Məhkəmə qərarları › İş №2(005)-723/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-723/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-723/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı X3, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X13 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “mənzil alqı-satqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “mənzil alqı-satqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanaraq Bakı şəhəri 19 saylı notariat kontorunda Reyestrdə 4Ə-188№ ilə qeyd edilmiş 07 may 2019-cu il tarixli, AN-1 № ******* saylı mənzil alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, ona mülkiyyət hüququ əsasında məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən 74 saylı evin 59 saylı mənzilini iddiası üzrə 3-cü şəxs X18 ilə (sabiq h/yoldaşı) birgə nikah dövründə əldə etmişdir. Ailə münasibətləri pozulduğuna görə həmin mənzili satmaq qərarına gəlmiş və bu məqsədlə də X18 (iddiası üzrə üçüncü şəxs), şəxsən özünün tanışı olan Cavabdeh1 (iddiası üzrə 1-ci cavabdeh) alıcı qismində ona təqdim etmişdir. Bu məqsədlə də onlar görüşüb-danışaraq mənzili alqı-satqı etmək barədə sövdələşmişlər. Həmin sövdələşməyə əsasən ümumi sahəsi 108,4 kv.m olan 4 otaqlı tam təmirli mənzilin qiymətini 240.000 (iki yüz qırx min) manata razılaşmışlar ki, Cavabdeh1 tərəfindən həmin məbləğin tən yarısı, yəni 120.000 (yüz iyirmi min) manatı ona, 120.000 (yüz iyirmi min) manatı isə öz aralarındakı tanışlıq münasibətlərinə görə müqavilədən kənar olaraq X12 ödənilməli idi (yəni həmin məbləğin nə vaxt və hansı qaydada veriləcəyini tərəflər qarşılıqlı münasibət əsasında özləri müəyyən etmişlər). Odur ki, Cavabdeh1 ona çatacaq məbləğdən 15.000 manatı əvvəlcədən beh olaraq vermiş, qalan 105.000 (yüz beş min) manata isə Bakı şəhəri 19 saylı notariat kontorunda mənzilin alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər ki, bu barədə aralarında 07 may 2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanaraq Reyestrdə 4Ə- 188№ ilə qeyd edilmişdir. Lakin bu yaxınlarda Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən ünvanına daxil olmuş bildirişdən ona məlum olmuşdur ki, hazırki iddiası üzrə 3-cü şəxs X18, həmin məhkəmədə ona qarşı “Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ” tələbinə dair iddia qaldırmışdır ki, həmin iddinın predmetinin bir hissəsini yuxarıda göstərilən alqı-satqı müqaviləsi üzrə əldə etdiyi 120.000 (yüz iyirmi min) manatın 1/2 hissəsi (yəni yarısı) yarısı təşkil edir. X18 ilə danışıqları zamanı o, Cavabdeh1 ilə aralarında üçtərəfli qaydada şərtləşdirilmiş 120.000 (yüz iyirmi min) manatın ona verilmədiyini, Cavabdeh1 ilə danışıqları zamanı isə o, əksinə, həmin məbləği X12 verdiyini bildirmişdir. Odur ki, o, Cavabdeh1 xəbərdarlıq (pretenziya) məktubu göndərərək həmin məktubla müqavilə bağlanmazdan əvvəl şərtləşdirilmiş 120.000 (yüz iyirmi min) manatın X12 verdiyini təsdiq edən hər hansı bir sənədin ona təqdim edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir ki, həmin məktub “Operativ express” kuryer xidməti tərəfindən 21.08.2020-ci il tarixdə Cavabdeh1 bilavasitə təqdim edilmişdir. Lakin həmin məktubuna Cavabdeh1 tərəfindən heç bir cavab verilməmiş, habelə yuxarıda göstərilən pulun verildiyini təsdiq edən hər hansı bir sübut onun tərəfindən ona təqdim edilməmişdir. Baş verənlərdən belə başa düşmüşdür ki, yuxarıda göstərilən alqı-satqı müqaviləsi aldatma yolu bağlanmışdır ki, belə olan halda həmin müqavilə və onun hüquqi nəticələri etibarsız sayılmalı, göstərilən mənzil onun mülkiyyətinə qaytarılmalıdır. Göstərilən hallara və xüsusatlara əsasən hesab edir ki, məsələ məhkəmə qaydasında həll edilməli, Bakı şəhəri 19 saylı notariat kontorunda Cavabdeh1 ilə aralarında bağlanaraq Reyestrdə 4Ə-188№ ilə qeyd edilmiş 07 may 2019-cu il tarixli, AN-İ № ******* saylı mənzil alqı-satqı müqaviləsi və onun hüquqi nəticələri etibarsız hesab edilməli, tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X6, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1nın nümayəndəsi və vəkili X23 iddia tələbini qəbul etməyərək, iddia tələbi ilə bağlı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 19 saylı Notariat Kontoruna qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi və X18 üçüncü şəxs qismində mülki işə cəlb edilməklə Cavabdeh1 ilə İddiaçı arasında Bakı Şəhəri 19 saylı Notariat Kontorunda 40-188 reyestr nömrəli, AN-İ seriyalı, ******* saylı, 07 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 İddiaçı uzun müddətdir ki, tanıyır. Cavabdeh1 münasib qiymətə düşən əmlakları alıb sonradan satışını təşkil edir. İddiaçı 2019-ci ilin aprel ayında Cavabdeh1 bildirmişdir ki, o, arvadı hazırkı mülki iş üzrə üçüncü şəxs X18 ilə ümumi razılıq əsasında ayrılmışlar, bu məqsəd ilə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin, 59 nömrəli mənzilini və "HYUNDAİ İX-35” markalı, 99- FJ-902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmişlər və münasib qiymətə əmlakları Cavabdeh1 tərəfindən alaınması təklifini etmişdir. Cavabdeh1 isə təklilə yekun qərar verib İddiaçı məlumat verəcəyini bildirmişdir. Cavabdeh1 qərara gəldikdən sonra ilk olaraq yəni 14 aprel 2019-cı il tarixdə "HYUNDAİ İX-35" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı iştirakı ilə dəyərini ona ödəməklə X18 ilə aralarında bağlanmış və 07 may 2019-cu il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 74 saylı evin, 59 nömrəli mənzilini İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 120.000,00 (bir yüz iyirmi min) manata almışdır. Sonradan Cavabdeh1 məlum olmuşdur ki, İddiaçı ilə üçüncü şəxs X18 arasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin, 59 nömrəli mənzilinə və "HYUNDAİ İX-35" markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair məhkəmə mübahisələri vardır. Hazırkı mülki işlə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 İddiaçı və üçüncü şəxs X7 əmlakları alarkən hər ikisinin iştirakı, razılığı ilə almış və əmlakların dəyərini İddiaçı tam ödəmişdir. Bu səbəbdən Cavabdeh1 hər iki əmlaka münasibətdə vicdanlı alıcıdır. Yuxarıda qeyd olunan hallar, Bakı Apelyasiya Məhkəməsin 2(103)-1591/2021 saylı, 17 fevral 2021 -ci il tarixli qətnaməsi ilə öz təsbitini tapmışdır. Digər tərəfdən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 432/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə hazırkı mülki iş üzrə mübahisələndirən mənzilin dəyərinin 120.000,00 (bir yüz iyirmi min) manata satılması öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan maddi hüquq normasının məzmundan çıxış edərək məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırkı mübahisələndirilən müqavilə üzrə tərəflər müqavilə azadlıq prinsipindən çıxış edərək razılaşdırılmış qiymət əsasında əqd bağlamışlar, mənzilin razılaşdırılmış qiymətinin real bazar dəyərindən yuxarı və ya aşağı olaraq satılması alqı-satqı müqaviləsinin aldatılma yolu ilə bağlandığına dəlalət etmir. "T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıclı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən b.ri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqd i bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. "T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, aldatma səbəbi ilə əqd in etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin üsularından biri də aldatmadır. Aldatma özünü təkcə mülki münasibətlərdə deyil, həmçinin cinayət münasibətlərində bürüzə verən hüquqi faktdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, güya Cavabdeh1 onu aldatmış və həmin aldatmanın hüquqi əsası kimi Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinad etmişdir. İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan maddi hüquq normalara istinad etməsinə baxmayaraq iddiaçı cavabdeh ilə bağladığı alqı-satqı müqaviləsinin aldatma yolu baş verdiyini əsaslandıran halların nədən ibarət olmasını qeyd etməmişdir. 'T.Qasımovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Tərəflər arasında alqı-satqı müqaviləsi (yazılı əqd) 07 may 2019-cu il tarixdə bağlanmasına baxmayaraq, İddiaçı tərəfindən yazılı əqd 19 noyabr 2020-ci il tarixdə məhkəmə qaydasında mübahisələndirilmiş, bu isə o deməkdir ki, yazılı əqd İddiaçı tərəfindən 1 il, 6 altı ay, 12 gün sonra kəsici müddətin keçdikdən sonra mübahisələndirilmişdir. Digər tərəfdən, İddiaçı Cavabdeh1 ünvanlanmış olduğu xəbərdarlıq məktubunda qeyd edir ki, mənzilin qiymətinə dair onlar arasında razılaşma olmuş, iddia ərizəsində isə qeyd edir ki, həmin razılaşma üç tərəfli olmuş və bu razılaşmaya əsasən Cavabdeh1 hansısa əlavə məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 mənzilin alqı-satqısı ilə bağlı razılaşması yalnız İddiaçı ilə olmuş, çünki mənzilin dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi yalnız İddiaçı qeyd olunmuşdur. Həmin razılaşma tərəflərin yəni İddiaçı və Cavabdeh1 Forman oğlunun iradə ifadəsi ilə sonda alqı-satqı müqaviləsində öz əksini tapmışdır. Bundan başqa, həmin xəbərdarlıq məktubunda İddiaçı Cavabdeh1 tərəfindən onun aldadılması yox, guya hansısa razlaşmaya əsasən Cavabdeh1 tərəfindən öhdəliyin tam icra etmədiyi səbəbindən alqısatqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Sonradan, İddiaçı tərəfindən məhkəmə ünvalanmış olduğu iddia ərizəsindən Cavabdeh1 məlum olmuşdur ki, İddiaçı xəbərdarlıq məktubundan göstərilən hallardan tam fərqli əsaslar ilə yəni alqı-satqı müqaviləsinin onun ilə aldatma yolu ilə bağlanmasına istinad edərək alıqsatqı müqaviləsinin etibarsızlığını məhkəmədən tələb etmişdir. Göründüyü kimi İddiaçı iddia etdiyi dəlilləri ilə özü də tam aydın müəyyən edə bilməmişdir ki, o şəratin əhəmiyyətli dəyişməsi və ya aldatma yolu ilə müqavilə bağlanması səbəbindən alıqı-satqı müqaviləsinin ləğvini və ya etibarsızlığını istəyir ? Qısa olaraq, belə aydın olur ki, iddiaçı özü belə nə istədyi iddia ərizəsində aydın deyil. Digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, Bakı şəhər 19 saylı Dövlət Notariat Kontoru məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında işlərinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-cü maddələrinə əsasən digər cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir: AN-İ seriyalı, ******* nömrəli, 07.05.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.4 kv.m, yaşayış sahəsi 64.6 kv.m olan 4 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən Alıcı İddiaçı mülkiyyətinə verir. Alıcı İddiaçı Satıcı İddiaçı satdığı hissəni (108.4 kv.m) ondan 105000 manat 00 qəpik (bir yüz beş min manat sıfır qəpik) qiymətinə aldı. Cavabdeh1 ünvanlanmış 21.08.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki: “ünvan 3 ünvanda yerləşən mənzili AN-1 ******* saylı alıq-satqı müqaviləsinə əsasən Sizə X1 bağlı, vətəndaş X5 mənim keçmiş arvadım X12 120.000 manat pul verməyinizi notariat qaydasnda təsdiq olunmuş sənəd vasitəsi ilə təsdiq etməyinizi və həmin sənədi 5 gün ərzində mənə təqdim etməyinizi təklif edirəm. Əgər təklifdən imtina edilərsə və ya 5 gün müddətində təklilə cavab verilməzsə, onda mən, alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyəm.” “xxxx” MMC tərəfindən tərtib edilmiş MB-13/1241 saylı Qiymətləndirmə Hesabatının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin bazar dəyəri 215000 (iki yüz on beş min) manat təşkil edir. “X28” MMC tərəfindən tərtib edilmiş SEM/A 01-014/21 saylı, 05.04.20121-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin 27.05.2019-cu il tarixə olan bazar dəyəri 218000 (iki yüz on səkkiz min) manat, 05.04.2021-ci il tarixə isə 229500 (iki yüz iyirmi doqquz min beş yüz) manat təşkil edir. Cavabdeh1 Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X14 ünvanlanmış ərizənin surətindən görünür ki : “Biz, İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilin 105000 manat 00 qəpik (bir yüz beş min manat sıfır qəpik) qiymətə alınması barədə razılığa gəlmişik”. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görnür ki, Bakı şəhəri. Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 586-cı məhəllədə istifadəsində olan 0.0884 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 16 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində yerləşən 108.4 kv.m ümumi, 64.6 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 59 nömrəli mənzil taçm mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 9056 nömrəli vərəqində qeydiyyata alınmışdır. X11 və X24 tərəfindən Notariat ofisinə ünvanlanmış 03.05.2019-cu il tarixli ərizənin surətindən görünür ki: “Qeydiyyatda olduğumuz və İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmirik, razıyıq” 07.05.2019-cu il tarixli Məxaric kassa sənədlərinin reyestrindən görünür ki, İddiaçı adına olan xüsusi depozit hesabına 105000 manat məbləğində vəsait köçürülmüşdür. 06.05.2019-cu il tarixli Mədaxil orderinin surətindən görünür ki, Cavabdeh1 105000 manat məbləğində vəsaiti depozit hesabına köçürülməsi üçün “xxxx” ASC İnvest filialına təhvil verdi. Bakı Şəhəri Yasamal Məhkəməsinin 2(004)-432/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı X18 ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri və İddiaçı adına rəsmiləşdirilmiş əmlaklar - “QAZ 3102” markalı, 1992-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı, “QAZ 24” markalı, 1984-cü il buraxılışlı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillər; “xxxx” MMC-dəki 100% təsisçilik payı; Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin 59 nömrəli mənzilinə dair Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X21 tərəfindən 4Ə-188 nömrəli reyestri ilə təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli 07.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı alqı-satqı zamanı bank vasitəsilə ödənilmiş 105.000 manat pul vəsait və nağd şəkildə əvvəlcədən beh kimi ödənilmiş 15.000 manat olmaqla, cəmi 120.000 (yüz iyirmi min) manat pul vəsaiti - iddiaçı X18 və cavabdeh İddiaçı arasında payları bərabər olmaqla bölünsün, onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin 59 nömrəli mənzilin satışından əldə olunmuş 120.000 manat pul vəsaitinin ½( ikidə bir) hissəsi, yəni 60.000 (altmış min) manatı cavabdeh İddiaçı alınaraq iddiaçı X12 ödənilməsi, “QAZ 3102” markalı, 1992-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı, “QAZ 24” markalı, 1984-cü il buraxılışlı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillər açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin ½ (ikidə bir) hissəsi iddiaçı X12 və ½ (ikidə bir) hissəsi cavabdeh İddiaçı verilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1591/2021 saylı, 17.02.2021-ci il tarixli qəttnaməsinə əsasən Apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni, “X15 ilə Cavabdeh1 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X8 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə X10, 1/2 (ikidə bir) hissədə İddiaçı paylarının müəyyən edilməsi” hissəsində ləğv edilməsi, İddiaçı cavabdehlər X18 və Cavabdeh1 qarşı “müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-744/2021 saylı, 17.02.2021-ci il tarixli qəttnaməsinə əsasən, İddiaçı X18 və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmaması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 432/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilərək, cavabdeh İddiaçı həmin mənzilin 240.000 manata alğı-satqısına dair alıcı ilə razılığın olması və mənzilin məhz göstərilən məbləğə satılmasına dair sübutlar təqdim etməklə, müqavilədən irəli gələn öhdəliyin icra edilməmiş hissəsinin icrasının təmin edilməsi məqsədi ilə müqavilə tərəfi olan mənzilin alıcısına qarşı ümumi qaydada məhkəmədə tələb irəli sürmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbi üzrə mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 07.05.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Satıcı tam mülkiyyət hüququ ilə özünəməxsus olanünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.4 kv.m, yaşayış sahəsi 64.6 kv.m olan 4 otaqlı mənzili satıcıya 105000 manata satmışdır. “X28” MMC tərəfindən tərtib edilmiş SEM/A 01-014/21 saylı, 05.04.20121-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin 27.05.2019-cu il tarixə olan bazar dəyəri 218000 (iki yüz on səkkiz min) manat, 05.04.2021-ci il tarixə isə 229500 (iki yüz iyirmi doqquz min beş yüz) manat təşkil edir. İddiaçı bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən 74 saylı evin 59 saylı mənzilini üçüncü şəxs X18 ilə birgə nikah dövründə əldə etmişlər. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, həmin mənzilin satılması ilə bağlı üçüncü şəxs J.Hüseynovanın tanışı olan Cavabdeh1 ilə mənzili alqı-satqı etmək barədə sövdələşmişlər. Həmin sövdələşməyə əsasən mənzilin qiymətini 240.000 manata razılaşmışlar ki, Cavabdeh1 tərəfindən həmin məbləğin yarısı, ona, qalan yarısı isə öz aralarındakı tanışlıq münasibətlərinə görə müqavilədən kənar olaraq X12 ödənilməli idi. Daha sonra iddiaçıya Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü”nə dair iddia tələbi üzrə bildirişdən sonra məlum olmuşdur ki, alqı-satqı müqaviləsi aldatma yolu bağlanmışdır və belə olan halda həmin müqavilə və onun hüquqi nəticələri etibarsız sayılmalı, göstərilən mənzil onun mülkiyyətinə qaytarılmalıdır. Cavabdeh isə iddianı qəbul etməyərək, alqı-satqı müqaviləsinin qanunvericiliyin normalarına uyğun olaraq bağlandığını, habelə iddiaçının əqdi mübahisələndirmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş kəsici müddətləri ötürdüyünü bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.12.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü İddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin 240000 manata satılması barədə cavabdeh ilə sövdələşməsinə dair, habelə mənzilin cavabdeh tərəfindən həmin məbləğin yarısının iddiaçıya, digər yarısının müqavilədənkənar olaraq üçüncü şəxs J.Hüseynovaya ödənilməli olduğu ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və 07.05.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetməmişdir. İddiaçı mənzilin real qiyməti, mənzilin alıcısı olan cavabdeh ilə aparılmış danışıqlara dair qanunsuz yolla əldə olunmuş səs yazısına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin məlumatlar sübutların mümkünlüyü baxımından, mötəbər sübut olmamaqla, iddiaçının iddia ərizəsinin dəlilləri üzrə izahatlarının təsdiqi kimi çıxış edə bilməz. Göründüyü kimi alqı-satqı müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Bundan başqa məhkəmə cavabdeh tərəfin iddia tələblərinə etirazı kimi istinad etdiyi kəsici müddətin keçməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur. Bu baxımdan məhkəmə cavabdehin iddia tələbinə etirazının həmin hissəsinə münasibətdə qeyd edir ki, əlavə olaraq hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa qiymətləndirmə ekspertizasının dəyəri olan 150 manat pul iddiaçıdan tutularaq “X28” MMC-nin hesabına köçürülməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “mənzil alqısatqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “mənzil alqı-satqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməsin. İddiaçı qiymətləndirmə ekspertizasının dəyəri 150 manat tutulsun və “X28” MMC-nin (VOEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 hesabına ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar