ci bənd); İcraçının nöqsanı ucbatından müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin həyata keçirilməsi tamamlamaq mümkün olmadığı halda “Sifarişçi” tərəfindən ödənilən xidmət haqqının geri ödənilməsi (3.2.4-cü bənd). “Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq İddiaçı tərəfindən 7000 manatlıq razılaşdırılmış xidmət haqqının 4000 manatlıq hissəsinin ödənilməsi təmin edilmişdir. Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədən görünürki, müqavilə iddiaçı və Cavabdehnin direktoru Bəşirov Fuad tərəfindən imzalanamış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda “xx.xx.2024 – 4000 AZN ödənildi” barədə qeyd aparılmışdır. Tərəflərin arasında aparılan yazışmanın mətnindən görünür ki, xidmət haqqının qalan hissəsinin cavabdeh tərəfindən öhdəlik icra edildikdən sonra ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.6-cı bəndində “sifarişçi” tərəfindən qabaqcadan avans ödəmə formasında ödənilmiş məbləğinin heç bir halda geri qaytarılmaması “İcraçı” nın hüququ kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, müqavilənin bu şərti qüvvədə olan mülki qanunvericiliyin təməl prinsiplərinə ziddir. Belə ki, müqavilə şərtləri qanunvericiliyə zidd olmamalıdır (MMnin 6.2-ci və 390-cı maddələri). Eyni zamanda Mülki Məcəllənin 491 və 492-ci maddələrindən aydın olur ki, bu “avan” və “beh” hüquqi mahiyyətinə görə fərqli anlayışlardır. Avans- əsas öhdəliyin icrasına yönəlmiş qabacadan ödəniş; beh isə öhdəliyin icrasının təmin üsuludur. Müqavilənin “avans heç bir halda qaytarılmır” müddəası, cavabdehin öz öhdəliklərini icra etmədiyi halda tətbiq olunarsa, iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Eyni zamanda həmin şərt qanunvericiliyin tələblərinə ziddir. Belə ki, ödənilmiş məbləğ “beh” kimi nəzərdə tutulsaydı belə (bu yazılı formada rəsmiləşdirilməlidir), onun qaytarılmaması müqavilənin yalnız sifarişçinin təqsiri ucbatından icra edilmədiyi halda mümkün olardır. Hazırki mülki iş üzrə müqavilənin icra edilməməsinin iddiaçının deyil, cavabdehin təqsiri ucbatından baş verməsi mülki işin materiallarında olan yazılı sübutlar, iddiaçı ilə üçüncü şəxs arasında aparılan danışıqların əks olunduğu CDdisk və şahid ifdələri ilə müəyyən edilir. “Avans”ın geri qaytarılmaması, sifarişçi üçün hər hansı öhdəlik yaratması və s. barədə isə mülki qanunvericilikdə ümumiyyətlə hər hansı norma mövcud deyil. Belə olan təqdirdə iddiaçının ödədiyi pul məbləğini geri tələb etmək hüququnun məhdudlaşdırılması cavabdehin əsassız varlanmasına gətirib çıxarır. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə şahid ifadələrinin mülki işin materialları, iddiaçının izahatları ilə təkzib edilmədiyini nəzərə alaraq hesab edir ki, mötəbər sübut qismində qiymətləndirilməlidirlər. AR Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilən CD-disklərdəki səs yazılarını və “Whatapp” ani ismarıc xidməti vasitəsilə aparılan danışıqların “skrinşot”ları ilə bağlı qeyd edir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səsyazıları sübut qismində dəyərləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciəğ etməkdə haqlı olmuş və iddiasının əsaslı olmasına dair öz hüquqi mövqeyini həm qanunvericiliyə uyğun təqdim etdiyi sübutlarla sübut edilə bilmiş, bununla da iddiasının əsası kimi istinad etdiyi hallar işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddianın faktiki əsası (faktiki hallar) maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından iddia ərizəsi təmin edilməli və İddiaçı ilə Cavabdeh MMC ilə arasında 08 avqust 2024-cü il tarixli “Xidmət müqaviləsi” nə əsasən, Cavabdeh MMC-dən 4000 (dörd min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4000(dörd min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar