Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-704/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Turizim və Menecment Unversitetinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Turizim və Menecment Unversitetinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Turizim və Menecment Unversitetinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-ci ildə Bakı şəhərində anadan olmuşdur, yuxarıda qeyd edilən ünvanda qeydiyyatda olmaqla, 04.01.2015-ci il təvəllüdlü azyaşlı övladı X5 ilə birgə yaşayır və oğlunu tək böyüdür. İddiaçı, 2012-ci ildən başlayaraq keçmiş adı Azərbaycan Turizm İnstitutu, hazırkı adı Cavabdeh olan təhsil müəssisəsinin "turizm biznesi kafedrası"nın 0,5 ştat vahidi ilə müəllim vəzifəsinə işə qəbul olunmuşdur. 05.01.2015-ci il tarixli 04-k №-li əmrlə iddiaçı ilə ATMU arasında 15.04.2019cu il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. 15.09.2020-ci il tarixli 77-K saylı əmrə əsasən sözügedən təhsil müəssisəsi ilə iddiaçı arasında bağlanmış həmin müqaviləyə Az.Res.Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən ( əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. Həmin Universitetdə müəllim kimi dərs tədris etməyi ilə əlaqədar olaraq hər ay 350 (üç yüz əlli) manat maaş alırdı. İddiaçının bu iş yerindən başqa bir iş yeri, özünə və azyaşlı övladına çörək pulu gətirəcək güman yeri yoxdur. Hazırki ağır və çətin pandemiya şəraitində sözügedən əmri verməklə Cavabdeh rəhbərliyi çox ciddi, kobud qanun pozuntusuna yol verməklə mövcud qanunvericiliyin tələblərini ayaqlamış, ədalətsizliyə rəvac vermişdir. Bu şəxs iddiaçının və azyaşlı oğul övladının çörəyini kəsməklə verdiyi bu əmri ilə özünə şərəfmi qazanır? İnsanları, ailələri, övladını tək böyüdən anaları əzab-əziyyətə, məhrumiyyətlərə salmaq, onları bir tikə çörəyə möhtac qoymaq səlahiyyət sahiblərinə başucalığı gətirə bilməz. Həmin əmr ləğv edilməlidir və iddiaçı öz işinə bərpa olunmalıdır. Belə olacağı təqdirdə ədalət öz yerini tapır....Belə ki, 19.05.2015-ci il tarixli 56-k №-li əmrə əsasən iddiaçı ilə ATMU arasında 01 iyun 2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ləğv edilməmişdir və onu ləğv etmədən iddiaçını hansısa bir müddətli müqavilənin müddətinin qurtarmasına görə işdən azad etmək absurd və məntiqsiz bir haldır. Bunu idiaçının əmək kitabçasından da aydın görmək olur. Digər tərəfdən isə ATMU tərəfindən verilmiş 04.09.2019-cu il tarixli "əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"ndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin a) yarımbəndinin tələbi pozularaq "şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı" göstərilməmişdir. Həmin əmr mövcud qanunvericiliyin normalarının pozulması ilə çıxarılmışdır və həmin əmr ləğv edilməli, iddiaçı öz işinə bərpa edilməli və məcburi iş buraxma günlərinə görə iddiaçıya əmək haqqı ödənilməlidir. Əmrin surətini 03.11.2020-ci il tarixdə və əmək kitabçasını 15.10.2020-d il tarixdə iddiaçıya verildiyinə görə iddiaçı tərəfindən 1 aylıq iddia müddəti buraxılmamışdır. Odur ki, yuxanda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, işdən qanunsuz olaraq çıxarıldığına, kobud pozuntuya yol vermədiyinə və eyni zamanda iddiaçı ilə ATMU arasındakı əmək münasibtinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş əsaslara və qaydalara zidd olaraq xitam verildiyindən iddia tələbi təmin olunmalı, pozulmuş hüquqları bərpa olunmalıdır. Sözügedən əmrin verilməsi iddiaçıya əzab-əziyyət verən, iddiaçını sarsıdaraq səhhətinin pisləşməsinə səbəb olan, ailədə, qohum əqraba əhatəsində və s. yerdə nüfuzdan düşməyinə səbəb olan bir hal hesab edir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Turizim və Mencment Unversitetinin nümayəndəsi X3 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Turizim və Menecment Unversitetinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı iddiaçı 05.01.2015-ci ildən ATMU-da turizim biznesi kafedrasında 0,5 ştat vahidi ilə müəllim işləmişdir. 06.07.2018-ci il tarixli ərizə ilə müraciət edərək onunla əmək müqaviləsinin 1 il müddətinə bağlanmasını xahiş etmişdir. Bunun əsasında İddiaçı ilə 28.08.2018-ci il tarixində 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti 15.09.2018-ci il tarixindən 15.09.2019-cu il tarixinədək müəyyən edilmişdir. Bundan sonra 04.09.2019-cu il tarixli əmək müqaviləsi ilə İddiaçı ilə müddəti 15.09.2019-cu il tarixindən 15.09.2020-ci il tarixinə müəyyən edilməklə 1 il müddətinə 0,5 ştat vahidilə müəllim vəzifəsinə işə qəbul haqqında müqavilə bağlanmışdır. Bu müqavilələrin, bildirişlərin hamısını İddiaçı şəxsən imzalamış, öz iradəsini sərbəst şəkildə ifadə etmişdir. 04.09.2019-cu il tarixli əmək müqaviləsinin 1 illik müddəti 15.09.2020-ci il tarixində bitdiyi üçün həmin gün ATMU-nun rektorunun 15.09.2020-ci il tarixli, 04-k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b) bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verildiyi gün İddiaçı bu haqda məlumat verilmişdir. Son haqq-hesab aparılıb kartına köçürülmüşdür. Əmək kitabçası yazılmışdır. İddiaçı əmrin surətini və əmək kitabçasını həmin gün götürməmişdir. Beləliklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunun tələbləri və prosedurlar gözlənilmiş, heç bir qanunsuzluğa yol verilməmişdir. Qeyd olunduğu kimi ATMU-nun 1 illik əmək müqaviləsi ilə 0,5 ştat vahidi müəllimi İddiaçı ilə bağlanmış müqaviləyə 15.09.2020-ci ildə xitam verilmiş, bu haqda ona həmin gün məlumat verilmişdir. İddiaçı məhkəməyə 17 noyabr 2020-ci il tarixində yəni ehtimal olunan hüququnun pozulduğu gündən 2 ay sonra müraciət etmişdir. Bununla da məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilən müddəri buraxmışdır. İddia müddətinin üzürlü səbəbdən buraxılmasını sübut edən heç bir sənəd təqdim etməmişdir. Göstərilənlərə əsasən İddiaçı iddiası üzrə iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüffatı birliyi 83 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 02.11.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı Qara Qarayev küçəsi 37 nömrəli evin 71 nömrəli mənzilində qeydiyyatdadır. Nizami RPİ tərəfindən verilmiş 14.08.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 15 sentyabr 2019-cu il tarixindən 15 sentyabr 2020-ci il tarixinədək Turizim və qonaqpərvərlik fakültəsinin turizim biznesi kafedrasında 0,5 ştat müəlli vəzifəsinə təyin edilmiş və işçinin aylıq əmək haqqının məbləği 330 (üç yüz otuz) manat təşkil edir. Azərbaycan Turizim və Menecment Unversitetinin 13.09.2019-cu il tarixli 174-K nömrəli əmrin surətindən görününür ki, İddiaçı 0,5 ştat vahdi üzrə müəllim vəzifəsinə təyin edilmişdir Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 15.09.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. 22.10.2007-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 174-k nömrəli 13.09.2019-cu il tarixli əmrlə iddiaçı ilə 15 sentyabr 2019-cu il tarixdən 15 sentyabr 2020-ci il tarixinədək turizim biznesi kafedrasında 0,5 ştat vahidi ilə müəllimi vəzifəsinə təyin edilməklə müddətli əmək müqaviləsi bağlanmışdır. 15.09.2020-ci il tarixli 09 nömrəli aktın surətindən görünür ki, ARƏM-in 68.2 B bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 15 sentyabr 2020-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq Turizim biznesi kaferasının 0,5 ştat vahidi ilə müəllimi İddiaçı İnsan resursları şöbəsindən əmək kitabçasının təhvil alınması barədə təklif edilmişdir. Lakin həmin tarixdə İddiaçı əmək kitabçasını insan resursları şöbəsindən təhvil almamışdır. Sonra gəlib götürəcəyinin bildirmişdir. Əmək kitabçalarının dövriyyəsi qeydiyyatı vərəqəsinin surətindən görünür ki, iddiaçı 11.09.2012-ci ildə müəllim kimi qeydiyyata alınmışdır. 06.07.2018-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı Azərbaycan Turizim və Mencment Unversitetinin rəhbərliyinə 2018/2019-cu tədris ili müddətində müsabiqə keçirilənədək 1 (bir) illik əmək müqaviləsinə keçirilməsini xahiş etmişdir. 28.08.2018-ci il tarixli 158-K əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı “turizim biznesi” kafedrasına 0,5 ştat vahidi ilə müəllim vəzifəsinə qəbul edilmiş, müqavilə 15.09.2018-ci il tarixdən 15.09.2019-cu il tarixədək müddətə bağlanmışdır. 04.09.2019-cu il tarixli 174-k/33 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı “turizim biznesi” kafedrasında 0,5 ştat vahidi üzrə müəllim vəzifəsinə qəbul edilmiş, müqavilə 15.09.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək müddətə bağlanmışdır . Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2012-ci il tarixdən 15 sentyabr 2020-ci il tarixinədək Azərbaycan Turizim və Mencment Unversitetində “turizim biznesi kafedrası”nda 0,5 ştat vahidi ilə müəllim vəzifəsində işləmişdir. 06.07.2018-ci il tarixli ərizəsilə iddiaçı Azərbaycan Turizim və Mencment Unversitetinin rəhbərliyinə 2018/2019-cu tədris ili müddətində müsabiqə keçirilənədək 1 (bir) illik əmək müqaviləsinə keçirilməsini xahiş etmiş və bu əsasla da tərəflər arasında 28.08.2018-ci il tarixli 158-K saylı 1 illik əmək müqaviləsi, daha sonra 04.09.2019-cu il tarixli 174-k/33 nömrəli əmək müqaviləsi bağlanaraq sonuncu müqavilə üzrə əmək müqaviləsinin qurtama müddətinin 15.09.2020-ci il tarixdə olması barədə tərəflər razılaşmışlar. 05 sentyabr 2020-ci il tarixdə 77-K saylı əmrə əsasən sözügedən təhsil müəssəsi ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə görə xitam verilmişdir. İşdən azad olunması ilə əlaqədar iddiaçı ilə son haqq hesab edilərək əmək kitabçasını götürməsi təklif olunmuş, lakin iddiaçı əmək kitabçasını götürmədiyindən bu barədə 15.09.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zərurir hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə görə bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Həmin Məcəllənin 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları ilə bağlı sadalanan hallar sırasında əmək müqaviləsinin müddətinin qurtarması da qeyd edilmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında əmək müqaviləsinə əmək qanunvericiliyinin sadalanan normalarına uyğun olaraq xitam verilmişdir. Bu səbəbdən iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Turizim və Mencement Unversitetinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-704/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-704/2021
12.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver