Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-700/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin icra edilməməsi ilə əlaqədar İddiaçı xeyrinə Cavabdeh MMC-dən müqavilənin dəyəri olaraq ödənilmiş 4000 manat pul vəsaitinin və 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixli, XM №11 07/2023 saylı xidmət müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə görə Cavabdeh onu Polşada kuryer işinə düzəltməli və viza almalı idi. Buna görə onun tərəfindən 4000 manat ödənilmişdir. Lakin artıq müqavilənin bağlanmasından 4 ay keçməsinə baxmayaraq heç bir iş görülməmişdir. Hər dəfə bu barədə soruşulanda isə sadəcə gözləməsi bildirilmişdir. O, bu barədə Cavabdeh MMC-yə xx.xx.2023-cü ildə pretenziya da vermişdir. Həmin pretenziyaya cavab olaraq xx.xx.2023-cü il tarixində verilmiş məktuba əsasən bildirilmişdir ki. xx.xx.2022-ci ildə onunla həmin müəssisə arasında Slovakiya Respublikasına avtomobil sahəsi üzrə iş üçün müqavilə bağlanılmışdır. Səfirlikdən görüş, sonra isə viza alınmışdır. Lakin onun Slovakiyaya getməkdən imtina etməsi və səbəbi kimi də özünü hazır hiss etməməsi qeyd olunmuşdur. Digər tərəfdən həmin ölkəyə getmədiyinə görə viza müddəti bitdiyi də qeyd olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixində Polşa Respublikasına kuryer sahəsi üzrə iş üçün müqavilə bağlanılıb. Lakin məlum səbəblərə görə Polşa Səfirliyinin qəbulu dayandırdığına görə bu prosesin 6 ay sürəcəyi bildirilmiş və bir müddət sonra razılıq əsasında imtina etdiyi qeyd olunmuşdur. Daha sonra razılıq əsasında qərar verilmişdir ki, yenidən Slovakiya Respublikasında (maşınqayırma üzrə montaj işçisi operator) işləmək üçün sənədləşmə proseslərinə başlanılmış və onun iş dəvəti xx.xx.2023cü il tarixində gəlib. Digər tərəfdən, hazırda görüş günü üçün Slovakiya konsulluğuna müraciət olunması və konsulluqdan günün təyin olunması ilə bağlı cavab gözlənildiyi qeyd olunmuşdur”. Cavabdehlə müqaviləsi Polşada işləmək üçündür. Başqa hər hansı bir razılaşma yoxdur. Müqavilənin ümumi məbləği 4000 manat nəzərdə tutulmuşdur. Artıq müqaviləyə əsasən 4000 manat vəsait ödəmişdir, vəsaiti ödədiyi barədə ona qəbz də təqdim edilmişdir. Cavabdeh tərəfindən isə ödənişinə uyğun olaraq aidiyyatı ölkəyə iş üçün göndərilməsiylə bağlı heç bir tədbir görülməmiş, bunun əvəzinə ona işləmək üçün başqa ölkəyə getmək təklif olunmuşdur. Hazırda cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir. Belə ki, müqavilənin 2.2.1-ci, 2.2.2-ci maddələrinə əsasən, cavabdeh müştərinin müraciəti əsasında icraçıya xidmətlə əlaqədar köməklik göstərir, müştəri tərəfindən təqdim olunmuş sənədlərin öyrənilməsini və analizini həyata keçirir, işin həlli ilə əlaqədar mümkün variantlar haqqında öncədən məlumatlar verir. Digər tərəfdən pretenziyaya verilmiş cavab məktubunda bildirilmişdir ki, 7 iş günü ərzində pulun geri qaytarılması məsələsinə gəldikdə isə, onunla bağlanmış XM №11 xx/xx/2023 müqavilənin 3.1.2 maddəsinə uyğün olaraq “İcraçı müştərini işə düzəltməyə təminat verir və işə düzəltmə ilə bağlı müqaviləyə xitam verilərsə ödənilmiş xidmət haqqının ödənilmiş rüsumlar çıxılmaqla qalan məbləğ geri qaytarılır”. Lakin cavabdeh öhdəliyinin icrasından yayınmışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun pretenziya məktubuna cavabında Polşa səfirliyi qəbulu dayandırdığından Slovakiya Respublikasında işləmək üçün razılaşdıqlarını, sənədləşmə prosesinə başlandığını qeyd etsə də, bu yalan məlumatdır. Ona bu cür təklif verilməmiş, nə də ki digər ölkəyə göndərilməsi barədə razılaşmamışlar. Belə ki, cavabdehlə yalnız Polşada işləmək üçün kuryer vəzifəsinə işə düzəldilməsi ilə bağlı razılaşmışlar. Həmin müqavilə isə bugünədək icra edilməmişdir. Cavab məktubunda qeyd edilmiş xx.xx.2022-ci il tarixli müqavilə Cavabdeh MMC ilə deyil, "xxxx" MMC ilə bağlanmışdır. Cavabdeh yanıltmaq üçün qəsdən həmin müqaviləyə istinad etmişdir. Hazırda onunla yanaşı, onlarla adam cavabdeh tərəfindən aldadılmışdır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM 11 07/2023 saylı müqavilədən görünür ki, “Müştəri” adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödəməyi, “İcraçı” isə “Müştəri”nin tapşırığını vicdanla və keyfiyyətlə icra etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən müştəri, icraçı tərəfindən Polşada kuryer işi ilə təmin olunmalıdır; - Kassa mədaxil orderindən görünür ki, İddiaçı viza üçün xidmət haqqı olaraq Cavabdeh MMC-yə 4000 manat məbləğində pul ödəmişdir; - İddiaçı xx.xx.2023-cü il tairxli pretenziya məktubundan görünür ki, o ödədiyi pulun ona geri ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh MMC-yə xəbərdarlıq etmişdir; - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “xx.xx.2022-ci il tarixində sizinlə Slovakiya Respublikasına avtomobil sahəsi üzrə iş üçün müqavilə bağlanılıb. Səfirlikdən görüş və sonra viza alınıb. X1 getməkdən imtina etmisiniz (Səbəbi isə sizin bildirdiyinizə görə özünüzü hazır hiss etməməniz idi). Getmədiyiniz üçün viza müddəti bitdi. Daha sonra xx.xx.2023-cü il tarixində Polşa Respublikasına kuryer sahəsi üzrə iş üçün müqavilə bağlanılıb. Lakin məlum səbəblərə görə Polşa səfirliyi qəbulu dayandırdığına görə bu proses 6 ay sürəcəyini sizə bildirdik və siz bir müddət sonra razılıq əsasında imtina etdiniz. Daha sonra razılıq əsasında sizinlə qərar verdik ki, yenidən Slovakiya Respublikasında (maşınqayırma üzrə montaj işçisi operator) işləmək üçün sənədləşmə proseslərinə başladıq və sizin iş dəvəti xx.xx.2023-cü il tarixində gəlib. Hal hazırda görüş günü üçün Slovakiya konsulluğuna müraciət olunub və konsulluqdan günün təyin olunması ilə bağlı cavab gözləyirik. “7 (yeddi) gün ərzində pulun geri qaytarılması” məsələsinə gəldikdə isə, Sizinlə bağlanmış XM №11 xx/xx/2023 müqavilənin 3.1.2-ci maddəsinə uyğun olaraq “İcraçı müştərini işə düzəltməyə təminat verir və işə düzəltmə ilə bağlı müqaviləyə xitam verilərsə ödənilmiş xidmət haqqının ödənilmiş rüsumlar çıxılmaqla qalan məbləğ geri qaytarılır”. Ödənişiniz qaytarılacaqdır. Bunun üçün ofisə yaxınlaşıb xitam ərizəsi yazmalısınız”; - Ödəniş qəbzindən görünür ki, İddiaçı iddia verilməsi üçün 60 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, icracı olan cavabdeh iddiaçını Polşada kuryer işinə düzəltməyi və viza almağı, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə vəd edilən xidmətin həyata keçirilmədiyini, müqavilənin icra edilmədiyini əsas gətirərək ödədiyi pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə və 390-cı maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Görüləcək işin həcmi, məbləği, keyfiyyəti və işin başa çatdırılması kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Xidmətlər istehlakçıya göstərildikdə, yaranan hüquq münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1-ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasını tələb etmək hüququdur (Qanunun 3-cü maddəsi). Həmin Qanunun 5.3 və 13.1-ci maddələrinə görə, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Göründüyü kimi, icraçı istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərməlidir. Adıçəkilən Qanunun 9-cu maddəsində iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Hazırki müqavilənin məzmunundan da göründüyü kimi, cavabdeh iddiaçını Polşa Respublikasında işə düzəltməyi öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 3.1.2ci maddəsinə uyğun olaraq “İcraçı müştərini işə düzəltməyə təminat verir və işə düzəltmə ilə bağlı müqaviləyə xitam verilərsə ödənilmiş xidmət haqqının ödənilmiş rüsumlar çıxılmaqla qalan məbləği geri qaytarılır”. Müqavilənin 4.1.2-ci bəndinə görə isə icraçı iddiaçını Polşa Respublikasında kuryer işi ilə təmin etməyi öhdəsinə götürür. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq öhdəlik ağlabatan müddət ərzində icra edilməmişdir. Cavabdeh pretenziyaya cavab məktubunda Polşa səfirliyi qəbulu dayandırdığından iddiaçı ilə Slovakiya Respublikasında işə düzəldilməsi ilə bağlı razılaşdıqlarını qeyd etsə də bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi müqavilədən də görünür ki, iddiaçı 1 il əvvəl Slovakiya Respublikasında işə düzəldilməsi ilə bağlı digər şirkətlə müqavilə bağlamışdır. Cavabdehin pretenziyaya cavab məktubunda həmin müqavilədən iddiaçının imtina etməsi dəlilinə nəzər salınarsa, yenidən cavabdehlə Slovakiya Respublikasında işləməklə bağlı razılığa gəlməsi ağlabatan deyildir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 5.3 və 425.1-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442 və 448.2-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Hazırki iş üzrə isə məhkəmə tərəfindən keçirilən hər bir məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə və müqavilənin icra edilməmə səbəbi, müqavilənin icrası üçün hər hansı xərc çəkilib-çəkilməməsi, çəkilibsə məbləği haqqında məlumat verilməsi üçün məhkəmə tərəfindən sorğu göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında üzrlü səbəb təqdim etmədən iştirak etməmiş və müvafiq məlumatları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı tərəfindən cavabdehə 17 noyabr 2023-cü il tarixində pretenziya məktubu göndərilərək, ödədiyi 4000 manat pulun qaytarılması tələb edilmiş, bununla da istehlakçı müqavilənin ləğvinə dair iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Müqavilənin ləğvi institutu ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Hazırki iş üzrə isə cavabdeh tərəfindən öz öhdəliyinin icrası istiiqamətində hər hansı addımlar atması müəyyən edilmir. Bu səbəbdən müqavilənin ləğvi qanunauyğun şəkildə baş vermişdir. Beləliklə, cavabdeh xidmət göstərilməsi ilə bağlı öhdəliyini lazımınca, ağlabatan müddət ərzində icra etməməklə, müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxan icra təklif etməklə müqaviləni və yuxarıda qeyd olunan qanunvericilik normalarını əhəmiyyətli dərəcədə pozmuş, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, eləcə də istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərilməməsinə səbəb olmuşdur. Bu hallar isə iddiaçıya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinə və mülki qanunvericilik normalarına uyğun olaraq müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vermişdir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-700/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-700/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver