Məhkəmə qərarları › İş №2(005)-721/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-721/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-721/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə dair sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal keçəsi, 3169-cu məhəllədə inşa olunmuş 100 saylı mənzilə dair çıxarış almaq üçün tələb olunan sənədlərin- MTK təsisçilərinin ümumi yığıncağının qərarını və xx.xx.2007ci il tarixli müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2007-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh ünvan 1də inşa edəcəyi ümumi sahəsi 108,17 kv.m olan 100 saylı mənzili tikib ona təhvil verməyi, o isə ödəniş cədvəlində göstərilən məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda bina təhvil verilib və onun tərəfindən tələb olunan məbləğ tam şəkildə cavabdehə ödənilmişdir. Göstərilən mənzilə çıxarış almaq məqsədilə "xxxx"də yerləşən DƏDRX-nə müraciət etdikdə, çıxarışın verilməsi üçün MTK təsisçilərinin ümumi yığıncağının qərarının və cavabdeh ilə bağlanmış müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı tələb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinə dair ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2007-ci il tarixli “Kooperativ Mənzil Tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzili sonuncuya verməyi, sonuncu isə bunun müqabilində ödəniş cədvəlində göstərilən məbləği tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür; 11 aprel 2022-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, İddiaçı MTK təsisçilərinin ümumi yığıncağının qərarını və xx.xx.2007-ci il tarixli müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının ona təqdim olunmasını Cavabdeh MTK-dan 3 gün ərzində təqdim edilməsini xahiş etmişdir; Müxtəlif tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı Cavabdeh MTK-ya 30000 (otuz min) ABŞ dolları, 800 (səkkiz yüz) ABŞ dolları, 800 (səkkiz yüz) ABŞ dolları, 800 (səkkiz yüz) ABŞ dolları, 800 (səkkiz yüz) ABŞ dolları, 800 (səkkiz yüz) ABŞ dolları və s ödəniş həyata keçirmişdir. xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunan hüquq normasının dispozisiyasından da aydın olduğu kimi, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edən kompleks hüquq olduğuna görə, yalnız sahiblik və istifadə hüquqlarının mövcudluğuna dayanaraq şəxsin əmlak üzərində mülkiyyət hüquqlarını tanımaq qeyri-mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə İddiaçı xx.xx.2007-ci il tarixli “Kooperativ Mənzil Tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK ilə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzili sonuncuya verməyi, sonuncu isə bunun müqabilində ödəniş cədvəlində göstərilən məbləği tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. İşin bu halı tərəflər arasında mübahisələndirilmir. İddiaçı çıxarışın təqdim olunması ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin çıxarış verilməsi üçün lazım olan sənədlər-MTK təsisçilərinin ümumi yığıncağının qərarını və xx.xx.2007-ci il tarixli müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı olmadığından DƏDRX tərəfindən İddiaçı çıxarış verilməmişdir. İddiaçı həmin sənədlərin təqdim edilməsi öhdəliyini Cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb edir. Lakin, mübahisəli daşınmaz əmlaka dair müvafiq sənədlər cavabdeh tərəfindən iddiaçıya verilməmiş, bununla da cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal keçəsi, 3169-cu məhəllədə inşa olunmuş 100 saylı mənzilə dair MTK təsisçilərinin ümumi yığıncağının qərarını və xx.xx.2007-ci il tarixli müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal keçəsi, 3169-cu məhəllədə inşa olunmuş ümumi sahəsi 108,17 kv.m olan 100 saylı mənzilə dair Cavabdeh MTK-nın təsisçilərinin ümumi yığıncağının qərarı və xx.xx.2007-ci il tarixli müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar