Məhkəmə qərarları › İş №2(005)-717/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-717/2022

18.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-717/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh MMC-yə işə qəbul olunmuş, onun razılığı və məlumatı olmadan adından əmək müqaviləsi bağlanmışdır. Lakin iddiaçı həmin MMC-də işləməmiş və əmək haqqı almamışdır. Ümumiyyətlə iddiaçının əmək müqaviləsindən və elektron informasiya sisteminə daxil edilməyindən məlumatı olmamışdır. Ona əmək kitabçası verilməmiş, işçi kimi elektron informasiya sisteminə daxil edilməyindən indi xəbəri olmuş və buna görə heç bir yerdə işləyə bilməmişdir. Bu barədə X2 müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron portalında MMC-nin ünvanı və rəhbəri barədə məlumat verilməklə, 01.05.2019-cu il tarixdən vergi orqanında qeydiyyata düşdüyü göstərilmişdir. Qeyd edilən vəziyyətdə Cavabdeh MMC-nin təqsiri üzündən Əmək və Sosial təminat hüququ pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, pandemiya dövründə onun xəbəri olmadan qeyd olunan müəssisədə işə götürüldüyünü öyrənmiş, lakin orada heç vaxt işləmədiyini bildirmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07.12.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. “Elektron Məhkəmə Sistemi”ndən çıxarılmış məlumatın surətinə əsasən İddiaçı "xxxx" MMC tərəfindən hər ay 250 manat əmək haqqı ödənilməklə "xxxx" MMC-də ixtisassız fəhlə, təmir vəzifəsinə işə qəbul edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 04.10.2021-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq, müraciətdə qeyd edilən müəssisədə işləmiş digər şəxslərin oxşar müraciəti ilə əlaqədar münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı Cavabdeh ünvanına (ünvan 1 göndərilmiş, lakin bugünədək cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir, buna görə də, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12.1-ci maddəsinin «h» bəndinə görə, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə işin hallarına və tərəfin izahatına əsasən qanunvericiliyin qeyd edilən normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı (işçi) İddiaçı əmək münasibətinə xitam verilməsini istəsə də, cavabdeh "xxxx" MMC (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilməmişdir. Belə ki, əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitam edilməsi imkanından istifadə etmək istəyən iddiaçının müraciəti cavabdeh tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. İşçi İddiaçı ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar